Quba rayonunda 30 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 11 fevral 2026-cı il tarixində Quba rayonunun kəndlərindən birində baş verib. Belə ki, 1996-cı il təvəllüdlü Əsəd yaşadığı evin qarşısında həmkəndlisi Zaurla (adlar şərtidir – red.) mübahisə edib. Şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Əsəd yumruqla Zaurun baş nahiyəsinə zərbə endirərək ona xəsarət yetirib. Əsəd barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə ifadə verən Əsəd özünü təqsirli bilib. O bildirib ki, fevralın 11-də oğlu Valehi məktəbdən gətirmək üçün gedərkən onun ağladığını görüb və səbəbini soruşub. Oğlu sinif yoldaşı Sərxanın onu təhqir etdiyini deyib. Təqsirləndirilən şəxsin sözlərinə görə, yolda Sərxanı görərək onunla əsəbi danışsa da, uşağa əl qaldırmayıb. Əsəd hadisənin sonrakı mərhələsini belə izah edib: "Həmin gün saat 17 radələrində Sərxanın atası Zaur yaşadığımız evin qarşısına gələrək məni çölə çağırdı. O, Zauru nə üçün vurduğumu soruşdu. Mən onu vurmadığımı desəm də, aramızda söz mübahisəsi yarandı. Əsəbiləşərək bir dəfə yumruqla onun baş nahiyəsindən vurdum. Həmin vaxt orada kənar şəxslər yox idi". Zərərçəkmiş Zaur isə ifadəsində fevralın 11-də oğlu, 2008-ci il təvəllüdlü Sərxanı məktəbdən gətirmək üçün getdiyini bildirib. O, oğlunun ağladığını görərək səbəbini soruşduğunu, Sərxanın isə Əsəd adlı şəxsin onu sillə ilə vurduğunu dediyini qeyd edib. Zaurun sözlərinə görə, bundan sonra Əsədin yaşadığı evə gedərək ondan oğlunu nə üçün vurduğunu soruşub: "Əsəd yaxşı edərək vurduğunu deyib, yumruqla baş nahiyəmdən bir dəfə zərbə endirdi". Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib. Quba Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Əsəd cinayət məsuliyyətindən azad olunub və barəsindəki cinayət işi üzrə icraata xitam verilib. Fariz Məlikli Editor
Qusar rayonunda restoran mühafizəçisi ofisianta xəsarət yetirməkdə ittiham olunub. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Qusar-Şahdağ yolunun sol kənarında yerləşən restoranlardan birində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Aqil işlədiyi restoranda ofisiant Məmmədlə (adlar şərtidir – red.) mübahisə edib. Mübahisə zamanı mühafizəçi həmkarına yumruq zərbəsi endirərək xəsarət yetirib. Aqil barəsində Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə ifadə verən Aqil özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Məmmədlə bir-birlərini tanıyırlar, aralarında əvvəllər heç bir ədavət və düşmənçilik olmayıb. Həmkəndli olan şəxslər eyni restoranda çalışıblar. Aqilin sözlərinə görə, Məmməd 2026-cı ilin yanvar ayından Qusar-Şahdağ yolunun sol kənarında yerləşən restoranda ofisiant, özü isə mühafizəçi işləyib. Təqsirləndirilən şəxs hadisəni belə təsvir edib: "Hadisə günü saat 20 radələrində Məmmədlə restoranın 3 nömrəli kabinetində əyləşərək çay içməyə başladıq. Söhbət zamanı Məmməd qardaşına zəng etmək üçün mobil telefonumu istədi. Mən də telefonumu ona verdim. O, qardaşı ilə danışığını bitirdikdən sonra telefonu geri qaytardı. Bundan sonra Məmmədlə zarafat etmək məqsədilə onun qardaşına öz telefonumdan bir neçə dəfə zəng etməyə başladım. Məmməd qardaşını narahat etməməyimi istədi. Bu sözündən əsəbiləşərək ona qışqırdım. Nəticədə aramızda mübahisə yarandı. Mübahisə zamanı ayağa qalxaraq Məmmədin sifət nahiyəsinə yumruq zərbəsi vurdum. Zərbənin təsirindən o, yerə yıxıldı və burnundan qan gəldi". Aqil bildirib ki, hadisədən sonra restoranda ofisiant işləyən Amil oraya gələrək Məmmədə ayağa qalxmağa və üzünü yumağa kömək edib, həmçinin təcili tibbi yardıma zəng vurub. "Bir qədər sonra çağırış əsasında restorana gələn təcili tibbi yardım briqadasının həkimləri Məmmədi Qusar Rayon Mərkəzi Xəstəxanasına apardılar. Xəstəxanada ona tibbi yardım göstərildi", – deyə təqsirləndirilən şəxs bildirib. Aqil törətdiyi əməldən peşman olduğunu, zərərçəkmişlə barışdığını, onun heç bir şikayət və tələbinin olmadığını qeyd edib. Qusar Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Aqil cinayət məsuliyyətindən azad edilib və barəsindəki cinayət təqibinə xitam verilib. Fariz Məlikli Editor
