Bakının Sabunçu rayonunda 39 yaşlı kişi həyat yoldaşına xəsarət yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Pərviz ailə münaqişəsi zəminində həyat yoldaşı Pərvanə (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, 39 yaşlı kişi yaşadıqları evin mətbəxində həyat yoldaşı Pərvanənin ona aqressiv formada cavab qaytarması səbəbindən aralarında yaranan mübahisə zamanı qadının sinəsinə bir dəfə yumruq, ayağına isə bir dəfə təpik zərbəsi endirərək ona xəsarətlər yetirib.
Pərviz barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Pərviz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində Pərvanə ilə təxminən 9 ildir rəsmi nikahda olduqlarını və birgə nikahlarından bir azyaşlı övladlarının olduğunu bildirib. Onun sözlərinə görə, son zamanlar maddi çətinlikləri çox olduğundan sıxıntıdan tez-tez spirtli içki qəbul edib. Belə hallarda həyat yoldaşı ilə səbəbsiz yerə mübahisələri yaranıb.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü axşam saatlarında spirtli içki qəbul etmiş vəziyyətdə yaşadıqları evə gedib. Həyətin giriş qapısını döydükdə həyat yoldaşı Pərvanə qapını açıb:
"Biz birlikdə evə daxil olduq. Mən evin mətbəxinə keçəndə həyat yoldaşım da arxamca gələrək nə üçün spirtli içki qəbul etdiyimi və evə ərzaq məhsulları almadığımı soruşdu. Mən arvadıma pulumun olmadığını, hətta çoxlu borclarımın olduğunu bildirdim. O, mənə aqressiv formada cavab qaytardı. Mən də əsəblərimi cilovlaya bilmədim və arvadımın sinəsinə bir dəfə yumruq, ayağına isə bir dəfə təpik zərbəsi endirərək onu döydüm".
Təqsirləndirilən şəxs ifadəsində həyat yoldaşı ilə barışdığını, onun ona qarşı heç bir şikayət və tələbinin olmadığını deyib. O, arvadını spirtli içkinin təsiri altında olduğu və həmin vaxt işsiz qaldığı üçün vurduğunu bildirib. Qeyd edib ki, hadisədən sonra yeni işə düzəlib və ailəsini dolandıra bilir. O, əməlindən peşman olduğunu da vurğulayıb.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Pərviz 1200 manat məbləğində cərimə cəzasına məhkum edilib.


