Danışıq zamanı qarşı tərəfin gözlərinə baxmaq çox vaxt özünəinamın, diqqətin və səmimiyyətin göstəricisi sayılır. Psixoloji araşdırmalar isə göz təmasının insanlar arasında yaxınlıq yaratmağa kömək etdiyini, lakin həddindən artıq uzun və fasiləsiz baxışın narahatlıq doğura biləcəyini göstərir.
Demokrat.az xəbər verir ki, Türkiyənin "Onedio" nəşri danışarkən göz təması qurmağın psixoloji tərəfləri ilə bağlı dörd məqamı təqdim edib.
1. Göz təması maraq və diqqət göstəricisi ola bilər
Söhbət zamanı qarşı tərəfin gözlərinə baxmaq onunla ünsiyyət qurmağa maraq göstərildiyini ifadə edə bilər. Birbaşa baxış insanlar arasında yaxınlıq və qarşılıqlı iştirak hissini gücləndirir. Bununla belə, göz təmasının mənası münasibətlərin xarakterindən, mədəni normalardan və söhbətin baş verdiyi şəraitdən asılı olaraq dəyişir.
2. Göz-gözə gəlmək söhbətin axarını tənzimləyir
ABŞ-ın Dartmut Kollecinin tədqiqatçıları Sofi Voltjen və Taliya Uitli 2021-ci ildə dərc olunan araşdırmalarında təbii söhbətlər zamanı insanların göz bəbəklərini ölçərək diqqətin necə uzlaşdığını araşdırıblar. Nəticələr göstərib ki, göz təması iki insanın diqqətinin üst-üstə düşdüyü anlarda yaranır, daha sonra isə bu uyğunluq zəifləyir.
Bu proses həmsöhbətlərin bir-birini izləməsinə, eyni zamanda fikirlərini sərbəst şəkildə formalaşdırmasına şərait yaradır.
3. Uzun müddət fasiləsiz baxmaq narahatlıq yarada bilər
Qarşı tərəfin gözlərinə davamlı baxmaq bəzən insanda izlənildiyi və ya qiymətləndirildiyi hissini yaradır. 2010-cu ildə Lorans Kontinin rəhbərliyi ilə aparılan araşdırma birbaşa baxışın insan başqa bir işə diqqət yetirməyə çalışarkən belə əlavə zehni resurs tələb edə biləcəyini göstərib.
Məhz buna görə insanlar çətin suala cavab axtararkən, nəyisə xatırlamağa çalışarkən və ya fikirlərini toplamaq istəyəndə baxışlarını yayındıra bilərlər. Bu davranış mütləq diqqətsizlik və ya səmimiyyətsizlik anlamına gəlmir.
4. Diqqət göstərmək üçün daim göz təması qurmaq vacib deyil
Kanadanın Makqill Universitetində 2023-cü ildə aparılan araşdırma üz-üzə söhbət edən insanların bir-birinin gözlərinə birbaşa baxmağa az vaxt sərf etdiyini göstərib. İştirakçılar diqqətlərini üzün müxtəlif hissələri arasında dəyişiblər.
Araşdırmaya görə, hamı üçün keçərli olan ideal göz təması müddəti yoxdur. Bəzi mədəniyyətlərdə birbaşa baxış hörmət və etimad əlaməti sayılsa da, xüsusilə yaş və ya vəzifə fərqi olan münasibətlərdə bu davranış meydan oxumaq kimi də qəbul edilə bilər.
Beləliklə, söhbət zamanı göz təmasının mənasını yalnız baxışın özünə əsasən müəyyənləşdirmək düzgün deyil. İnsanın davranışı ünsiyyətin ümumi şəraiti və digər qeyri-verbal işarələrlə birlikdə qiymətləndirilməlidir.
Jalə


