Türkiyəli aktyor Kadir İnanırın uzun illər həyat yoldaşı kimi tanınan Jülide Kural sənətçinin vəfatından sonra mirası və əmlakı ilə bağlı ortaya atılan iddialara münasibət bildirib. O, İnanırın 2015-ci ildə birlikdə yaşadıqları evi, 2022-ci ildə isə bütün əmlakını və ad hüquqlarını ona vəsiyyət etdiyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, Kural yazılı açıqlamasında mərhum aktyorun böyük sərvət sahibi olması barədə iddiaların həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, İnanırın əmlakı birlikdə yaşadıqları evdən, üç köhnə avtomobildən və bank hesabındakı müəyyən məbləğdə vəsaitdən ibarət olub.
Kural aktyorun kolleksiyaları ilə bağlı yayılan məlumatları da təkzib edib. O, İnanırın qurbağa kolleksiyasının yüksək maddi dəyər daşımadığını, daha çox mənəvi əhəmiyyət kəsb etdiyini deyib. Aktyorun 25 ədəd "Rolex" saatına sahib olması barədə məlumatların da doğru olmadığını vurğulayıb.
"Əsas məsələ miras deyil"
Jülide Kural müzakirələrin yalnız miras ətrafında aparılmasına etiraz edib. O, bütün həyatı boyu öz əməyi ilə ayaqda qaldığını və iqtisadi müstəqilliyini qoruduğunu bildirib. Kuralın fikrincə, onun bir kişinin sərvətinə sahib olmağa çalışan şəxs kimi təqdim edilməsi qadınların əməyinə və sərbəst qərar vermək hüququna məhəl qoymayan yanaşmanın göstəricisidir.
O, Kadir İnanırla uzunmüddətli münasibətlərində niyə rəsmi nikaha daxil olmadıqlarına da aydınlıq gətirib. Kuralın sözlərinə görə, evlənmək istəməyən tərəf özü olub. Onların münasibətləri hüquqi bağdan daha çox qarşılıqlı sevgi, etibar və birlikdə yaşamaq iradəsi üzərində qurulub.
Vəsiyyətin hazırlanma qaydasını açıqladı
Kural bildirib ki, Kadir İnanır 2015-ci ildə birlikdə yaşadıqları evi, 2022-ci ildə isə bütün əmlakını və ad hüquqlarını əhatə edən yeni vəsiyyətnamə hazırlayaraq ona vəsiyyət edib. Onun sözlərinə görə, sonuncu sənəd dövlət xəstəxanasından alınmış sağlamlıq arayışından sonra notariusun və iki şahidin iştirakı ilə tərtib olunub.
Kural aktyorun sağlığında verdiyi qərarlara hörmət edildiyi kimi, ölümündən sonra ifadə etdiyi iradəsinə də hörmət göstərilməli olduğunu vurğulayıb. O, İnanırın vaxtilə maddi və mənəvi dəstək verdiyi bəzi şəxslərin sonradan bu dəstəyin bitməsini qəbul edə bilmədiyini də iddia edib.
Aktyorun vəfatından sonra yaşadığı kədərin belə müzakirə mövzusuna çevrilməsindən narazılığını bildirən Kural, ona qarşı səsləndirilən həqiqətə uyğun olmayan fikirlərə görə hüquqi addımlar atacağını açıqlayıb. O, prosesin vəkili Bişar Alınak tərəfindən aparılacağını bildirib.
Kural açıqlamasını Kadir İnanırın yoxluğunun yaratdığı ağrını ifadə edən sözlərlə yekunlaşdırıb: "Ah Kadir, sən gedəndən dünya pis gündədir... Çox pis!"
Jalə


