YapiKredi Müraciət Forması
Kriminal

Əhmədlidə restoranda qətlin törədilməsində ittiham olunan 2 nəfər məhkəməyə çıxarılır

Əhmədlidə restoranda qətlin törədilməsində ittiham olunan 2 nəfər məhkəməyə çıxarılır

Bakının Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranda oktyabrın 23-də baş verən insident nəticəsində törədilən qətldə ittiham olunaraq saxlanılan iki nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi rayon məhkəməsində baxılacaq.

Qeyd edək ki, hadisə oktyabrın 23-də gecə Xətai rayonu, General Şıxlıniski küçəsində yerləşən keçmiş "Ab-hava" restoranında baş verib. 43 yaşlı Ceyhun Mirağayev bıçaqlanaraq qətlə yetirilib.

Qətli törətməkdə ittiham olunan Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlu saxlanılıb.

Bundan başaqa, restoranda baş verən kütləvi insidentə görə daha 11 nəfər tutulub.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan, əvvəllər məhkum olunmuş Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu və Xəyyam Səfixanov, eləcə də Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev həbs ediliblər.

Xatırladaq ki, saxlanılan şəxslərdən biri Əhməd Əlizadə deputat Arzuxan Əlizadənin oğludur.

Qeyd olunan şəxslərin cinayətkar aləmin qaydalarına uyğun həyat tərzi keçirməklə, mütəmadi qanunsuz fəaliyyətlə məşğul olduqları, kriminal araşdırmalar aparmaqla hədə-qorxu ilə pul tələb edilməsi, cinayətkar dairələrdə nüfuz qazanmaq və tələblərinə tabe olmayan şəxsləri sərt cəzalandırmaq üçün odlu, həmçinin soyuq silahlardan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurulması məqsədilə cinayətkar birlik yaratdıqları, eləcə də onun fəaliyyətində iştirak etdikləri müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə bütün halların, saxlanılanların hər birinin cinayətdə iştirakının, cinayətkar birliyin fəaliyyət istiqamətləri və əlaqələrinin müəyyən edilməsi məqsədilə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.