YapiKredi Müraciət Forması
Mədəniyyət Özəl

İSESKO rəsmisindən Bakı ilə bağlı mühüm açıqlama

İSESKO rəsmisindən Bakı ilə bağlı mühüm açıqlama

"Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumuna ev sahibliyi edən Bakı mədəniyyət və sivilizasiyaların paytaxtı hesab olunur".

Demokrat.az xəbər verir ki, bu sözləri "VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum"u ilə bağlı keçirilən mətbuat konfransında İSESKO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin direktoru Səfir Xalid Fəthərrəhman bildirib.

Xalid Fəthərrəhman əlavə edib ki, bu forumun açar sözü, əsas termini ardıcıllıqdır:

"Yəni Bakı Prosesinin ardıcıl şəkildə davam etdirilməsidir. Ardıcıllıq dedikdə, son 20 il ərzində Bakıda keçirilən müxtəlif mədəniyyətlərarası və elmi forumları nəzərdə tuturuq. Bundan əlavə, ardıcıllıq 7-ci Qlobal Forumun üç əsas sütununu birləşdirir. Birincisi, qlobal problemlərin həllində əsas vasitə kimi dialoqun roludur. İkincisi, əməkdaşlıq və anlaşma üçün başlanğıc nöqtəsi kimi multikulturalizmin vacibliyidir. Üçüncüsü isə sülhü, təhlükəsizliyi və ümumi qlobal məqsədləri nəzərə alan ədalətdir. Bu ardıcıllıq, ilk növbədə, real problemlərimizin və məsələlərimizin həllinə gedən yolu qısaldır. İkincisi, təkrarlanan və yenilənən böhranların öhdəsindən gəlmək üçün etibarlı rəsədxana rolunu oynayır. Üçüncüsü, qeyri-praktik ideallara qapılmadan əldə edilə bilən həllər üzərində razılığa gəlməyə imkan verir. Dördüncüsü isə düzgün təhlili asanlaşdıran ümumiləşdirmələr aparmaq imkanı yaradır. Bu ardıcıllıq bizi, əslində, cənab Prezident İlham Əliyevin altı il əvvəl Birləşmiş Millətlər Təşkilatının yüksək səviyyəli toplantısında bəyan etdiyi fikirlərə qaytarır. Həmin fikirlərə görə, Bakı dünya miqyasında mədəniyyət və sivilizasiyalar sahəsində tanınmış və nüfuzlu mərkəzə çevrilməlidir".

O söyləyib ki, İSESKO bu istiqamətə əsaslanaraq, Azərbaycanın səylərinin həyata keçirilməsində, eləcə də müvafiq siyasət və meyillərin dəstəklənməsində etibarlı tərəfdaş olub:

"İSESKO bu forum çərçivəsində sivilizasiya və dekolonizasiya ilə bağlı yeni konsepsiyasını, eləcə də mövcud mədəni qaydalar əsasında aktual problemlərin həlli üçün yeni yolların axtarışını əhatə edən simpoziumda iştirak edəcək. Digər mühüm istiqamət isə gələcək tədqiqatlarda və təhlillərdə fəal iştirak etmək, yeni baxışların formalaşdırılmasına töhfə verməkdir. İSESKO-nun bu Qlobal Forum çərçivəsində diqqət yetirəcəyi iki mühüm mövzu bunlardır".

Fidan Hacızadə

Bəxtiyar Umarlı
Managing Editor