Xəzər dənizində sahilə yaxın ərazilərdə suyun köpüklənməsi ictimaiyyətin diqqətini çəkib və dənizin ekoloji vəziyyəti ilə bağlı narahatlıqları artırıb. Bu halın hansı səbəblərdən yarandığı, suyun çirklənməsi ilə əlaqəli olub-olmadığı maraq doğurur.
Bəs Xəzərdə yaranan köpüklər hansı təhlükələrdən xəbər verə bilər və bu, dəniz ekosisteminə nə dərəcədə təsir göstərir?
Ekoloq Qorxmaz İbrahimli məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında söyləyib ki, dənizlərdə köpüklənmə müxtəlif səbəblərdən yarana bilər.

Onun sözlərinə görə, bu səbəblərdən biri suyun çirklənməsidir:
"Xüsusilə həddindən artıq çirklənmiş dənizlərdə müşahidə olunan köpüklənmə ətraf mühitin qorunmasının və su hövzələrinin təmiz saxlanılmasının vacibliyini göstərir.
Xəzər dənizində sahilə yaxın ərazilərdə müşahidə olunan köpüklənməyə gəlincə, bu halın çirklənmə ilə əlaqəli olması ehtimalı var. Hazırda mövzu sosial şəbəkələrdə geniş müzakirə olunsa da, yayılan görüntülər və şərhlər əsasında qəti nəticəyə gəlmək düzgün deyil. Çünki dənizdə köpüklənmə yalnız çirklənmə nəticəsində deyil, sualtı axınların təsiri ilə də yarana bilər. Bu zaman köpüklənmə müvəqqəti xarakter daşıyır.
Xəzər dənizində çirklənmə səviyyəsi kifayət qədər yüksəkdir və müşahidə olunan köpüklənmənin bununla bağlı olması mümkündür. Çirklənmə nəticəsində yaranan köpüklənmə isə dəniz canlılarına və ümumilikdə ekosistemə ciddi zərər vura bilər. Buna görə də dənizin çirklənməsinin qarşısının alınması, su hövzələrinin təmiz saxlanılması və ekoloji vəziyyətin qorunması xüsusi əhəmiyyət daşıyır".
Mövzu ilə bağlı sayıtmıza açıqlama verən ekoloq Ənvər Əliyev isə bildirib ki, dənizin dayaz hissələrində suyun köpüklənməsi təbii haldır və bu, dənizdə suyun səviyyəsindən, dib relyefindən və sürtünmədən asılı olaraq baş verə bilər.

Onun sözlərinə görə, suyun dərinliyi azaldıqca köpüklənmə daha çox müşahidə olunur:
"Bu hal dənizin müxtəlif dövrlərində, o cümlədən suyun səviyyəsinin yüksək olduğu vaxtlarda da dayaz ərazilərdə qeydə alına bilər. Suyun köpüklənməsini hər zaman təhlükəli vəziyyət kimi qiymətləndirmək düzgün deyil. Bu məsələ ilə bağlı narahatlığın bir hissəsi psixoloji xarakter daşıyır və köpüklənmənin özü mütləq təhlükənin göstəricisi deyil. Bununla belə, suyun köpüklənməsinin səbəbini yalnız xarici görünüşə əsasən müəyyən etmək mümkün deyil".


