YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Axşamlar ayaqlarda yaranan şişkinlik hansı təhlükəli xəstəliyin əlaməti ola bilər?

Axşamlar ayaqlarda yaranan şişkinlik hansı təhlükəli xəstəliyin əlaməti ola bilər?

Axşam saatlarında ayaq və topuqlarda yaranan şişkinlik ürək problemlərindən xəbər verə bilər. Xüsusilə üç gün ərzində səbəbsiz olaraq iki kiloqram çəki artımı və hər iki ayaqda eyni vaxtda şişkinlik müşahidə edilirsə, kardioloqa müraciət etmək tövsiyə olunur.

Demokrat.az xəbər verir ki, bu barədə rusiyalı terapevt və endokrinoloq Anastasiya Samoylova "Gazeta.Ru" nəşrinə açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, gün ərzində uzun müddət ayaq üstə qalmaq və ya oturmaq nəticəsində maye cazibə qüvvəsinin təsiri ilə aşağı ətraflarda toplanır. Sağlam ürək venoz qanın yenidən ağciyərlərə doğru hərəkətini təmin edir. Lakin ürək əzələsinin yığılma qabiliyyəti zəiflədikdə, orqanizm maye dövranını lazımi səviyyədə tənzimləyə bilmir. Bu hal infarkt, uzunmüddətli yüksək qan təzyiqi və ya kardiomiopatiya ilə əlaqəli ola bilər.

Samoylova qeyd edib ki, ürək mənşəli şişkinlik adətən hər iki ayaqda simmetrik şəkildə yaranır, əvvəlcə pəncə və topuq nahiyəsindən başlayır, sonra baldır boyunca yuxarı yayılır. Şişmiş nahiyəyə barmaqla basdıqda dəridə çökəklik qalması və onun gec aradan qalxması da xarakterik əlamətlərdəndir. Dəri gərginləşə, bir qədər göyümtül rəng ala və toxunduqda sərin hiss edilə bilər.

Böyrək və ürək mənşəli şişkinliyi necə fərqləndirmək olar?

Həkimin izahına görə, şişkinliyin yaranma vaxtı və yerləşdiyi nahiyə onun mümkün səbəbi barədə müəyyən ipucları verə bilər. Böyrəklərlə əlaqəli şişkinlik daha çox səhərlər üz, göz ətrafı və barmaqlarda müşahidə olunur. Ürək mənşəli şişkinlik isə gün ərzində ayaqüstə və ya oturaq vəziyyətdə qaldıqdan sonra, xüsusilə axşam saatlarında daha nəzərəçarpan olur.

Xroniki venoz çatışmazlıq zamanı isə ayaqlarda ağırlıq və gərginlik hissi, yanma, qaşınma, damar ulduzcuqları, genişlənmiş damarlar və topuq ətrafında dərinin tündləşməsi yarana bilər. Bununla belə, yalnız bu əlamətlərə əsaslanaraq şişkinliyin səbəbini dəqiq müəyyən etmək mümkün deyil.

Hansı əlamətlərə xüsusi diqqət yetirilməlidir?

Samoylova bildirib ki, qidalanmada dəyişiklik olmadığı halda üç gün ərzində təxminən iki kiloqram çəki artması orqanizmdə artıq mayenin toplanması ilə əlaqəli ola bilər. Axşam şişkinliyi ilə yanaşı fiziki dözümlülüyün azalması da narahatedici əlamətdir. Məsələn, insan əvvəllər rahat qalxdığı pilləkənləri indi daha yavaş qalxırsa və nəfəsini dərmək üçün dayanmağa məcbur olursa, həkim müayinəsindən keçməlidir.

Mütəxəssis xüsusilə 40 yaşdan yuxarı, azhərəkətli həyat tərzi keçirən insanlara hər səhər eyni vaxtda çəkilərini ölçməyi tövsiyə edib. Onun sözlərinə görə, qısa müddətdə 1,5–2 kiloqramlıq artım, xüsusilə ayaqlarda şişkinliklə birlikdə müşahidə olunarsa, kardioloqa müraciət etmək vacibdir.

Jalə