Sovet dövründə ərzaq qıtlığı evdar qadınları məhdud məhsullardan fərqli yeməklər hazırlamağa vadar edirdi. Ət, pendir, təzə meyvə və şirniyyat tapmaq hər zaman asan olmadığından insanlar daha əlçatan ərzaqlarla həm doyumlu yeməklər, həm də sadə desertlər hazırlayırdılar. Həmin reseptlərin bir çoxu bu gün əvvəlki qədər geniş yayılmasa da, yaşlı nəslin yaddaşında qalır.
Demokrat.az xəbər verir ki, UNIAN nəşri SSRİ dövründə məşhur olan, lakin müasir mətbəxdə nadir hallarda hazırlanan altı yemək və deserti təqdim edib.
1. Südlü vermişel şorbası
Sovet dövrünün uşaq bağçalarında, məktəblərində və yeməkxanalarında tez-tez təqdim olunan bu yemək süd və vermişeldən hazırlanırdı. Sadə ərzaqlarla qısa müddətdə bişirilməsi onu kütləvi iaşə müəssisələri üçün əlverişli seçimə çevirirdi. Şirin dadı ilə seçilən südlü şorba həmin dövrün uşaqlarının yaddaşında qalan yeməklərdəndir.
2. Konservləşdirilmiş balıq şorbası
Ət tapmağın çətin olduğu dövrlərdə balıq konservləri mətbəxdə geniş istifadə edilirdi. Saira və sardina kimi konservlərdən hazırlanan şorba həm ucuz, həm də tez bişən yemək hesab olunurdu. Balığın təmizlənməsinə ehtiyac qalmadığı üçün yeməyi təxminən 20 dəqiqəyə hazırlamaq mümkün idi.
3. Pomidor sousunda kilkə ilə kartof
Kartof və pomidor sousunda konservləşdirilmiş kilkə sovet mətbəxinin qeyri-adi birləşmələrindən biri idi. İlboyu tapılan kartofla nisbətən əlçatan balıq konservinin birləşdirilməsi doyumlu yemək hazırlamağa imkan verirdi. Bu yemək xüsusilə büdcəsinə qənaət etməyə çalışan tələbələr arasında populyar olub.
4. Xəmirdə qızardılmış beyin
Ət məhsullarının qıtlığı və baha olması insanları heyvanın daxili orqanlarından daha çox istifadə etməyə sövq edirdi. Mal və ya donuz beyninin yumurtalı qarışığa batırılaraq qızardılması da həmin dövrün yeməklərindən biri idi. Qaraciyər, ürək və ağciyər kimi subməhsullarla yanaşı, beyin də bəzi ailələrin süfrəsində yer alırdı.
5. Kərə yağı ilə peçenye
Şirniyyat və konfetlərin əlçatan olmadığı vaxtlarda evdar qadınlar sadə məhsullardan desertlər hazırlayırdılar. Bunun üçün iki peçenyenin arasına kərə yağı və ya marqarin çəkilirdi. Cəmi iki əsas ərzaqla hazırlanan bu sadə qəlyanaltı uşaqlar üçün tort və digər şirniyyatları əvəz edirdi.
6. Kərə yağı və şəkərli çörək
Sovet dövrünün ən sadə desertlərindən biri çörəyin üzərinə kərə yağı çəkilib şəkər səpilməsi idi. Hazırlanması cəmi bir neçə dəqiqə çəkən bu qəlyanaltı həm doyumlu, həm də ucuz hesab olunurdu. Bəzi ailələr çörəyi su ilə isladır, üzərinə mürəbbə və ya povidlo əlavə edərək fərqli variantlar hazırlayırdılar.
Bu yeməklər sovet dövründə ərzaq qıtlığının gündəlik qidalanmaya necə təsir etdiyini göstərir. Vaxtilə məcburiyyətdən yaranan bəzi reseptlər bu gün unudulsa da, digərləri həmin illəri yaşamış insanların xatirələrində nostalji dad kimi qalır.
Jalə


