Dietoloq və qastroenteroloq Nuriya Dianova 50 yaşdan sonra sağlamlığı qorumaq və ömrü uzatmaq üçün düzgün qidalanmanın vacibliyini vurğulayıb.
Həkim "lenta.ru"ya açıqlamasında bildirib ki, balanslaşdırılmış qidalanma ömrü orta hesabla 25-40 faiz uzada bilər.
"Yetkin yaşda sağlamlığı qorumaq üçün menyunun tərtibində ən sadə qaydalara əməl etmək kifayətdir", – deyə Dianova qeyd edib.
Onun sözlərinə görə, yaş artdıqca orqanizmin enerji ehtiyacı azalır. Buna görə də gündəlik qida rasionunun kaloriliyinə nəzarət edilməli, rafinə edilmiş karbohidratların, un məmulatlarının və həddindən artıq yağlı qidaların istehlakı azaldılmalıdır. Həddindən artıq qidalanma diabet və piylənmə riskini artırır, xroniki xəstəliklərin gedişini ağırlaşdıra bilər.
Dietoloq rasionun əsasını liflə zəngin məhsulların təşkil etməli olduğunu bildirib. Menyuda tərəvəzlər, göyərti, yarpaqlı salatlar, meyvələr, giləmeyvələr və quru meyvələrə yer verilməlidir. Fermentasiya olunmuş qidalar da bağırsaq mikrobiomunun sağlamlığı üçün əhəmiyyət daşıyır.
Dianova "boşqab qaydası"na əməl etməyi də tövsiyə edib. Bu qaydaya əsasən, boşqabın yarısı tərəvəz və göyərtidən, dörddə biri zülallı qidalardan, digər dörddə biri isə mürəkkəb karbohidratlardan ibarət olmalıdır.
Həkim müntəzəm qidalanma rejiminin qorunmasının da vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu, öd durğunluğu və qəbizlik kimi problemlərin qarşısını almağa kömək edə bilər.


