Rusiyada fabrik işçisinin bank hesabına texniki səhv nəticəsində 7,1 milyon rubldan çox vəsait köçürülüb. Pulu ilin sonu mükafatı hesab edən işçi avtomobil alıb, ailəsi ilə birlikdə başqa şəhərə köçüb. Məhkəmələr şirkətin xeyrinə qərar versə də, işçi məsələ ilə bağlı Rusiya Ali Məhkəməsinə müraciət edib.
Demokrat.az metbuat.az-a istinadən xəbər verir ki, fabrikdə çalışan Vladimir Riçaqovun bank hesabına ona çatmalı olan məzuniyyət ödənişindən əlavə, səhvən 7 milyon 112 min 254 rubl köçürülüb.
Sonradan həmin məbləğin şirkətin digər filialında çalışan 34 işçinin əməkhaqqından ibarət olduğu müəyyənləşib. İlkin məlumata görə, ödəniş proqram təminatındakı texniki xəta səbəbindən yanlış hesaba yönləndirilib.
Riçaqov hesabına böyük məbləğdə pul köçürüldüyünü gördükdə bunun şirkət tərəfindən verilən mükafat olduğunu düşünüb. Fabrikdə uğurlu iş ilindən sonra əməkdaşlara yüksək məbləğdə bonus ödəniləcəyi ilə bağlı yayılan söz-söhbətlər də onun bu qənaətə gəlməsinə səbəb olub.
Lakin şirkətin mühasibatlıq şöbəsi onunla əlaqə saxlayaraq köçürmənin səhvən həyata keçirildiyini bildirib və vəsaitin geri qaytarılmasını tələb edib.
Riçaqov isə internetdə apardığı araşdırmalardan sonra texniki səhv nəticəsində köçürülən pulu geri qaytarmağa borclu olmadığı qənaətinə gəldiyini deyib. O, bank bildirişində ödənişin əməkhaqqı kimi göstərilməsini də öz mövqeyinə əsas kimi irəli sürüb.
Şirkətin geri ödəniş tələbinə baxmayaraq, işçi pulu qaytarmaqdan imtina edib. O, vəsaitin bir hissəsi ilə avtomobil alaraq ailəsi ilə birlikdə başqa şəhərə köçüb.
Bundan sonra şirkət məsələni hüquqi müstəviyə daşıyıb. Məhkəmə prosesi çərçivəsində Riçaqovun bank hesablarına da məhdudiyyət qoyulub.
İşə baxan birinci instansiya və apellyasiya məhkəmələri şirkətin mövqeyini haqlı hesab ediblər. Məhkəmələr Riçaqovun həmin dövr üçün işəgötürəndən bu məbləğdə ödənilməmiş əməkhaqqı tələbinin olmadığını nəzərə alaraq, köçürülən 7 milyon rubldan artıq vəsaitin əməkhaqqı sayıla bilməyəcəyinə qərar veriblər.
İşçinin şikayəti növbəti mərhələdə də təmin edilməyib. Bundan sonra o, işə Rusiya Ali Məhkəməsində baxılması üçün müraciət edib. Məlumata görə, şikayət araşdırılmaq üçün qəbul edilib.
Şirkət rəhbərliyi isə ödənişin mükafat olmadığını, texniki səhv nəticəsində baş verdiyini və vəsaitin geri qaytarılması üçün hüquqi mübarizəni davam etdirəcəklərini bildirib.


