YapiKredi Müraciət Forması
Mədəniyyət Özəl

"Bu ölkə əksər xalqlar və azlıqlar üçün təhlükəsiz sığınacaq rolunu oynayıb"

Bu ölkə əksər xalqlar və azlıqlar üçün təhlükəsiz sığınacaq rolunu oynayıb

"Azərbaycan müxtəlif dinlərin və prinsiplərin nümayəndələrinin bir yerdə, azad şəkildə yaşadığı və özlərini sərbəst hiss etdiyi bir məkan olub. Bu ölkə əksər xalqlar və azlıqlar üçün təhlükəsiz sığınacaq rolunu oynayıb".

Demokrat.az xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov ona ünvanlanan suala cavabında deyib.

Nazir müavini əlavə edib ki, burada əsas məqam ondan ibarətdir ki, Azərbaycan Prezidentinin də dəfələrlə qeyd etdiyi kimi, multikulturalizm və tolerantlıq təkcə ölkənin siyasəti deyil, həm də tarixən və ənənəvi olaraq bu torpaqlarda formalaşmış həyat tərzidir:

"Münaqişələrdən zərər çəkmiş və azad edilmiş ərazilərin yenidən qurulması, o cümlədən həmin ərazilərdə dağıdılmış mədəni irsin bərpası istiqamətində öz təcrübəsini bölüşməyə hazır olan bir ölkə kimi Azərbaycan bu sahədə mühüm təcrübəyə malikdir. Forum çərçivəsində panellərdən biri Azərbaycanın münaqişələrdən təsirlənmiş regionlarda maddi və qeyri-maddi mədəni irsin bərpası təcrübəsinə həsr olunub. Biz bu təcrübəni dünya ilə bölüşmək və beynəlxalq tərəfdaşlarımızın da bu təşəbbüsü dəstəkləməsinə nail olmaq istəyirik ki, digər münaqişələrdən əziyyət çəkən və ya münaqişə yaşamış ərazilər və regionlar da bu təcrübədən bəhrələnə bilsinlər".

Fərid Cəfərov bildirib ki, forumun məqsədləri ilə bağlı ümumilikdə altı istiqamət müəyyənləşdirilib:

"Onların arasında ən mühümlərindən biri bəzən çatışmazlığını müşahidə etdiyimiz sektorlararası tərəfdaşlığın gücləndirilməsidir. Belə ki, cəmiyyətin müxtəlif təbəqələri ilə qərar qəbul edən şəxslər arasında sektorlararası əməkdaşlıq hələ də yetərli səviyyədə deyil. Gələcək nəsillərin səlahiyyətlərinin artırılması da bu forumun digər əsas məqsədlərindən biridir".

Fidan Hacızadə

Editor
Redaktor