Yollarda təhlükəsizlik tələblərinə əməl olunması sürücülərin və piyadaların həyatının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Lakin bəzi yollarda açıq kanalizasiya quyuları və digər təhlükəli maneələr qəza riskini artırır. Belə hallarda məsuliyyətin kimə aid olduğu və təhlükənin aradan qaldırılması üçün hansı tədbirlərin görülməli olduğu məlum olmur.
Yollardakı vəziyyətə görə avtomobilə ziyan dəydikdə və ya yol-nəqliyyat hadisəsi baş verdikdə hüquqi məsuliyyət kimin üzərinə düşür və zərərçəkən sürücü dəymiş ziyanın ödənilməsini hansı qaydada tələb edə bilər?
Demokrat.az-a bu barədə danışan hüquqşünas Elnur Məmmədov söyləyib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, avtomobil yollarının təhlükəsiz vəziyyətdə saxlanılması, yol örtüyündə mövcud olan təhlükələrin vaxtında aradan qaldırılması və hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi aidiyyəti qurumların vəzifələrinə daxildir.

Onun sözlərinə görə, yolda qapaqsız kanalizasiya quyusunun olması nəticəsində avtomobilə maddi ziyan dəydikdə və ya yol-nəqliyyat hadisəsi baş verdikdə, məsuliyyət konkret şəraitdən asılı olaraq yolun saxlanılmasına cavabdeh təşkilatın, kanalizasiya şəbəkəsinin balanssaxlayıcısının və ya digər məsul qurumun üzərinə düşə bilər:
"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1097-ci maddələrinə əsasən, hüquqa zidd hərəkət və ya hərəkətsizlik nəticəsində başqasına vurulmuş zərər qanunla müəyyən edilmiş qaydada ödənilməlidir. Zərərçəkmiş sürücü ilk növbədə hadisə barədə Dövlət Yol Polisi orqanlarına məlumat verməli, hadisə yerinin foto və video görüntülərini çəkməli, dəymiş ziyanı ekspert rəyi və ya digər sənədlərlə təsdiqləməlidir. Bundan sonra sürücü məsul quruma yazılı müraciət edərək maddi ziyanın könüllü ödənilməsini tələb edə bilər. Tələb təmin edilmədikdə isə müvafiq sübutlarla məhkəməyə müraciət etmək hüququna malikdir. Qeyd edilməlidir ki, məsuliyyətin müəyyən olunmasında təhlükəli quyunun hansı qurumun balansında olması, təhlükəsizlik tədbirlərinin görülüb-görülməməsi, sürücünün yol hərəkəti qaydalarına riayət etməsi və hadisə ilə dəymiş zərər arasında səbəbli əlaqənin mövcudluğu mühüm əhəmiyyət daşıyır".
Bildirək ki, ötən günlərdə Xırdalan dairəsi yaxınlığında minik avtomobilinin təkərinin qapaqsız kanalizasiya quyusuna düşməsi yollarda təhlükəsizlik məsələsini bir daha gündəmə gətirib. Yol örtüyündəki bu cür təhlükəli maneələr sürücülərin hərəkətinə ciddi çətinlik yaradır, avtomobillərin zədələnməsinə və yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər. Xüsusilə gecə saatlarında, zəif işıqlandırılan yollarda və yağışlı havada açıq quyuları vaxtında görmək çətinləşir ki, bu da qəza riskini daha da artırır.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.


