YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

"Qonşu ölkələrlə müqayisədə Azərbaycanda bu məsələ nəzarət altındadır"

Qonşu ölkələrlə müqayisədə Azərbaycanda bu məsələ nəzarət altındadır

"Ölkəmizdə kriminogen vəziyyətin ürəkaçan olmadığını düşünmürəm. Azərbaycanın hüquq-mühafizə orqanları istər Daxili İşlər Nazirliyi, istər Dövlət Təhlükəsizliyi Xidməti, istərsə də prokurorluq orqanları qanunçuluğun keşiyində dururlar. Baş verən hadisələrə dərhal operativ reaksiya verərək cinayətkarları ifşa edir və istintaq orqanlarına təhvil verirlər. Bu halda da Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində iki nəfər həbs edildi. Digər şəxslər isə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən dərhal saxlanılaraq istintaq orqanlarına təhvil verildilər. Bu, hüquq-mühafizə orqanlarının operativ işlədiyini, cinayətkarlığın qarşısının alınması və cinayətkarların vaxtında aşkar edilərək tapılması istiqamətində kifayət qədər peşəkar fəaliyyət göstərdiyini göstərir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, ölkədə kriminogen durumun, kriminal aləmlə əlaqəli şəxslərin və onların ləqəblərinin çoxluğu məsələsinə gəlincə, 20-30 il əvvəllə müqayisədə hazırda iki-üç nəfərdən ibarət dəstələrin və ya mütəşəkkil qrupların sayı xeyli azdır:

"Bu da təbiidir, çünki belə hallar hər bir cəmiyyətdə mövcuddur. Qonşu ölkələrlə, xüsusilə Rusiya ilə müqayisə aparsaq, Azərbaycanda bu məsələ kifayət qədər normal tənzimlənir və nəzarət altındadır. Kriminal dəstələrin sayı da nisbətən azdır.
Amma belə dəstələr yenə də var. Çünki burada insan amili və müxtəlif səbəblər rol oynayır. İşləmək istəməyən, asan yolla pul qazanmağa çalışan, mübahisələri həll etmək adı ilə tərəflərdən müəyyən məbləğdə pul əldə etməyə cəhd göstərən şəxslər və kriminal qruplar var. Kriminal aləmdəki şəxslərin liderlərinə müəyyən titulların verilməsi, adlarının dillərə düşməsi və onların obrazlarının guya gənclər tərəfindən rəğbətlə qarşılanmasına gəlincə, vəziyyət heç də belə deyil. Bugünkü gənclərimiz tamamilə fərqlidirlər. Xüsusilə 44 günlük müharibədən sonra gənclərimizin Vətənə sevgisinin bir daha şahidi olduq. Onların gündəlik həyatda fəaliyyətlərini də izləyir və görürük. Bununla belə, ayrı-ayrı hallarda bəzi gənclərin kriminal aləmin təsiri altına düşməsi də mümkündür.

Ona görə də hesab edirəm ki, müəyyən hüquqi və sosial boşluqları müəyyənləşdirmək lazımdır. Hüquqi baxımdan boşluq görmürəm, amma sosial boşluqlar var. Məsələn, işsizlik səbəbindən bəzi insanlar avara həyat tərzi keçirən şəxslərin, cinayətkar qrupların və ya narkotik vasitələrdən istifadə edən dəstələrin təsiri altına düşə bilirlər. Sosial problemlər, xüsusilə işsizlik həm ali təhsilli, həm də ali təhsili olmayan şəxslər arasında özünü göstərir. İnsanlar ailələrini dolandırmaq üçün çalışsalar da, normal iş tapa bilmədikdə və istədikləri nəticəni əldə edə bilmədikdə, bəziləri bu boşluğun təsiri altına düşərək müəyyən dəstələrin və qrupların əhatəsinə daxil olurlar. Nəticədə onların sonrakı davranışlarında qanun pozuntuları müşahidə oluna bilər. İdeoloji təbliğat da mühüm məsələdir. Azərbaycanda Gənclər Günü qeyd olunur, gənclərə dəstək göstərilir. Lakin hesab edirəm ki, bu dəstək kifayət qədər deyil. Televiziyalarda milli-mənəvi dəyərlərə zidd olan, əxlaqi baxımdan mənfi nümunə hesab edilən şəxslərin müəyyən verilişlər aparmasının qarşısının alınmasını arzulayıram. Belə verilişlərin bir qismi artıq bağlanıb. Qalanlarına da nəzarət edilməli və zərurət yarandıqda onların yayımı dayandırılmalıdır.

Geyimləri, davranışları və savadsızlıqları ilə telekanallarda insanlara nümunə olmağa çalışan şəxslər gənclərin tərbiyəsinə mənfi təsir göstərə bilərlər. Bu cür verilişlərin əvəzinə televiziyalarda gənclərin ideoloji cəhətdən maariflənməsinə, milli adət-ənənələri mənimsəməsinə və əxlaqi dəyərlərə üstünlük verməsinə xidmət edən proqramların sayı artırılmalıdır. Vətəndaş cəmiyyəti nümayəndələri olaraq biz də gənclərin davranışlarına və gələcəyinə yönəlmiş layihələr həyata keçirməli, müxtəlif tədbirlər təşkil etməliyik. Kriminal həyatın ağır nəticələrini, bu həyat tərzinin həm həmin şəxslərin özləri, həm də ailələri və valideynləri üçün hansı fəsadlara səbəb ola biləcəyini göstərən sosial çarxlar, filmlər və verilişlər hazırlanmalı, tədbirlər təşkil edilməli və bunlar gənclər arasında yayılmalıdır.

Təbii ki, bu məsələdə dövlətin dəstəyinə ehtiyac var. Dövlət həm qeyri-hökumət təşkilatlarının, həm də bu cür layihə və ideyaların müəlliflərinin yanında olmalı, onlara dəstək verməlidir.

Mediaya gəlincə, sağlam media hər zaman müsbət nümunələri təbliğ etməlidir. Bununla belə, hesab edirəm ki, mediada da müəyyən boşluqlar var. Məsələn, hadisəni kimin törətdiyi hələ məlum olmadan onun dərhal millət vəkili Arzuxanın oğlu tərəfindən törədildiyi və ya "Arzuxan Əlizadənin oğlu qətl törətdi" kimi başlıqlarla təqdim edilməsi yolverilməz idi.

Hadisə baş verib və hər kəs öz əməlinə görə cavab verməlidir. Lakin qısa müddət sonra məlum oldu ki, qətli törədən şəxslər başqalarıdır. Qətldə iştiraklarına görə iki nəfər həbs edildi, digər şəxslər də hadisədə iştirak etdiklərinə görə saxlanıldılar.
Media da saf və sağlam olmalı, həqiqəti olduğu kimi təqdim etməli, düzgün məlumat yaymalı, sifarişli və qərəzli yazılardan uzaq durmalıdır.

Bununla belə, ümumilikdə medianın Azərbaycan gəncliyinin formalaşmasında və sağlam böyüməsində rolunu müsbət qiymətləndirirəm".