"Enerji içkilərinin tərkibindəki stimullaşdırıcı maddələrin kofeinlə birləşməsi uşaqlar və yeniyetmələr üçün təhlükəni daha da artırır."
Bu fikri "SberZdorovye" tibb şirkətinin pediatrı Dmitri Kazakov "lenta.ru"ya açıqlamasında səsləndirib.
Həkimin sözlərinə görə, enerji içkiləri ürək-damar sisteminə mənfi təsir göstərərək ürək döyüntüsünü sürətləndirə, qan təzyiqini yüksəldə və ürək ritmini poza bilər. O bildirib ki, bu içkilərin idman məşqlərindən əvvəl qəbul edilməsi ürəyə düşən yükü daha da artırır.
Kazakov qeyd edib ki, enerji içkiləri yuxu pozuntularına səbəb olmaqla yanaşı, yeniyetmələrdə diqqət və yaddaş kimi koqnitiv qabiliyyətlərə də mənfi təsir göstərə bilər.
"Enerji içkilərinin tərkibində kofeindən başqa taurin, quarana, L-karnitin və jenşen kimi stimullaşdırıcı maddələr də ola bilər. Onların kofeinlə birləşməsi sinir və ürək-damar sisteminə mənfi təsiri gücləndirə bilər", – deyə pediatr bildirib.
Həkim əlavə edib ki, bu içkilərin tərkibindəki kofein və turşular ürəkbulanma, qusma, qarın ağrısı və ishala səbəb ola bilər. Yüksək şəkər miqdarı isə müntəzəm istifadə zamanı piylənmə, insulinə davamlılıq və ikinci tip diabet riskini artırır.


