Bakıda torpaq sahələrinin qiyməti ərazidən, infrastruktura yaxınlıqdan, nəqliyyat imkanlarından və bazardakı tələb-təklif nisbətindən asılı olaraq dəyişir. Torpaq sahələrinə tələbatın artması və yeni tikinti layihələri üçün uyğun ərazilərin məhdudluğu da qiymətlərə təsir göstərir.
Bəs torpaq sahələrinin bahalaşmasına daha çox hansı amillər səbəb olur və yaxın illərdə Bakının hansı ərazilərində qiymət artımının daha sürətli olması gözlənilir?
Əmlak eksperti Firdovsi Xəlilov Demokrat.az-a açıqlamasında bildirib ki, torpaq sahələrinin qiymət artımı təkcə Azərbaycanda deyil, ümumiyyətlə, qlobal miqyasda müşahidə olunan tendensiyadır.

Onun sözlərinə görə, bunun da əsas səbəbi torpağın məhdud resurs olmasıdır:
"Müxtəlif hesablamalara görə, yer kürəsinin quru ərazisinin cəmi 0,6–1 faizi faktiki tikililərlə örtülüdür. Əlbəttə, bu o demək deyil ki, qalan geniş ərazilərdə istənilən yerdə şəhər salmaq mümkündür. Bunun üçün ilk növbədə infrastruktur olmalıdır. Su, qaz, elektrik enerjisi, kanalizasiya, yollar, ictimai nəqliyyat və digər kommunikasiyalar yaşayış məntəqələrinin formalaşmasını şərtləndirən əsas amillərdir.
Bakıya gəldikdə isə nəzərə almalıyıq ki, şəhər yarımadada yerləşir və həm coğrafi mövqeyi, həm də relyefi baxımından genişlənmə imkanları müəyyən qədər məhduddur. Üstəlik, yaşayış məntəqələri təyinatlı torpaqların özünün də arealı məhduddur. Son illərdə çoxmənzilli yaşayış binalarının qiymətlərində müşahidə olunan artım fonunda vətəndaşların bir hissəsi fərdi yaşayış evlərinə və torpaq sahələrinə yönəlir. Bu da onsuz da məhdud olan torpaqlara tələbi artırır və nəticədə qiymətlər yüksəlir.
Hansı ərazilərdə daha çox bahalaşma gözlənilməsinə gəldikdə isə, mən hesab edirəm ki, torpaq almazdan əvvəl bir məsələni dəqiqləşdirməliyik: biz bu torpağı yatırım məqsədilə alırıq, daimi yaşamaq üçün alırıq, yoxsa bağ evi tikmək üçün?
İnvestisiya baxımından ilk növbədə Bakının 2040-cı ilədək olan Baş Planına diqqət yetirməyi tövsiyə edərdim. Çünki həmin planda Bakının çoxmərkəzli şəhər kimi inkişafı nəzərdə tutulur. Yəni gələcəkdə şəhərin iqtisadi və sosial həyatı yalnız bir mərkəzdə cəmləşməyəcək, müxtəlif istiqamətlərdə yeni mərkəzlər və alt-mərkəzlər formalaşacaq. Məncə, məhz həmin mərkəzlərə yaxın, yaxud onlarla rahat nəqliyyat əlaqəsi olan ərazilərin uzunmüddətli perspektivdə bahalaşma potensialı daha yüksəkdir.
Amma burada bir incəlik var. Baş Planda hansısa yolun, nəqliyyat xəttinin və ya infrastruktur layihəsinin nəzərdə tutulması onun sabah tikiləcəyi demək deyil. İnvestor həmin layihələrin nə dərəcədə real olduğunu, icra müddətini də nəzərə almalıdır.
Əgər torpağı özümüz yaşamaq üçün alırıqsa, burada yanaşma bir qədər fərqli olmalıdır. İlk növbədə ailə üzvlərimizin gündəlik istifadə etdiyi ərazilərə, iş yerinə, məktəbə və digər sosial obyektlərə yaxınlığına diqqət yetirməliyik. Yaxud ən azından həmin ərazilərə birbaşa, bir marşrutla rahat gedib-gəlmək mümkün olmalıdır.
Məsələn, şəhər mərkəzindən 15 kilometr məsafədə yerləşən, amma nəqliyyat əlaqəsi zəif olan torpaq, 25 kilometr uzaqda yerləşən, lakin rahat nəqliyyat və infrastruktura malik torpaqdan daha az əlverişli ola bilər.
Bu baxımdan, xüsusilə ekonom seqmentdə Masazır, Xırdalan, Mehdiabad, Binəqədi qəsəbəsi kimi şəhərətrafı ərazilərə maraq müşahidə olunur.
Torpaq seçərkən yalnız qiymətinə və yerləşməsinə baxmaq da doğru deyil. Ərazinin relyefini, yağış sularının axınını, sel və subasma risklərini, kanalizasiya və digər kommunikasiyaların mövcudluğunu da araşdırmaq lazımdır. Çünki ucuz aldığımız torpaq sonradan əlavə infrastruktur və tikinti xərcləri səbəbindən bizə daha baha başa gələ bilər.
Digər mühüm məsələ torpağın hüquqi statusudur. Çıxarışının olub-olmamasına, çıxarışı varsa, torpağın təyinatına və həmin ərazidə fərdi yaşayış evi tikintisinə icazə verilib-verilməməsinə mütləq diqqət yetirilməlidir. Sənədin mövcudluğu hələ o demək deyil ki, həmin torpaqda istənilən təyinatlı tikinti aparmaq mümkündür. Bu məsələləri əvvəlcədən yoxlamaq lazımdır.
Üçüncü kateqoriya isə bağ sahələridir. Burada artıq meyarlar dəyişir. Ərazinin havası, relyefi, yaşıllığı, istirahət üçün əlverişliliyi və sıx məskunlaşmış yaşayış məntəqələrindən nisbətən uzaqda olması daha çox əhəmiyyət daşıyır.
Məsələn, Masazır, Xırdalan və Mehdiabad kimi ərazilər daimi yaşayış üçün münasib alternativlər sayılsa da, mən onları bağ evi üçün ilk seçim hesab etməzdim. Bağ seqmentində, xüsusilə premium kateqoriyada Mərdəkan, Bilgəh, Novxanı kimi ərazilər daha çox ön plana çıxır. Əlbəttə, bu ərazilərin öz daxilində də yerləşməyə və infrastruktura görə ciddi qiymət fərqləri mövcuddur.
Ümumilikdə yaxın illərdə Bakıda torpaq qiymətlərinin artımına təsir edən əsas amillər şəhərin genişlənmə istiqamətləri, yeni iqtisadi mərkəzlərin formalaşması və nəqliyyat infrastrukturunun inkişafı olacaq.
Yəni torpağın gələcək qiymətini yalnız bu gün şəhər mərkəzindən neçə kilometr məsafədə yerləşməsi deyil, sabah şəhərin iqtisadi və sosial həyatına nə dərəcədə inteqrasiya olunacağı müəyyən edəcək".


