"Sabah Bakıda baş tutacaq VII Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verəcəyimiz sessiyaya xoş gəlmisiniz. Bu gün bizə qoşulduğunuz üçün hamınıza təşəkkür etmək istərdim. Xüsusilə tərəfdaş ölkələrdən gələn qonaqlarımızı və qarşıdakı günlərdə bu tədbirləri işıqlandıracaq 19 ölkədən olan media nümayəndələrini salamlayıram".
Demokrat.az xəbər verir ki, bu sözləri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib.
Onun sözlərinə görə, təşəbbüs Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə məxsus olub. Məqsəd Şərq və Avropa ölkələrinin mədəniyyət nazirlərini bir araya gətirmək idi:
"Beləliklə, Bakıda mədəniyyət məsələləri ilə bağlı müzakirələr üçün bir körpü yaratmaq nəzərdə tutulurdu. Bu təşəbbüsdən sonra Bakı Prosesi meydana çıxdı. Daha sonra, 2010-cu ildə Azərbaycan Prezidenti Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı çıxışında Azərbaycanın Mədəniyyətlərarası Dialoq Forumlarına ev sahibliyi edəcəyini bəyan etdi. 2011-ci ildən başlayaraq Azərbaycan ardıcıl olaraq altı forum keçirib. Bu il isə biz forumların 15-ci ildönümünü qeyd edirik. Forumlar təkcə say və miqyas baxımından deyil, həm də auditoriyanın tərkibinə görə böyüyüb. Onlar daha çox insanı, hökuməti və beynəlxalq təşkilatı cəlb etməklə yanaşı, QHT-lərə, media nümayəndələrinə, gənclərə, gənc liderlərə və dini liderlərə də çatıb".
Fərid Cəfərov əlavə edib ki, builki forum "Parçalanmış dünyada körpülərin qurulması" mövzusunda keçirilir:
"Bu mövzu ölkələr arasında və cəmiyyətin müxtəlif təbəqələri arasında mövcud olan bərabərsizliklər və qarşıdurmalar nəzərə alınaraq müəyyənləşdirilib. Bu il forum cəmiyyətlərimizin və hökumətlərin müxtəlif səviyyələrini və təbəqələrini, eləcə də beynəlxalq təşkilatları bir araya gətirməyi, dünya əhalisini birləşdirə biləcək müxtəlif məsələləri müzakirə etməyi hədəfləyir.
Forumun rəsmi açılışı sabah, oktyabrın 27-də olacaq. Lakin bəzi fəaliyyətlər və tədbirlər artıq başlayıb. Belə ki, Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Gənclər və İdman Nazirliyi və BMT Sivilizasiyalar Alyansı oktyabrın 26-da Qubada Beynəlxalq Gənclər Forumuna start verib. Tədbirdə dünyanın müxtəlif ölkələrindən, ümumilikdə, 44 ölkəni təmsil edən 100-dən çox gənc lider iştirak edib. Bu gün səhər saatlarında isə dünyanın müxtəlif ölkələrindən və bölgələrindən olan biznes icmalarını birləşdirən "Cape Plus" konfransına start verdik. Sabah forumun rəsmi açılış mərasimi keçiriləcək, ardınca beynəlxalq təşkilatların və hökumətlərin birgə sessiyası baş tutacaq. Builki forumun bir sıra yenilikləri var. Əsas məqsədlərdən biri daha çox insanı cəlb etmək, xüsusilə mədəniyyətlərarası dialoqun akademik və tədqiqat tərəflərinə diqqət yetirmək, gənc liderlərin iştirakını artırmaqdır. Bundan əlavə, forum çərçivəsində qadın dialoqu da keçiriləcək".


