YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Bağırsaqların fəaliyyətini yaxşılaşdıran tərəvəz

Bağırsaqların fəaliyyətini yaxşılaşdıran tərəvəz

Balqabaqkimilər fəsiləsinə aid olan kabaçki bağırsaqların normal fəaliyyətini dəstəkləyən faydalı tərəvəzlərdən biridir. Tərkibindəki su, lif, vitamin və minerallar həzmin yaxşılaşmasına, bağırsaq hərəkətlərinin tənzimlənməsinə kömək edə bilər.

Demokrat.ax xəbər verir ki, bu barədə "Kuchnia" portalı məlumat yayıb.

Kabaçkinin əsas üstünlüklərindən biri lif və su ilə zəngin olmasıdır. Bu maddələr bağırsaqların peristaltikasını dəstəkləyir və nəcisin müntəzəm ifrazına kömək edir. Tərəvəz yumşaq dadı və asan hazırlanması ilə seçildiyindən həssas həzm sisteminə malik insanların qida rasionuna da daxil edilə bilər.

Mütəxəssislər tərəvəzin hazırlanma üsuluna da diqqət yetirməyi tövsiyə edirlər. Kabaçkinin buxarda bişirilməsi və ya az miqdarda yağla pörtlədilməsi daha münasib hesab olunur. Dərin yağda qızardılmış yeməklər isə xüsusilə yağlı qidalardan sonra narahatlıq yaşayan insanlarda həzmi çətinləşdirə bilər.

Kabaçki yalnız bağırsaqlar üçün deyil, ümumi sağlamlıq baxımından da faydalıdır. Onun tərkibində olan kalium əzələlərin normal fəaliyyəti və qan təzyiqinin tənzimlənməsi, maqnezium isə sinir sisteminin işi üçün əhəmiyyətlidir. C vitamini immun sisteminin normal fəaliyyətini dəstəkləyir. Tərəvəzdə göz sağlamlığı üçün vacib olan lutein və zeaksantin də mövcuddur.

Bağırsaqların sağlamlığını qorumaq üçün isə təkcə bir tərəvəzlə kifayətlənmək olmaz. Müxtəlif və balanslı qidalanmaq, kifayət qədər su içmək və fiziki aktivliyi qorumaq vacibdir. Lif qəbulunu birdən-birə artırmaq köp və şişkinliyə səbəb ola biləcəyindən, bu dəyişiklik tədricən edilməlidir.

Qəbizlik, şişkinlik və digər həzm problemləri uzun müddət davam edərsə, yalnız qidalanmanı dəyişməklə kifayətlənməyib həkimə müraciət etmək tövsiyə olunur.

Jalə