Finlandiya subay insanlara potensial həyat yoldaşları ilə tanış olmaq imkanı yaradan qeyri-adi turizm layihəsinə start verib. Proqram çərçivəsində 16 əcnəbi dörd günlük qastronomik səyahətə qatılacaq və bütün xərclər təşkilatçılar tərəfindən qarşılanacaq.
Demokrat.az xəbər verir ki, bu barədə "Time Out" nəşri məlumat yayıb.
"Visit Finland" turizm təşkilatının təşəbbüsü ilə həyata keçiriləcək layihə 2027-ci il fevralın 9-dan 19-dək baş tutacaq. İştirakçılar səkkiz nəfərlik iki qrupa bölünərək Helsinki və ya Tampere şəhərlərinə səfər edəcəklər. Hansı şəhərə gedəcəkləri isə iştirakları təsdiqlənənədək sirr saxlanılacaq.
Proqramın əsas hissəsini müxtəlif qastronomik tədbirlər və əvvəlcədən tanımadıqları insanlarla şam yeməyi təşkil edəcək. Görüşlərə Finlandiyanın subay sakinləri də qoşulacaq. Menyular isə tanınmış fin aşpazları tərəfindən hazırlanacaq.
Layihənin məqsədi əcnəbilərə həm Finlandiya mətbəxini tanıtmaq, həm də romantik münasibət qurmaq üçün fürsət yaratmaqdır. "Business Finland"ın beynəlxalq marketinq üzrə baş direktoru Gelli Ximenes bildirib ki, bu səyahət iştirakçılar üçün yeni imkanlar aça bilər və onların bəziləri burada sevgisini tapa bilər.
Müraciət etmək istəyənlər ingilis dilində qısa video hazırlamalıdırlar. Videoda romantik şam yeməyi üçün hansı yeməyi hazırlayacaqları və bunun səbəbi izah edilməlidir. Çarx "Instagram", "TikTok" və ya "YouTube" platformalarında #FinnishDinnerDate həştəqi ilə paylaşılmalı və "Visit Finland" hesabı qeyd edilməlidir. Daha sonra FinnishDinnerDate.com saytında anket doldurularaq videonun linki təqdim olunmalıdır.
Müraciətlərin qəbulu noyabrın 10-da başa çatacaq. Seçilən iştirakçıların adları isə dekabrın 1-də "Visit Finland"ın sosial şəbəkə hesablarında açıqlanacaq.
Jalə


