Gecə yuxudan oyanaraq yenidən yata bilməmək hər zaman yuxu pozuntusunun əlaməti deyil. Lakin stress və narahatlıq insanın yenidən yuxuya getməsinə mane ola, adi problemləri olduğundan daha ciddi göstərərək mənfi düşüncələri gücləndirə bilər. Psixoloqlar belə anlarda tələsik qərarlar verməməyi tövsiyə edirlər.
Demokrat.az xəbər verir ki, bu barədə İspaniyanın "El Español" nəşri psixoloq Silvia Severinonun açıqlamalarına istinadən yazıb.
Mütəxəssisin sözlərinə görə, yuxu dövrləri arasında qısa müddətə oyanmaq, o cümlədən səhər saatlarına yaxın yuxudan ayılmaq normal haldır. Problem insanın yenidən yata bilməməsi və narahat düşüncələrə qapılması zamanı yaranır. Yorğunluq və təşviş bir-birini gücləndirərək gündəlik çətinliklərin gecə saatlarında daha ağır görünməsinə səbəb ola bilər.
Severino bildirir ki, gecə yarısı, xüsusilə saat 3 radələrində insanın ağlına gələn fikirləri mütləq həqiqət kimi qəbul etmək düzgün deyil. Bu zaman beyin yuxu ilə oyaqlıq arasında keçid vəziyyətində ola bilər və insan yaşadığı hadisələri obyektiv qiymətləndirməkdə çətinlik çəkə bilər.
Psixoloq gecə narahatlıq içində oyananlara vacib qərarlar verməməyi, emosional vəziyyətin təsiri altında tələsik nəticələr çıxarmamağı məsləhət görür. Onun fikrincə, istirahətdən sonra eyni problemə münasibət dəyişə bilər: gecə saatlarında çıxılmaz görünən vəziyyət səhər daha asan həll edilə bilən məsələ kimi dəyərləndirilə bilər.
"Unobravo" şirkətinin İspaniyada 1500 yetkin insan arasında keçirdiyi sorğuya əsasən, iştirakçılar sutka ərzində orta hesabla 6,7 saat yatırlar. Bu göstərici böyüklər üçün tövsiyə edilən ən azı yeddi saatlıq yuxu müddətindən aşağıdır. Sorğu iştirakçılarının yalnız 47 faizi yeddi saatdan çox yatdığını bildirib, 9 faizi isə gecə beş saatdan az yuxu aldığını qeyd edib.
Stress, yatmazdan əvvəl telefondan istifadə, kofein, səs-küy və ağır qidalar yuxunun keyfiyyətinə mənfi təsir göstərən amillər arasında sadalanır.
Mütəxəssislər yuxu rejiminə əməl etməyi, yatmazdan əvvəl ekran qarşısında keçirilən vaxtı azaltmağı və rahat istirahət mühiti yaratmağı tövsiyə edirlər. Keyfiyyətli yuxu emosional tarazlığın, diqqətin və stresslə mübarizə qabiliyyətinin qorunmasında mühüm rol oynayır.
Jalə