Qusar rayonunda 68 yaşlı kişi qardaşının həyat yoldaşına xəsarət yetirməkdə ittiham olunub. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Qusar rayonunun kəndlərindən birində baş verib. Belə ki, 1958-ci il təvəllüdlü Şirvan mərhum qardaşının həyat yoldaşı Mədinəyə (adlar şərtidir – red.) yaşadıqları evdə xəsarət yetirib. O, qadını əvvəlcə itələyib, daha sonra saçlarından dartıb. Şirvan barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə ifadə verən Şirvan özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Mədinə onun mərhum qardaşı Əlinin həyat yoldaşıdır. Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü bacı və qardaşlarından aldığı etibarnamə əsasında reyestr xidmətinin əməkdaşı ilə birlikdə kənddə yerləşən ata evinin plan və ölçülərini müəyyənləşdirmək üçün həmin ünvana gəlib. O, həyətin darvazasını bir neçə dəfə döysə də, qapını açan olmayıb. Şirvan ifadəsində hadisəni belə təsvir edib: "Qonşunun həyətindən açıq olan çəpərdən keçərək həyətə daxil oldum və darvazanı açdım. Həmin vaxt reyestr xidmətinin əməkdaşı çöldə dayanmışdı. Yanımızda olan digər şəxs isə taksi sürücüsü idi və o da bizi çöldə gözləyirdi. Mən birinci mərtəbədəki qapını döydüm. İkinci mərtəbədən çıxan Mədinə məni görüb qışqırmağa başladı. ‘Sən kimsən, bura gəlirsən, sənin nə ixtiyarın var?" deyərək mübahisə etdi. Mədinəyə ata evimə gəldiyimi, çıxarışın alınması üçün reyestr xidmətinin əməkdaşının ölçülər götürməli olduğunu bildirdim. Mədinə buna mane oldu, məni itələyərək darvazadan çölə çıxartdı. Reyestr xidmətinin əməkdaşı isə belə mübahisəli məsələ olduğu halda onu nə üçün çağırdığımı soruşdu". Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Mədinənin atası Xəlil də hadisə yerinə gəlib və ona "Bunlar sənə baha başa gələcək" deyib. "Öz ata evimə gəldiyimi, hansı səbəbdən içəri buraxılmadığımı soruşdum. Onlar isə cavab vermədilər. Mən zərərçəkmiş şəxsi vurmamışam, ona xəsarət yetirməmişəm", – deyə Şirvan bildirib. Zərərçəkmiş Mədinə isə ifadəsində Şirvanın mərhum həyat yoldaşı Əlinin doğma qardaşı olduğunu deyib. O bildirib ki, Şirvan onların yaşadığı evə əvvəllər gəlib-getməyib və qadın onu ümumiyyətlə tanımayıb. Mədinənin sözlərinə görə, hadisə günü saat 12 radələrində qızı ilə birlikdə evin ikinci mərtəbəsində olarkən giriş qapısının açıldığını eşidib. Evə oğru girdiyini düşünərək qapıya yaxınlaşdığını deyən zərərçəkmiş hadisəni belə xatırlayıb: "Zalda qarşımda sonradan adının Şirvan olduğunu öyrəndiyim şəxsi, onun arxasında isə tanımadığım daha iki nəfəri gördüm. Onlardan evə niyə icazəsiz daxil olduqlarını, necə girdiklərini və nə istədiklərini soruşdum. Şirvan mənə ‘Çıx çölə, cəhənnəm ol, bu ev mənimdir" dedi. Telefonu götürərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermək istəyəndə Şirvan hər iki əli ilə məni tutaraq divara çırpdı. Başım divara dəydi. Özümü çox pis hiss edərək yerə yıxıldım. Həmin vaxt Şirvan əlləri ilə saçlarımdan tutub dartdı və məni pilləkəndən aşağı itələmək istədi. Mən ona müqavimət göstərdim, özümü ondan qorumaq üçün itələdim. Onun yanında olan digər iki nəfər də qaçaraq çölə çıxdı". Qusar Rayon Məhkəməsinin hökmü ilə Şirvana 2 000 manat məbləğində cərimə cəzası təyin edilib. Lakin barəsində amnistiya aktı tətbiq olunduğundan o, cəzadan azad edilib. Fariz Məlikli Editor
