Prezident İlham Əliyev Ankarada keçiriləcək Türl Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə iştirak etməyəcək. Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək.
Azərbaycan Prezidentinin Zirvə görüşündə iştirak etməməsi son dövrlər Türkiyədə Bakıya qarşı informasiya hücumlarına görə yaşananlar fonunda diqqət çəkir, hətta bu istiqamətdə şərh olunur, hərçənd ki, reallıq başqadır.
Birincisi, Türkiyədən Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyasına baxmayaraq, qardaşlıq münasibətləri davam edir.
İkincisi, liderlər arasında qardaşlıq və dostluq münasibətləri yerindədir: Prezident İlham Əliyev Türkiyənin 29 oktyabr – Respublika Günü münasibətləri Prezident Rəcəb Tayyip Ərdoğana ünvanladığı məktub da bunu deməyə əsas verir. Ərdoğana əziz qardaşım deyə xitab edən Prezident İlham Əliyev bəyan edir ki, Azərbaycan və Türkiyəni tarixi sınaqlarından çıxmış dostluq və qardaşlıq telləri bağlayır.
Prezidentin TDT-nin Zirvə görüşündə iştirak edə bilməməsinin əsl səbəbi nədir?
Səbəb öncədən planlaşdırılan iş qrafikidir. Oktyabrın 30-da Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarının mükafatlandırılması mərasimi olacaq. Prezident İlham Əliyev mərasimdə finalçıları mükafatlandıracaq. Bu çempionat oktyabrın 24-də başlayıb və final mərhələsinin 30 oktyabrda keçiriləcəyi bəlli idi. Yəni dövlət başçısının mərasimdə iştirakı da öncədən planlaşdırılmışdı.
FİFA-nın 189 üzv assosiasiyasını bir araya gətirən tədbir kifayət qədər mühüm idman hadisəsidir və təbii ki, belə bir tədbirə ev sahibliyi etmək ölkəmizin beynəlxalq imicinin güclənməsi baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva FIFA Prezidenti Canni İnfantinonun da qatıldığı açılış mərasimində iştirak ediblər, finalçıların mükafatlandırılması da əvvəldən planlaşdırılıb.
Azərbaycan liderinin Türkiyəyə gedə bilməməsi (getməməsi deyil, məhz gedə bilməməsi) sırf iş qrafiki ilə bağlıdır. Türkiyənin bunu anlayışla qarşıladığına şübhə yoxdur, çünki daha öncə Azərbaycan da eyni anlayışı göstərib.
Misal üçün, 2024-cü ildə TDT-nin Şuşada keçirilən qeyi-rəsmi Zirvə görüşündə Prezident Rəcəb Tayyip Ərdoğan iştirak edə bilməmiş, Türkiyəni vitse-prezident Cövdət Yılmaz təmsil etmişdi. Həmin gün Ərdoğan Berlində keçirilən Türkiyə və Niderland milli komandaları arasında futbol üzrə Avropa çempionatının 1/4 final qarşılaşmasını izləyirdi. Şuşa görüşü Azərbaycan üçün olduqca əhəmiyyəti hadisə idi. Çünki TDT-yə üzv dövlətlərin liderləri azad olunmuş ərazilərdə bir araya gəlirdilər. Bu, türk birliyinin Şuşadan sərginlənməsi demək idi. Lakin Türkiyə rəhbərliyi proqramını öz istəyi çərçivəsində qurdu: Prezidenti Berlində futbol matçına getdi, vitse-prezident Şuşaya gəldi.
Bu cür hallar müxtəlif vaxtlarda təkrarlanıb. Bu ilin may ayında Bakıda keçirilən XIII Ümumdünya Şəhərsalma Forumunun açılışında Türkiyə Prezidenti yox, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum iştirak edib. Oktyabrın 15-də isə Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin - CICA-nın VII Zirvə görüşünə də Türkiyə Prezidenti yox, xarici işlər naziri Hakan Fidan qatılıb.
TDT-nin Ankarada keçirilən Zirvə görüşünə də Prezident İlham Əliyev yox, xarici işlər naziri Ceyhun Bayramov qatılır və Azərbaycan liderini təmsil edir.
Diplomatik münasibətlərdə bu normal haldır. Azərbaycab-Türkiyə münasibətlərində də bu cür hallar təbii qarşılanır. Əslində qardaşlıq münasibətlərini də bunu tələb edir. Tərəflərin bir-birinin proqramını, planlarını anlayışla qarşılamaq, hörmətlə qəbul etmək və müxtəlif səviyyələrdə ortaq işi davam etdirmək Azərbaycan-Türkiyə qardaşlııq münasibətlərinin təcrübəsində var. Bu dəfə də Azərbaycanın gündəliyində beynəlxalq idman hadisəsi olan tədbir var.
Zirvədə iştirak edən Ceyhun Bayramov Prezident İlham Əliyevin tapşırığına əsasən TDT-də Azərbaycanın işini həyata keçirir. TDT Azərbaycan üçün mühüm təşkilatdır. Bu təşkilatın təməllərini məhz Naxçıvanda atılması, eləcə də Azərbaycanın türk dünyasında dərin inteqrasiyaya nail olmaq istiqamətində tarixi fəaliyyəti də bunu deməyə əsas verir. Ankara Zirvəsində keçiriləcək görüşlər, təşkilatın gələcəyi ilə bağlı aparılacaq müzakirələr və qərarlar birbaşa Prezident İlham Əliyevin diqqət mərkəzindədir.
Bütün bunların fonunda bir məqam da xüsusi vurğulanmalıdır: diplomatiyada qarşılıqlılıq təcrübəsi və bərabərlik önəmlidir. Azərbaycan-Türkiyə qardaşlığı da tərəflərin bir-birinin gündəliyinə hörmət və anlayışla qarşılaması ilə daha da güclənir.
Vaqif Hüseynli


