YapiKredi Müraciət Forması
İdman Özəl

Messi-Ronaldo yarışında cəmi 91 səs fərqi – 2 803 nəfərin seçimi açıqlandı

Messi-Ronaldo yarışında cəmi 91 səs fərqi – 2 803 nəfərin seçimi açıqlandı

Futbol tarixinin ən yaxşı oyunçusunun kim olduğu ilə bağlı müzakirələr səngimək bilmir. Türkiyənin "Onedio" nəşrinin keçirdiyi sorğuda Lionel Messi və Kriştiano Ronaldo arasında gərgin rəqabət yaşanıb. Argentinalı ulduz cəmi 91 səs fərqi ilə portuqaliyalı rəqibini qabaqlayıb.

Demokrat.az xəbər verir ki, oktyabrın 20-dən 25-dək keçirilən sorğuda ümumilikdə 2 803 nəfər iştirak edib.

Messi 1 114 səslə birinci olub. İştirakçıların 39,7 faizi onu bütün dövrlərin ən yaxşı futbolçusu seçib. Səkkiz dəfə "Qızıl top" mükafatına layiq görülən argentinalı futbolçu 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olub. O, hazırda ABŞ-nin "İnter Mayami" klubunda çıxış edir.

İkinci yerdə 1 023 səs və 36,5 faizlik nəticə ilə Kriştiano Ronaldo qərarlaşıb. Beş dəfə "Qızıl top" qazanan portuqaliyalı ulduz karyerasını Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda davam etdirir. İki futbolçu birlikdə sorğuda iştirak edənlərin səslərinin təxminən 76 faizini toplayıb.

Üçüncü yeri 258 səslə (9,2 faiz) braziliyalı Ronaldo Nazario tutub. Növbəti pillədə 131 səslə (4,7 faiz) Niderland futbolunun əfsanəsi Yohan Kroyff qərarlaşıb.

Digər namizədlərin nəticələri isə belə olub: Alfredo Di Stefano 60, Frans Bekkenbauer 57, Karl-Haynz Rummenigge 51, Mişel Platini 44, Marko van Basten 42, Kevin Kiqan isə 23 səs toplayıb.

Qeyd edək ki, "Qızıl top"un "Bütün zamanların ən yaxşısı" adlı rəsmi səsverməsində mükafatı ən azı iki dəfə qazanan 10 futbolçu namizəd göstərilib. Rəsmi səsvermə oktyabrın 27-də başa çatacaq, nəticələr isə oktyabrın 28-də açıqlanacaq.

Jalə