Abşeron rayonunda 34 yaşlı qadın ərinə xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Aysu birgə yaşadıqları evdə əri Musa (adlar şərtidir – red.) ilə mübahisə edib. İstintaq materiallarına görə, Aysu bir gün əvvəl ərinin telefonda ucadan danışmasına görə aralarında yaranmış mübahisənin davamı olaraq, ailə münasibətləri zəminində baş verən növbəti mübahisə zamanı Musanın sağ və sol bazu nahiyələrini dişləyib, sol əlinə və döş qəfəsinə xəsarətlər yetirib. Aysu barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə izahat verən Aysu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, zərərçəkmiş Musa onun əridir. Onlar 2020-ci ildə rəsmi nikaha daxil olublar və həmin nikahdan 2020-ci il təvəllüdlü Ayla adlı qızları dünyaya gəlib. Onun sözlərinə görə, ailə qurduqdan təxminən iki ay sonra Musa ilə aralarında mübahisələr yaranmağa başlayıb. Hətta bir dəfə rəsmi qaydada boşanmaq üçün məhkəməyə də müraciət edib: "Lakin sonradan fikrimdən daşındım. Hazırda isə boşanma məsələsinə Xəzər Rayon Məhkəməsində baxılır. Hadisə günü axşam saatlarında evdə olarkən ərim Musa telefonda yüksək səslə danışırdı. Mən də ona öz iradımı bildirdim. Buna görə aramızda mübahisə yarandı". Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü saat 11:00 radələrində paltarını dəyişmək üçün Musadan otaqdan çıxmasını tələb edib: "Lakin Musa otaqdan çıxmadı. Buna görə də aramızda mübahisə başladı. Həmin vaxt Musa təpiklə arxa nahiyəmə zərbə endirdi. Mən kənara çəkildim. O isə əl çəkməyərək mənə yaxınlaşdı, üzərimə tüpürdü, məni söydü, itələyərək sıxışdırdı. Musa məni sıxıb buraxmadığı üçün onun qolunu dişlədim. Bundan sonra Musa kənara çəkildi". Təqsirləndirilən şəxs bildirib ki, Musa ilə aralarında mütəmadi olaraq mübahisələr baş verib. Onun sözlərinə görə, mübahisə zamanı azyaşlı qızları da evdə olub və dava təxminən 2-3 dəqiqə davam edib. Aysu qeyd edib ki, mübahisə zamanı yaranan səs-küyü eşidən komendant, Təranə adlı qadın onların evinə gəlib və Musaya iradını bildirib. Onun sözlərinə görə, mübahisə zamanı Musanı söyüb, qolunu dişləyib, lakin ona zərbə vurmayıb. İş üzrə zərərçəkmiş Musa ifadəsində bildirib ki, Aysu ilə 2020-ci ildə rəsmi nikaha daxil olub və həmin nikahdan bir qızları dünyaya gəlib. Onun sözlərinə görə, ailə qurduqdan təxminən iki ay sonra aralarında mübahisələr başlayıb. Hətta bir dəfə Aysu boşanmaq üçün məhkəməyə müraciət edib, lakin sonradan fikrindən daşınaraq ərizəsini geri götürüb. Musa qeyd edib ki, hadisədən əvvəl, axşam saatlarında yaşadıqları ünvanda telefonda yüksək səslə danışarkən həyat yoldaşı Aysu təhqiramiz ifadələr işlədərək ona iradını bildirib. Buna görə aralarında sözlü mübahisə yaranıb: "Ertəsi gün, təxminən saat 11:00 radələrində evdə olduğumuz zaman həyat yoldaşımla aramızda yenidən mübahisə başlandı. Aysu heç bir səbəb olmadan məni nalayiq söyüşlərlə təhqir etdi. Mən də baş verənləri mobil telefonla çəkirdim. Bu, onun xoşuna gəlmədi. O, əlimdəki içi dolu çay stəkanına vuraraq onu yerə salıb sındırdı. Buna görə aramızda mübahisə yarandı. Əsəbiləşərək təpiklə Aysunun arxa nahiyəsinə vurdum. O, kənara çəkildi. Mən onun arxasınca gedərək onu itələdim. Bundan sonra Aysu üstümə gələrək mənimlə mübahisə etdi və hər iki qolumu dişlədi. Mən də onu özümdən uzaqlaşdırmaq üçün müqavimət göstərdim, sinəsindən itələdim. Çünki Aysu yenidən məni dişləməyə cəhd edirdi. Bundan sonra o, məndən aralandı". Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunaraq Aysu cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Fariz Məlikli Editor
