YapiKredi Müraciət Forması
Kriminal Özəl

Ərinə yemək hazırlamadığına görə döyüldü

Ərinə yemək hazırlamadığına görə döyüldü

Abşeron rayonunun Masazır qəsəbəsində ər arvadına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların Masazır qəsəbəsində birgə yaşadıqları evdə baş verib. Qax rayon sakini, 1990-cı il təvəllüdlü Fazil arvadı Esmira (adlar şərtidir – red.) ilə mübahisə edib.


"Niyə evə gec gəldin?" sualına görə arvadını döydü
Azərbaycanda qadın evə gələn usta ilə ərinə xəyanət etdi - Dava düşdü
Azərbaycanda məktəbli qızla əxlaqsızlıq edən iki dost cəzalandırıldı


İstintaq sənədlərinə görə, onların arasında mübahisənin yaranmasına səbəb arvadının ona vaxtında yemək verməməsi olub. 36 yaşlı kişi yeməyi ona gec gətirən arvadına irad bildirib və bu səbəbdən tərəflər arasında mübahisə yaranıb.

Ər-arvad arasında yeməyin gec gətirilməsi, habelə qısqanclıq və digər ailə-məişət zəminində yaranmış narazılıqlar səbəbindən mübahisə baş verib. Fazil həmin mübahisə zamanı arvadının üzərinə hücum edərək əli və yumruqları ilə onun sifət, baş və qol nahiyələrinə ardıcıl zərbələr endirib. Zərbələrin təsirindən yerə yıxılan qadına yerdə də təpiklə zərbələr vurub.

Fazil barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Fazil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi qaydada müxtəlif yerlərdə mebel ustası kimi çalışaraq qazanc əldə edir. Ondan şikayət edən zərərçəkmiş Esmira onun arvadıdır.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2026-cı ildə Esmira ilə ailə həyatı qurub və övladları yoxdur. Qeyd edib ki, Esmira ilə münasibətləri yaxşı olsa da, son vaxtlar qısqanclıq zəminində yaranan mübahisələr və anası Zəhranın ailə işlərinə müdaxilə etməsi səbəbindən münasibətləri pisləşib.

Fazil qeyd edib ki, hadisə günü, gecə saat 22 radələrində yorğun halda evə gəlib və Esmiradan yeməyin hazır olub-olmadığını soruşub:

"Esmira isə yeməyin hazır olmadığını, indi hazırlayacağını söylədi. Bu zaman aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbiləşərək Esmiranın üzərinə getdim və əlimlə, yumruqlarımla onun sifət və baş nahiyələrinə bir neçə dəfə vurdum. Bundan sonra Esmira yaşadığımız evin qapısını açaraq getdi".

Təqsirləndirilən şəxs qeyd edib ki, baş vermiş mübahisə və münaqişə 3-5 dəqiqə davam edib. Həmin vaxt Esmira onu vurmayıb və ona qarşı müqavimət göstərməyib. Mübahisə zamanı səs-küy yaranmayıb. O, əməlindən peşman olduğunu bildirib.

İş üzrə zərərçəkmiş Esmiranın sözlərinə görə, Fazillə əvvəllər münasibətləri yaxşı olub:

"Amma son zamanlar ərimlə münasibətim pisləşib. Buna səbəb Fazilin evə gec gəlməsi, mənə diqqət göstərməməsi və evdə olarkən mobil telefonla məşğul olması olub. Hadisə günü, saat 22 radələrində yaşadığımız evdə olarkən Fazil evə gəldi. Bu zaman məndən yemək istədi. Mən isə yeməyin hazır olmadığını söylədim. Buna görə Fazil mənimlə mübahisə etməyə başladı və üzərimə gələrək əli və yumruqları ilə sifət, baş və qol nahiyələrimə zərbələr endirdi.

Fazilin vurduğu zərbələrin təsirindən yerə yıxıldım. Yerdə olarkən də o, hərəkətlərini davam etdirdi, təpiklə belimə, ayaqlarıma və bədənimin müxtəlif nahiyələrinə vuraraq mənə xəsarət yetirdi. Sonra Fazil məndən aralanaraq getdi. Mən də evdən çıxaraq bacımın yaşadığı ünvana getdim".

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Fazil 4 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxsə cəza müddətində hər gün saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etmək, həmçinin Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını aşmaq qadağan edilib.

Bundan başqa, ona elektron nəzarət vasitəsini üzərində gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasını təmin etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri həvalə edilib.

Fariz Məlikli

Editor
Redaktor