YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Maşının üstünə binadan əşya düşərsə zərəri kim ödəyəcək? — Qanun

Maşının üstünə binadan əşya düşərsə zərəri kim ödəyəcək? — Qanun

Avtomobilin üzərinə qonşunun həyətindən və ya evindən hər hansı əşyanın düşməsi nəqliyyat vasitəsinə ciddi maddi ziyan vura bilər. Belə hallarda sürücülər dəymiş zərərin kim tərəfindən qarşılanmalı olduğu və kompensasiyanın hansı qaydada tələb edilə biləcəyi ilə bağlı suallarla üzləşirlər.

Bəs bu cür hadisələrdə məsuliyyət kimin üzərinə düşür və zərərçəkən sürücü hüquqlarını necə qoruya bilər?

Vəkil Vüsalə Muradxanlı Demokrat.az-a açıqlamasında bildirib ki, qonşunun həyətindən, balkonundan, damından və ya evindən hər hansı əşyanın avtomobilin üzərinə düşərək zərər vurması halında məsuliyyət Mülki Məcəllənin zərərvurma nəticəsində yaranan öhdəliklərlə bağlı normaları əsasında müəyyən edilir.

Maşının üstünə binadan əşya düşərsə zərəri kim ödəyəcək? — Qanun

Onun sözlərinə görə, ümumi prinsip ondan ibarətdir ki, mülki hüquq pozuntusu nəticəsində şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran şəxs tərəfindən tam həcmdə ödənilməlidir:

"Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə görə, məsuliyyətin yaranması üçün, bir qayda olaraq, hüquqazidd hərəkət və ya hərəkətsizlik, zərər, səbəbli əlaqə və təqsir müəyyən edilməlidir. Ali Məhkəmə də delikt məsuliyyətində əsas qaydanın təqsirli məsuliyyət olduğunu vurğulayır. Mülki Məcəllənin 1096 və 1097-ci maddələri delikt məsuliyyətinin ümumi əsaslarını müəyyən etsə də, binadan əşyanın atılması, düşməsi və ya axıdılması nəticəsində vurulmuş zərərə görə məsuliyyət məsələsi həmin Məcəllənin 1111.2-ci maddəsində nəzərdə tutulmuş xüsusi norma əsasında həll edilməlidir. Bu normaya əsasən, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna olmaqla, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır.

Birinci hal, əşyanın konkret şəxsin təqsiri nəticəsində avtomobilin üzərinə düşməsidir. Məsələn, qonşu balkonunda ağır əşyanı təhlükəli vəziyyətdə saxlayıbsa, konstruksiyanı bərkitməyibsə və ya əvvəlcədən təhlükə yaratdığı məlum olan predmetlə bağlı tədbir görməyibsə, onun hərəkətsizliyi ilə avtomobilə dəyən zərər arasında səbəbli əlaqə müəyyən edilərsə, zərərin ödənilməsi həmin şəxsdən tələb oluna bilər. İkinci hal zərər binanın ümumi əmlakından qaynaqlanmasıdır.

Dam örtüyü, fasad elementi, ümumi konstruksiya və ya digər ümumi hissə avtomobilə düşübsə, məsuliyyət həmin əmlakın saxlanmasına və təhlükəsiz vəziyyətdə qorunmasına cavabdeh olan şəxs və ya qurum baxımından araşdırılır. Paylı ümumi mülkiyyətlə bağlı Mülki Məcəllənin 217-ci maddəsi ümumi əmlakın saxlanması və qorunması xərclərində mülkiyyətçilərin iştirakını nəzərdə tutur.

Üçüncü hal zərəri üçüncü şəxs törətməsidir. Əgər əşyanı qonaq, işçi, təmir aparan şəxs və ya başqa üçüncü şəxs atıb və ya düşməsinə səbəb olubsa, ilkin olaraq məsuliyyət həmin şəxsin hərəkətinə görə müəyyən edilə bilər. Əgər bu şəxs əmək vəzifəsini yerinə yetirərkən zərər vurubsa, işəgötürənin məsuliyyəti məsələsi də yarana bilər. Əşyanın qonaq, işçi, təmir aparan şəxs və ya digər üçüncü şəxs tərəfindən atılması, yaxud onun hərəkəti nəticəsində düşməsi halında, həmin şəxsin zərərvuran kimi məsuliyyəti ilə yanaşı, Mülki Məcəllənin 1111.2-ci maddəsində müvafiq otağı tutan şəxs üçün nəzərdə tutulmuş məsuliyyət də nəzərə alınmalıdır. Üçüncü şəxsin zərərin vurulmasında iştirak etməsi həmin maddədə ayrıca məsuliyyətdən azadolma əsası kimi müəyyən edilməmişdir. Zərər əmək vəzifələrinin icrası zamanı vurulduqda isə Məcəllənin 1099-cu maddəsinə uyğun olaraq işəgötürənin məsuliyyəti məsələsi də qiymətləndirilməlidir.

Dördüncü hal qarşısıalınmaz qüvvə olmasıdır. Güclü fırtına və ya əvvəlcədən qarşısı alınması mümkün olmayan fövqəladə hadisə baş veribsə, bu, məsuliyyətdən azad etmə üçün əsas ola bilər. Amma cavabdeh göstərməlidir ki, zərərin qarşısının alınması üçün ondan gözlənilən normal təhlükəsizlik tədbirlərini görmüşdü. Ali Məhkəmə də göstərir ki, bəzi hallarda cavabdeh səbəbli əlaqənin kəsilməsini və ya zərərin qarşısıalınmaz qüvvə nəticəsində baş verdiyini sübut etməklə məsuliyyətdən azad ola bilər. Ali Məhkəmə Plenumunun "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" 24 dekabr 2025-ci il tarixli 20 nömrəli Qərarının 4.30-cu bəndində təqsirsiz məsuliyyət hallarına münasibətdə izah edilmişdir ki, cavabdeh səbəbli əlaqənin kəsilməsini və ya zərərin qarşısıalınmaz qüvvənin təsiri nəticəsində yaranmasını sübuta yetirməklə məsuliyyətdən azad ola bilər. Beşinci hal zərərçəkənin öz davranışı da zərərə təsir etməsidir.

Məsələn, avtomobil təhlükəli zonada, xəbərdarlıq nişanına baxmayaraq və ya aşkar risk olan yerdə saxlanılıbsa, bu hal zərərin yaranmasına və ya artmasına təsir edən amil kimi məhkəmə tərəfindən nəzərə alına bilər. Zərərin ödənilməsi məsələsində sürücünün əsas vəzifəsi sübutları toplamaqdır. Hadisə yeri, avtomobilin zədələnmiş hissələri, düşən əşya, bina və ya həyət foto-video ilə qeydə alınmalı, şahidlər müəyyən edilməli, kamera görüntüləri qorunmalı və zərərin məbləği ekspertiza, servis rəyi və ya təmir smetası ilə təsdiqlənməlidir.

Əgər məsul şəxs zərəri könüllü ödəmirsə, avtomobil sahibi məhkəməyə müraciət edərək real zərərin tam ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzi həm naturada məsələn, zədələnmiş əşyanın təmiri yolu ilə, həm də pul şəklində ödənilə bilər. Belə hallarda məsuliyyəti müəyyən etmək üçün əşyanın nədən düşdüyü, kimə məxsus olduğu, hadisənin qarşısının alınıb-alına bilməyəcəyi və avtomobilə dəymiş ziyanın məbləği nəzərə alınır".