Türkiyəli aktyor Ozan Güven keçmiş sevgilisinə qarşı qəsdən xəsarət yetirmə ittihamı ilə aldığı həbs cəzası qüvvəyə mindikdən sonra bu dəfə televiziya çıxışı ilə gündəmə gəlib. Aktyor canlı yayımda sosial şəbəkələrdəki həssaslığı tənqid edib və türk dilində qadınlara müraciət zamanı işlədilən "bayan" sözünün mübahisələndirilməsinə etiraz edib.
Demokrat.az xəbər verir ki, bu barədə "Onedio" nəşri məlumat yayıb.
TV100 telekanalında Mesut Yar və Ozan Zeybekin aparıcılıq etdiyi "İki Arada" proqramına qatılan Güven gündəlik həyatda insanların kobud davranışlarından danışıb. O bildirib ki, sosial şəbəkələrdə çox həssas görünən insanlar küçədə eyni nəzakəti nümayiş etdirmirlər.
Aktyor "baylar, bayanlar" müraciətinin uzun illərdir istifadə olunduğunu xatırladaraq bu ifadənin niyə problemə çevrildiyini anlamadığını deyib.
"Hamı sosial şəbəkələrdə və başqa yerlərdə çox həssas görünür. Bəs küçələrdə niyə hələ də bu qədər kobud insan var? Həqiqətən, ‘Baylar, bayanlar" deyə bilmirik. Niyə? İllərdir belə deyilir. ‘Bayanlar" demək insanları narahat edir? Xeyr. Bu, dillə bağlı məsələdir", – deyə o bildirib.
Qeyd edək ki, "bayan" sözü Türkiyədə qadın hüquqları müdafiəçiləri və feminist təşkilatlar arasında uzun müddətdir müzakirə mövzusudur. Onlar bu ifadənin əvəzinə "kadın" ("qadın") sözünün işlədilməsini üstün tuturlar.
Ozan Güvenin adı məhkəmə işi ilə də gündəmə gəlmişdi. 2020-ci ildə keçmiş sevgilisi aktyorun ona zorakılıq etdiyini iddia etmiş və bədənindəki göyərmələri əks etdirən fotolar paylaşmışdı. Uzun sürən məhkəmə prosesindən sonra, 2025-ci ilin iyununda Güven qəsdən xəsarət yetirmə cinayətinə görə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Digər ittihamlar üzrə isə ona bəraət verilmişdi.
İstanbul Regional Ədliyyə Məhkəməsi 2025-ci ilin oktyabrında hökmü qüvvədə saxlayıb və qərar yekunlaşıb. Aktyor isə ittihamları qəbul etməyərək keçmiş sevgilisinə əl qaldırmadığını bildirmişdi.
Jalə


