Azərbaycanda vəfat edən şəxsin dəfni ilə bağlı xərcləri qarşılamaq üçün birdəfəlik müavinət nəzərdə tutulub. Lakin bu ödəniş hər vəfat edən şəxsin ailəsinə verilmir və müəyyən şərtlər əsasında təyin olunur.
Bəs dəfn müavinəti kimlərə düşür, hansı hallarda ödənişdən imtina edilə bilər və bu hüquqdan yararlanmaq üçün hansı tələblər yerinə yetirilməlidir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib ki, qanunvericiliyin tələblərinə görə dəfn üçün birədəfəlik müavinət Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.

Onun sözlərinə görə, dövlət qulluqçularından ömürlük müavinət təyin edilmişlər şəxslər, yaşa görə müavinət alanlar, əlilliyə görə müavinət alanlar, ailə başçısını itirməyə görə müavinət alanlar, işsizlikdən sığorta ödənişini alan şəxslər, hazırda işləyən şəxslər sığortaolunanlar vəfat etdikdə onların dəfn xərcini çəkmiş şəxslərə 600 manat məbləğində dəfn üçün birdəfəlik müavinət ödənilir:
"Əmək pensiyaçıları isə vəfat etdikdə onun dəfn xərcini çəkmiş şəxsə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin (hazırda 320 manat) üç misli məbləğində (hazırda 960 manat) dəfn üçün müavinət verilir.
Dəfn üçün birdəfəlik müavinət müraciət tarixindən asılı olmayaraq, vəfat etmiş şəxsin vəfat etdiyi tarixdə həmin sosial ödəniş üzrə müəyyən edilmiş məbləğlərə uyğun olaraq ödənilir".