Ucar rayonunda 67 yaşlı kişi məktəbli qıza qarşı iyrənc hərəkətlər etməkdə ittiham edilib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1958-ci il təvəllüdlü Seyran 2025-ci ilin oktyabr ayının əvvəllərində, saat 13:15 radələrində 2017-ci il təvəllüdlü Saranı (adlar şərtidir – red.) təhsil aldığı Ucar rayonunun kəndində yerləşən orta məktəbin qarşısında evə aparmaq məqsədilə idarə etdiyi "Opel Astra" markalı avtomobilin arxa oturacağına əyləşdirib və evin yaxınlığına apararaq yolda avtomobili dayandırıb. Daha sonra o, azyaşlı qızın qolundan tutaraq zor tətbiq edib, hər iki sifətindən öpərək seksual xarakterli zorakılıq hərəkətləri edib. Bundan başqa, 67 yaşlı kişi idarə etdiyi avtomobildən azyaşlı qıza qarşı iyrənc niyyətini daha iki dəfə təkrarlayıb və ona qarşı seksual xarakterli hərəkətlər edib. Seyranın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Seyran ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində bildirib ki, arvadı Gülər və oğlu Elçin ilə birlikdə Ucar rayonunun kəndində yaşayıb. Onun sözlərinə görə, özünə məxsus "Opel Astra" markalı avtomobili olub və həmin avtomobillə taksi fəaliyyəti göstərib, həm Ucar şəhərinə sərnişin aparıb, həm də gətirib. Təqsirləndirilən şəxs qeyd edib ki, bundan əlavə, məktəb vaxtlarında bəzi kənd sakinlərinin uşaqlarını yaşadıqları evdən götürüb məktəbə aparıb, dərs başa çatdıqdan sonra isə həmin uşaqları geri qaytararaq yaşadıqları evin qarşısında düşürüb: "Məktəbə aparıb-gətirdiyim uşaqların valideynləri hər bir uşağa görə ayda mənə 20 manat veriblər. Həmkəndlim Vəfadarın uşaqlarını uşaqlıq yaşlarından tanımışam. Onunla qohumluq əlaqəm, ədavət və ya düşmənçiliyim olmayıb. Əvvəlki illərdə Vəfadarın uşaqlarını məktəbə aparıb-gətirməmişəm. Onun uşaqları məktəbə başqa avtomobillə gedib-gəliblər". Təqsirləndirilən deyib ki, 2025-ci ilin sentyabr ayının əvvəllərində Vəfadar onun yanına gəlib və uşaqlarını məktəbə aparan şəxsin artıq aparmaq istəmədiyini, hər ay ona 40 manat pul verəcəyini, idarə etdiyi avtomobillə oğlu Teymuru və qızı Saranı da məktəbə aparıb-gətirməsini deyib: "Mən Vəfadarla razılaşdım və dərs vaxtlarında saat 08:50 radələrində idarə etdiyim avtomobillə Vəfadarın yaşadığı evin qarşısına gedərək gözləmişəm. Onun 4-cü sinifdə təhsil alan oğlu Tofiq və 3-cü sinifdə təhsil alan qızı Sara gələrək avtomobilə əyləşib, sonra onları təhsil aldıqları məktəbin qarşısında düşürərək evə getmişəm. Eyni gündə saat 12:50 radələrində qayıdaraq məktəbin qarşısından uşaqları götürmüşəm və yaşadıqları evin qarşısında düşürmüşəm. Sonra öz şəxsi işlərimlə məşğul olmuşam". Seyranın sözlərinə görə, 2025-ci ilin oktyabr ayının əvvəllərində, səhər saat 08:50 radələrində idarə etdiyi avtomobillə Vəfadarın oğlu və qızını yaşadıqları evin qarşısından götürüb və məktəbin qarşısına gətirərək düşürüb: "Həmin gün saat 12:50 radələrində isə onları götürmək üçün məktəbin qarşısına getdim. Bir qədər keçdikdən sonra Sara adlarını xatırlamadığım başqa uşaqlarla birlikdə gələrək avtomobilimə əyləşdi. Avtomobilimlə başqa uşaqları da məktəbə aparıb-gətirdiyimə görə həmin vaxt Sara ilə birlikdə maşınıma hansı uşaqların əyləşdiyini xatırlamamışam. Saradan qardaşı Teymurun harada olduğunu soruşdum. O, qardaşının dərsdə olduğunu bildirdi. Mən idarə etdiyim avtomobillə digər uşaqları yaşadıqları evin qarşısında düşürdüm. Sonra Saranı da düşürməyim üçün Vəfadarın yaşadığı evin qarşısına gəldim. Sara avtomobildən düşmək istəyərkən arxaya çevrildim və arxa oturacağa tərəf uzanmış Saranın qolundan tutaraq özümə tərəf çəkdim, hər iki sifətindən öpdüm. Sara nəyə görə belə hərəkət etdiyimi, yəni hansı səbəbdən onu öpdüyümü başa düşmədi və özünü itirmiş halda avtomobildən düşərək getdi". Seyran qeyd edib ki, sonrakı günlərdə yenə də idarə etdiyi avtomobillə Sara ilə qardaşı Teymuru məktəbə aparıb-gətirib: "Vəfadarın mənə heç bir söz deməməsindən başa düşdüm ki, Sara onu öpməyimlə bağlı valideynlərinə heç bir söz deməyib. 