Bakının Xəzər rayonunda ər-arvadın mübahisəsi məhkəmədə yekunlaşıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonunun Binə qəsəbəsində baş verib.
1987-ci il təvəllüdlü Loğman həyat yoldaşı Vüsalə (adlar şərtidir – red.) ilə birgə yaşadıqları evdə mübahisə edib.
İstintaq sənədlərinə görə, Loğman ailə-məişət zəminində həyat yoldaşı ilə mübahisə zamanı qəsdən onun sifətinə və bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vuraraq xəsarətlər yetirib.
Faktla bağlı Loğmana Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Loğman ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində zərərçəkmiş şəxslə barışdığını bildirib. Zərərçəkmiş də əri ilə barışdığını təsdiqləyərək ona qarşı şikayət və tələbinin olmadığını deyib.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.


