İpoteka kreditlərinin verilməsi qaydalarında edilən dəyişikliklər və müraciət prosesində biometrik üz tanıma texnologiyasının tətbiqi mənzil almaq istəyən vətəndaşlar üçün yeni imkanlar yarada bilər.
Bəs bu yeniliklər ipoteka müraciətlərini nə dərəcədə asanlaşdıracaq, maklerlərin prosesə müdaxiləsini azaldacaqmı və vətəndaşların mənzil alarkən üzləşdiyi əsas problemlərin həllinə kömək edəcəkmi?
Demokrat.az-a açıqlama verən əmlak eksperti Anar Nəsirovun sözlərinə görə, yeni qaydalar vətəndaşların ipoteka imkanlarından daha ədalətli şəkildə yararlanmsına şərait yarada bilər.

Onun sözlərinə görə, eyni şəxsin dəfələrlə ipoteka vasitəsilə mənzil əldə etməsinin qarşısının alınması daha çox vətəndaşın bu imkanlardan yararlanmasına kömək edə bilər:
"Daşınmaz əmlak vasitəçilərinin əsas işi mənzillərin satışını təşkil etmək və real alıcıları əmlakla əlaqələndirməkdir. Bu fəaliyyət daşınmaz əmlakı alıb-sataraq gəlir əldə edən şəxslərin fəaliyyətindən fərqlənir.
El arasında "alverçi" və ya "al-satçı" adlandırılan şəxslər isə adətən bazar qiymətindən aşağı, xüsusilə təcili satılan mənzilləri alırlar. Daha sonra həmin mənzillərdə təmir və digər işlər apararaq üzərinə müəyyən gəlir əlavə etməklə yenidən satışa çıxarırlar. Bu, onların biznes fəaliyyətinin əsasını təşkil edir.
İpoteka kreditindən yararlanmaq üçün vətəndaşın ödəmə qabiliyyəti, gəlirləri və digər şərtlərə uyğunluğu nəzərə alınır. Buna görə də daşınmaz əmlak vasitəçilərinin hamısının və ya alqı-satqı ilə məşğul olan şəxslərin ipoteka imkanlarından yararlana bilməyəcəyini əvvəlcədən demək düzgün olmaz. Hər bir müraciətçinin gəliri və ödəmə qabiliyyəti fərdi qaydada qiymətləndirilir.
Yeni qaydalar çərçivəsində üz tanıma sisteminin tətbiqi şəxsin kimliyinin müəyyənləşdirilməsini və əvvəlki ipoteka müraciətləri barədə məlumatların yoxlanılmasını asanlaşdıra bilər. Bu, eyni şəxsin təkrarən ipoteka vasitəsilə mənzil əldə etməsi hallarına nəzarəti gücləndirə və güzəştli mənzillərin daha geniş vətəndaş kütləsi üçün əlçatan olmasına töhfə verə bilər.
Bununla belə, yeni mexanizmin təkrar ipoteka müraciətlərinə necə təsir edəcəyi onun konkret şərtlərindən və tətbiq qaydalarından asılı olacaq".