2025-ci ilin oktyabr ayının ortalarında yenə də səhər saat 08:50 radələrində idarə etdiyim avtomobillə Səftərin hər iki uşağını yaşadıqları evin qarşısından götürərək məktəbə aparmışam, günorta yenə də onları məktəbdən götürmək üçün ora getmişəm. Bir qədər keçdikdən sonra Sara adlarını xatırlamadığım başqa uşaqlarla birlikdə gələrək avtomobilə əyləşdi. Saradan qardaşı Teymurun harada olduğunu soruşdum. O, qardaşının dərsdə olduğunu bildirdi. Mən idarə etdiyim avtomobillə digər uşaqları yaşadıqları evin qarşısında düşürdükdən sonra Vəfadarın yaşadığı evin qarşısına gələrək maşını saxladım. Sonra arxaya çevrildim və arxa oturacağa tərəf uzanaraq Saranın qolundan tutdum, hər iki sifətindən öpdüm. Sara heç bir söz demədi və avtomobildən düşərək getdi. Sonrakı günlərdə Vəfadarın yenə də heç bir söz deməməsindən başa düşdüm ki, Sara onu öpməyimlə bağlı evdə valideynlərinə heç bir söz deyib". Təqsirləndirilən şəxs deyib ki, həmişə olduğu kimi növbəti gün, saat 08:50 radələrində idarə etdiyi avtomobillə Vəfadarın yaşadığı evin qarşısına gedib və Sara ilə qardaşı Teymur avtomobilə əyləşdikdən sonra onları məktəbin qarşısında düşürüb: "Eyni qaydada həmin gün saat 12:50 radələrində idarə etdiyim avtomobillə məktəbin qarşısına gedərək uşaqların dərsdən çıxmalarını gözlədim. Bir qədər keçdikdən sonra Sara, Esmira, Raul və adlarını xatırlamadığım digər uşaqlar tez gələrək avtomobilə əyləşdi. Teymur isə bir qədər gec gəldiyinə görə avtomobilə əyləşə bilmədi. Mən Teymur və digər uşaqlara gözləmələrini, avtomobildə olanları düşürdükdən sonra qayıdaraq onları götürəcəyimi dedim. Sonra isə idarə etdiyim avtomobillə Esmira, Raul və adlarını xatırlamadığım digər uşaqları apararaq yaşadıqları evin qarşısında düşürdüm. Sonra qərara gəldim ki, avtomobilimi sakit bir yerdə saxlayaraq yenidən Saranı öpüm. Sara narahat olmasın deyə ona qayıdaraq məktəbin qarşısına getməyi, qardaşı Teymuru da götürdükdən sonra onları birlikdə evə aparacağımı dedim. Sara avtomobildən düşməmiş və təxminən saat 13:20 radələrində yaşadığı evlərin olduğu yerdən təxminən 500-600 metr uzaqlaşdım, Bakı-Qazax avtomobil yolunun Qazax rayonu istiqamətində avtomobili saxladım. Yerə düşərək sağ arxa qapını açdım və arxa oturacaqda Saranın yanında oturdum. Arxa oturacaqda oturduqdan sonra əvvəlcə Saranı özümə tərəf çəkərək qucaqladım, sifətindən öpdüm. Sonra isə ona digər intim hərəkətlər etdim. Bir neçə dəqiqə keçdikdən sonra səs eşitdim və başımı qaldıranda iki nəfər şəxsin avtomobilə tərəf yaxınlaşdıqlarını, onlardan birinin əlində tutduğu mobil telefonla videoçəkiliş apardığını gördüm. Onlardan biri avtomobilin sağ arxa qapısını açdıqda yerə düşdüm. Onlar nə etdiyimi, uşağın kim olduğunu soruşdular. Mən də yalandan onlara avtomobildə nasazlıq olduğunu, Saranın nəvəm olduğunu bildirdim". Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seyran 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Fariz Məlikli Editor
Bakının Suraxanı rayonunda əcnəbi vətəndaş arvadına xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonunun Bülbülə qəsəbəsində baş verib. Əfqanıstan vətəndaşı, 1979-cu il təvəllüdlü F. R. nömrəsiz evdə arvadı K. R. ilə mübahisə edib. İstintaq sənədlərinə görə, 47 yaşlı kişi arvadının onu qısqanmasına və mobil telefonla kənar şəxslərlə danışmasına irad bildirməsinə görə yaranan mübahisə zamanı qəsdən əli ilə onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə vuraraq döş qəfəsinə xəsarətlər yetirib. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə araşdırma zamanı təqsirləndirilən şəxsin arvadı ilə barışdığı, zərərçəkmiş qadının ona qarşı heç bir şikayət və tələbinin olmadığı məlum olub. Suraxanı Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli Editor
Bakının Suraxanı rayonunda qadın əri tərəfindən döyülüb. Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1977-ci il təvəllüdlü Ələddin yüngül dərəcəli sərxoş vəziyyətdə birgə yaşadıqları evdə arvadı Süsənlə (adlar şərtidir – red.) mübahisə edib. İstintaq sənədlərinə görə, həmin vaxt Süsən ərinə yaşadıqları evdə spirtli içki qəbul etməsinə irad bildirib. Bununla əlaqədar aralarında yaranan mübahisə zamanı 49 yaşlı kişi əli ilə qəsdən arvadının üz nahiyəsinə bir neçə dəfə zərbə vuraraq ona xəsarətlər yetirib. Faktla bağlı Ələddinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Ələddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində əməlindən peşman olduğunu, dəymiş zərəri ödədiyini və zərərçəkmiş şəxslə barışdıqlarını bildirib. Suraxanı Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli Editor
