YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Paltarları 40 dərəcədə yumaq vacib deyil – Mütəxəssislərdən tövsiyə

Paltarları 40 dərəcədə yumaq vacib deyil – Mütəxəssislərdən tövsiyə

Gündəlik istifadə olunan paltarların əksəriyyətini 40 dərəcədə yumağa ehtiyac yoxdur. Mütəxəssislərin fikrincə, müasir yuyucu vasitələr və paltaryuyan maşınlar sayəsində bir çox geyim 20-30 dərəcə temperaturda da effektiv şəkildə təmizlənir.

Demokrat.az xəbər verir ki, aşağı temperaturda yumaq yalnız elektrik enerjisinə qənaət etməyə deyil, həm də parçaların daha uzun müddət qorunmasına kömək edir. Ənənəvi olaraq 40 dərəcə temperaturun gündəlik geyimlər üçün optimal olduğu düşünülsə də, mütəxəssislər bu yanaşmanın artıq köhnəldiyini bildirirlər.

Litvalı həkim Alvidas Unikauskas qeyd edir ki, müasir yuyucu vasitələr aşağı temperaturda da çirkləri effektiv şəkildə təmizləmək üçün hazırlanır. Bu səbəbdən çox çirkli olmayan köynək, şalvar və digər gündəlik geyimlərin 20-30 dərəcədə yuyulması kifayət edə bilər.

Hansı paltar neçə dərəcədə yuyulmalıdır?

Mütəxəssislərin tövsiyəsinə əsasən, 30 dərəcə gündəlik geyimlərin böyük hissəsi üçün kifayətdir. 40 dərəcə temperatur daha çox ciddi çirklənmiş paltarlar üçün məqsədəuyğundur.

60 dərəcə temperatur isə yataq dəstləri, dəsmallar və daha yüksək gigiyenik təmizliyə ehtiyac duyulan tekstil məhsulları üçün tövsiyə edilir. 90 dərəcə temperaturdan isə yalnız xüsusi dezinfeksiya hallarında və ya paltaryuyan maşının texniki təmizlənməsi zamanı istifadə olunması məsləhətdir.

İdman geyimlərinə də xüsusi diqqət yetirmək lazımdır. Sintetik və elastik materiallardan hazırlanan belə geyimlərin əksəriyyətinin 30 dərəcədən yüksək temperaturda yuyulması tövsiyə edilmir. Yüksək temperatur elastik lifləri zədələyə və paltarın istifadə müddətini qısalda bilər.

Mütəxəssislər bildirirlər ki, idman geyimində xoşagəlməz qoxu qalırsa, temperaturu artırmaq əvəzinə bu tip parçalar üçün nəzərdə tutulmuş xüsusi yuyucu vasitədən istifadə etmək daha məqsədəuyğundur.

Jalə