YapiKredi Müraciət Forması
Özəl Texnologiya

Bu üsulla WhatsApp hesabınız ələ keçirilə bilər — Diqqət!

Bu üsulla WhatsApp hesabınız ələ keçirilə bilər — Diqqət!

Son günlər WhatsApp istifadəçilərinin hesablarının ələ keçirilməsinə yönələn kiberhücumlar diqqət çəkir. Dələduzlar birdəfəlik təsdiqləmə kodlarından və müxtəlif aldatma üsullarından istifadə etməklə şəxsi yazışmalara, məlumatlara və maliyyə imkanlarına çıxış əldə etməyə çalışırlar.

Bəs istifadəçilər bu cür hallardan necə qoruna bilər və hesabın ələ keçirilməsi zamanı hansı addımları atmalıdırlar?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında informasiya texnologiyaları üzrə mühəndis, tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib ki, bu cür hallar kiberdələduzların istifadəçi hesablarını başqa cihazlarda aktivləşdirmək cəhdləri ilə əlaqəli ola bilər.

Bu üsulla WhatsApp hesabınız ələ keçirilə bilər — Diqqət!

Onun sözlərinə görə, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi anlamına gəlmir:

"Kiberdələduzlar əsasən sosial mühəndislik və fişinq üsullarından istifadə edirlər. Onlar özlərini WhatsApp əməkdaşı, mobil operator nümayəndəsi və ya tanış şəxs kimi təqdim edərək istifadəçidən SMS vasitəsilə göndərilən altırəqəmli təsdiqləmə kodunu tələb edirlər. Bəzi hallarda isə saxta keçidlər, QR kodlar və aldadıcı bildirişlər vasitəsilə hesabın başqa cihazla əlaqələndirilməsinə nail olurlar.

İstifadəçilər bilməlidirlər ki, birdəfəlik təsdiqləmə kodu hesabın təhlükəsizliyini təmin edən əsas vasitələrdən biridir və heç bir halda digər şəxslərlə paylaşılmamalıdır. Əgər istifadəçi özü WhatsApp-a giriş etməyə çalışmayıbsa, ona göndərilən koddan istifadə etməməli və hər hansı giriş sorğusunu təsdiqləməməlidir.

Hesabın təhlükəsizliyini gücləndirmək üçün WhatsApp-ın parametrlərində ikiaddımlı doğrulama aktivləşdirilməli, əlavə PIN-kod təyin edilməli və hesabın bərpası üçün təhlükəsiz elektron poçt ünvanı əlavə olunmalıdır. Bununla yanaşı, "Əlaqələndirilmiş cihazlar" bölməsi mütəmadi yoxlanılmalı, tanınmayan cihazların hesaba girişinə dərhal son verilməlidir. İkiaddımlı doğrulama hesabın qorunmasını gücləndirsə də, bütün kiberhücumların qarşısını tam almır.

Hesab ələ keçirildiyi halda ilk növbədə onun üzərində nəzarət bərpa edilməlidir. Bunun üçün istifadəçi öz telefon nömrəsi ilə WhatsApp-a yenidən daxil olaraq rəsmi təsdiqləmə prosesindən keçməlidir. Eyni zamanda, yaxınları və əlaqə siyahısındakı şəxslər dərhal xəbərdar edilməlidir. Çünki dələduzlar ələ keçirilmiş hesabdan istifadə edərək həmin şəxsin adından pul istəyə və saxta keçidlər göndərə bilərlər.

Əgər bank kartı məlumatları paylaşılmışsa və ya şübhəli maliyyə əməliyyatları müşahidə edilirsə, dərhal bankla əlaqə saxlanılmalı, kart bloklanmalı və zəruri hallarda hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Kiberdələduzların əsas hədəfi təkcə texnoloji sistemlər deyil, həm də insanların etibarı və diqqətsizliyidir. Buna görə rəqəmsal təhlükəsizlik qaydalarına əməl etmək, şübhəli mesajlara qarşı diqqətli olmaq və təsdiqləmə kodlarını məxfi saxlamaq bu cür hücumlardan qorunmağın ən effektiv yollarındandır".

Nuray Paşşanlı