Bakının Suraxanı rayonunda 50 yaşlı kişi arvadına xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, Yardımlı rayon sakini, 1976-cı il təvəllüdlü Vüqar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı arvadı Aynurla (adlar şərtidir – red.) mübahisə edib. İstintaq sənədlərinə görə, Vüqar arvadının ailə üzvləri barəsində xoşagəlməz sözlər deməsini əsas tutaraq, aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən yumruqla onun sağ qoluna zərbə vuraraq bədən xəsarətləri yetirib. Faktla bağlı Vüqara qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində əməlindən peşman olduğunu, dəymiş zərəri ödədiyini və zərərçəkmiş şəxslə barışdıqlarını bildirib. Suraxanı Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs barəsindəki cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli Editor
Bakının Suraxanı rayonunda 65 yaşlı kişi qardaşı qızına xəsarət yetirməkdə ittiham edilib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1961-ci il təvəllüdlü Mehdi ünvanında yerləşən fərdi yaşayış evinin həyətində birgə yaşadığı mərhum qardaşı Fərmanın 1992-ci il təvəllüdlü övladı Zəminənin (adlar şərtidir – red.) birgə yaşadıqları həmin həyətin bir hissəsini özbaşına satışa çıxarması, habelə həyətin özünə aid olmayan hissəsində tikinti işləri aparması ilə əlaqədar ona etiraz etməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan onunla mübahisə edib. Bu zaman Zəminənin qardaşı, 2004-cü il təvəllüdlü Sahibin onları müşahidə etməsinə məhəl qoymayaraq, onun gözləri qarşısında yumruqla bir neçə dəfə Zəminənin baş nahiyəsinə zərbə vurub və ona xəsarətlər yetirib. Mehdi barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma – xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) və 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma – ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddələri ilə ittiham elan edilib. İş üzrə izahat verən Mehdi ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Zəminə və şahid Sahib onun qardaşının uşaqlarıdır. Onun sözlərinə görə, Zəminə, Sahib və anaları eyni həyətdə birmərtəbəli, onun ailə üzvləri isə ikimərtəbəli evdə yaşayırlar. Təqsirləndirilən şəxs qeyd edib ki, 2017-ci ildə qardaşı Fərman dünyasını dəyişəndən sonra aralarında evlərin və həyətin bölünməsi ilə əlaqədar daim mübahisələr yaranmağa başlayıb: "Zəminə mənim dinc yaşamağıma imkan verməyib, mənim və ailə üzvlərimi hədələyib, bizi yaşadığımız evdən qovmaq istəyib. Eyni həyətdə birgə yaşamağımıza baxmayaraq, məndən və ailəmdən icazə almadan özbaşına torpaq sahəsində hasar çəkərək həyəti bölüb, bizim evimizlə öz evini ayırmaq istəyib. Həmçinin onunla yaşayan bacım Sevdanı evdən çıxarmaq istəyib". Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü, təxminən saat 19:00 radələrində yaşadığı evin dam hissəsini bərpa etmək istəyib: "Bu zaman Zəminə məni çağırdı. Ondan nə olduğunu soruşdum. O, ünvanıma küçə söyüşləri söyərək məni təhqir etməyə başladı. Zəminədən sakitləşməsini, söyüş söyməməsini istədim və onun yanında olan qardaşı Sahibdən bacısını sakitləşdirməsini xahiş etdim. Zəminə isə sözlərimə əhəmiyyət verməyərək mənim və ailə üzvlərimin ünvanına nalayiq ifadələr işlətməkdə davam etdi. Zəminənin söyüşlərindən artıq əsəbimi saxlaya bilmədim və damdan düşərək ona tərəf getdim. Zəminənin üzünə bir şillə vurdum ki, söyüş söyməsin. Bu zaman Zəminənin qardaşı Sahib təpiklə qarın nahiyəmə bir dəfə vurdu. Sahibi tutaraq sakitləşdirmək istəyəndə isə o, mənimlə əlbəyaxa oldu və