Türkiyədə "Müge Anlı ile Tatlı Sert" proqramında gündəmə gələn, ölümündən sonra kimliyi ilə bağlı həqiqətlər üzə çıxan Handan Kaya hadisəsi seriala çevrilir.
Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Handan" adlı səkkizseriyalı layihə real hadisələrdən ilhamlanaraq çəkilib. Baş rolda Ayta Sözeri yer alır.
Handan Kaya adı ilə tanınan şəxs 2017-ci ildə vəfat etdikdən sonra aparılan məhkəmə-tibbi ekspertizası onun bioloji cinsiyyətinin kişi olduğunu üzə çıxarıb. Araşdırmalar zamanı onun əsl adının Nail Ç. olduğu, Şükran Aktaş adına olan şəxsiyyət vəsiqəsindən istifadə etdiyi bildirilib.
Hadisənin digər diqqətçəkən məqamı 1994-cü ildə Çorlu Dövlət Xəstəxanasında itkin düşdüyü bildirilən körpə ilə bağlıdır. İllər sonra "Müge Anlı ile Tatlı Sert" proqramında araşdırılan məsələ zamanı Tansunun həmin uşaq ola biləcəyi ehtimalı ortaya çıxıb. DNT testinin nəticəsi onun Aysel Başarın bioloji qızı olduğunu təsdiqləyib.
Bedran Güzelin rejissoru olduğu serialda Ayta Sözeri ilə yanaşı, Asude Kalebek, Yağızcan Konyalı, Murat Kılıç, Sedef Avcı və Nursel Köse də rol alır.
Səkkiz bölümdən ibarət layihənin hansı platformada və nə vaxt yayımlanacağı hələ açıqlanmayıb.