əlləri ilə bədənimin müxtəlif nahiyələrinə zərbələr vurmaqda davam etdi". Mehdinin ifadəsinə görə, daha sonra əsəbi halda Sahibi özündən uzaqlaşdırmaq istəyib və ona da bir dəfə şillə ilə vurub: "Bundan sonra Zəminə də üzərimə gəldikdə, özümü müdafiə etmək məqsədilə yumruqla onun burun nahiyəsinə bir dəfə zərbə vurdum. Bunu görən Sahib isə yenə də üzərimə gəldi, məni vurmağa başladı. Sahibi sakitləşdirmək istədim. Amma o, sakitləşmədi, məni vurmaqda davam etdi. Mən Sahibi sakitləşdirmək üçün onun üzünə yenə bir dəfə şillə vurdum. Bundan sonra Zəminə Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verərək onu döyməyimi bildirdi. Mənim Zəminə ilə aramızda olan mübahisənin səbəbi yaşadığımız birgə evin həyətində hasarlama işləri aparması olub. Mən bir dəfə Zəminənin üz nahiyəsinə şillə ilə vurmaqla onu döydüm. Yalnız bir dəfə Zəminənin üz nahiyəsindən yumruqla vurmaqla onu döymüşəm. Aramızda olan mübahisə zamanı Zəminə ayağı ilə mənim iki ayağımın arasına təpiklə vurdu". İş üzrə zərərçəkmiş Zəminənin sözlərinə görə, təqsirləndirilən Mehdi onun doğma əmisidir və onlar əmisi ilə eyni ünvanda yaşayırlar. O bildirib ki, 2017-ci ildə atası Fərman dünyasını dəyişəndən sonra əmisi ilə aralarında daim mübahisələr yaranmağa başlayıb. Zərərçəkmiş qeyd edib ki, əmisi onların dinc yaşamalarına imkan verməyib və onları hədələyib. Onun sözlərinə görə, birgə yaşamalarına, yəni eyni həyətdə yaşamalarına baxmayaraq, ondan və ailəsindən icazə almadan özbaşına özünə məxsus torpaq sahəsini satıb və onlara aid olan hissədə isə müəyyən tikinti işləri aparıb. Zərərçəkmiş qeyd edib ki, məlum hadisə günü, təxminən saat 19:00 radələrində əmisi Mehdinin evinin damını təmir edərək tikinti işləri apardığını, həmçinin ona aid olan torpaq sahəsində də tikinti işləri gördüyünü görüb və Mehdidən nə etdiyini soruşub: "Bu zaman əmim qardaşım Sahibə söz atmağa başladı və mənə cavab verməməsindən əsəbləşdim. Mehdinin yanına gedərək mənə cavab verməsini istədim. O, mənə tərəf gələrək heç bir səbəb olmadan üz nahiyəmə yumruqla vurdu. Həmin vaxt Mehdini itələyən zaman isə bir dəfə burun nahiyəmə, bir dəfə də baş nahiyəmə yumruq zərbələri vurdu. Mən özümü itirərək yerə yıxıldım. Özümə gəldikdə isə onun qardaşım Sahibə də yumruqla vurduğunu gördüm". Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Mehdi 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsə cəzaçəkmə müddətində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməsi, həmçinin Bakı şəhəri ərazisini tərk etməsi qadağan olunub. Bundan əlavə, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi tapşırılıb. Fariz Məlikli Editor
Yevlax rayonunda 17 yaşlı oğlan yetkinlik yaşına çatmayan qızla intim əlaqədə olmaqda ittiham edilib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, 2008-ci il təvəllüdlü Namiq əvvəllər tanıdığı yetkinlik yaşına çatmayan Lalənin (adlar şərtidir – red.) 14 yaşına çatmadığını bilib və 2025-ci ilin iyun ayının ortalarında, istintaqla müəyyən edilməyən gündə, saat 16 radələrində Yevlax şəhərində yerləşən, istifadə edilməyən "qonaq evi" adlanan binada onunla razılığı əsasında cinsi əlaqədə olub. O, yetkinlik yaşına çatmayan şəxslə digər seksual xarakterli hərəkətlər də edib. Namiqin barəsində Cinayət Məcəlləsinin 152.2-ci (12 yaşına çatmış, lakin 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Namiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Laləni 2025-ci ilin yay aylarından tanıyır. Onun sözlərinə görə, Lalə ilə Yevlax şəhərində yerləşən supermarketin arxasındakı parkda təsadüfən qarşılaşaraq tanış olublar. Namiq qeyd edib ki, bir müddət sonra Lalə ona "Instagram" sosial şəbəkəsi vasitəsilə yazıb, aralarında yazışma başlayıb və müəyyən müddət sevgi münasibətləri olub. O bildirib ki, Lalə ilə 2025-ci ilin iyun ayında qeyri-təbii üsulla, o cümlədən digər seksual xarakterli hərəkətlər etməklə könüllü cinsi əlaqədə olub. Təqsirləndirilən şəxs ifadəsində etdiyi əmələ görə hər kəsdən üzr istədiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş Lalə ilə barışdığını və ona dəymiş ziyanın ödənildiyini bildirib. İş üzrə zərərçəkmiş Lalənin sözlərinə görə, Namiq rayon ərazisində bərbərxanada işləyib: "Namiqlə 2025-ci ilin yay aylarında rəfiqələrimlə parkda gəzərkən tanış oldum. Tanışlıqdan sonra Namiqin "Instagram" sosial şəbəkəsindəki hesabını aldım, aramızda yazışma başladı və bir müddət sevgi münasibətlərimiz oldu. Onunla 2025-ci ilin iyun ayının ortalarında günorta saatlarında Yevlax şəhərində istifadə edilməyən "qonaq evi" adlanan binada razılığım ilə cinsi əlaqədə olduq". Zərərçəkmiş ifadəsində təqsirləndirilən şəxslə barışdığını deyib. Qeyd edib ki, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə şahid qismində ifadə verən Fatimənin sözlərinə görə, Lalə onun 2018-ci ildə vəfat etmiş bacısı Elmiranın qızıdır. Onun sözlərinə görə, Lalə 2025-ci ildə atasının uşaqlara lazımi qayğı göstərməməsi səbəbindən onların yaşadığı ünvana gəlib və bir gün qaldıqdan sonra qardaşı Camalın yaşadığı ünvana gedərək bir müddət orada yaşayıb. Fatimə qeyd edib ki, həmin müddət ərzində Lalənin Namiq adlı şəxs və digər oğlanlarla münasibət quraraq sevgili olduğunu öyrənib. Onun sözlərinə görə, yaxın qohumlarından birinin vəfat etməsindən bir neçə gün sonra Lalə yas mərasimi ilə əlaqədar olaraq yenidən onların yaşadığı ünvana gəlib: "Həmin vaxt anam Cəmilənin telefonunda Lalənin Namiq adlı şəxslə "Instagram" sosial şəbəkəsi vasitəsilə yazışmalarına dair mesajları gördüm. Lalə həmin yazışmaların ona aid olmadığını bildirərək danıb. Bundan sonra bu məsələ ilə bağlı Lalənin atası Akifə məlumat verdim, övladına sahib çıxmasını tələb etdim. Eyni zamanda, istintaqa Lalə və Namiq arasında olan intim xarakterli mesajları diskə köçürərək təqdim etdim". Yevlax Rayon Məhkəməsinin hökmü ilə Namiq 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, Namiqə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti ilə şərti olaraq tətbiq edilib. Fariz Məlikli Editor
Bakının Sabunçu rayonunda qonşular arasında mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ərazisində, nömrəsiz ünvanda baş verib. Qubadlı rayon sakini, 1970-ci il təvəllüdlü Həmid həmin ərazidə yerləşən evlərinin qarşısında qonşuluqda yaşayan Aftandil (adlar şərtidir – red.) ilə mübahisə edib. Mübahisəyə səbəb Aftandilin onunla kobud danışması olub. Bu səbəbdən yaranan mübahisə zamanı Həmid qəsdən əli ilə Aftandilin üz nahiyəsindən bir dəfə vuraraq ona xəsarət yetirib. Həmidə qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə izahat verən Həmid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirib. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən Həmid cinayət məsuliyyətindən azad edilib və barəsindəki cinayət təqibinə xitam verilib. Fariz Məlikli Editor
Bakının Yasamal rayonunda iki nəfər arasında borc üstündə yaranan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu, 1-ci Alatava küçəsi, 68 ünvanında baş verib. 1991-ci il təvəllüdlü Sadiq həmin ünvanda olarkən tanışı Bəhram (adlar şərtidir – red.) ilə mübahisə edib. Mübahisəyə səbəb tərəflər arasında borc məsələsi olub. Belə ki, Bəhram Sadiqin götürdüyü 100 manat borcu qaytarmadığını və verdiyi vədə vaxtında əməl etmədiyini əsas gətirərək onunla mübahisə edib. Aralarında yaranan mübahisə zəminində Sadiq yumruq zərbələri ilə Bəhramın çənə və baş nahiyəsinə zərbələr endirərək ona xəsarətlər yetirib. Sadiqə qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə izahat verən Sadiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və sonuncunun ondan şikayət və tələbinin olmadığını bildirib. Yasamal Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli Editor