Azərbaycanda sükan arxasında telefondan istifadəyə görə cərimələrin xüsusi texniki vasitələrlə qeydə alınması təklif olunur. Yeni mexanizm tətbiq edilərsə, sürücülərin bu qayda pozuntusu təkcə yol polisi tərəfindən deyil, kamera və videoqeydiyyat vasitəsilə də aşkarlana biləcək.
Bəs bu dəyişiklik sürücülərin məsuliyyətini artıracaqmı və cərimələrin tətbiqində hansı yeniliklərə səbəb olacaq?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında beynəlxalq dərəcəli təlimçi və avtoekspert Adil Nəbiyev bildirib ki, sürücülərin nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadəsinə görə inzibati məsuliyyətin xüsusi texniki vasitələr, yəni müşahidə kameraları və videoqeydiyyat sistemləri vasitəsilə müəyyənləşdirilməsi yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm addımdır.

Onun sözlərinə görə, burada əsas məsələ cərimənin məbləğinin artırılması deyil, mövcud qayda pozuntusunun aşkarlanması mexanizminin genişləndirilməsidir:
"Hazırda nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün mobil telefonu əlində saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində inzibati cərimə nəzərdə tutulur. İndiyədək bu cür qayda pozuntularının aşkar edilməsində əsas rol yol polisi əməkdaşlarının üzərinə düşürdüsə, təklif olunan yeni mexanizm qəbul ediləcəyi təqdirdə, artıq sürücünün telefonla danışması, mesaj yazması və ya telefonu əlində saxlayaraq ondan istifadə etməsi xüsusi texniki vasitələr vasitəsilə də qeydə alına biləcək. Bu isə o deməkdir ki, sürücü yol polisi əməkdaşını görmədiyi ərazidə də qanun pozuntusuna yol verdikdə məsuliyyətə cəlb oluna bilər. Əslində, bu dəyişiklik sürücülərin davranışına ciddi təsir göstərə bilər. Çünki bu gün bəzi sürücülərimiz yol hərəkəti qaydalarına təhlükəsizlik naminə deyil, yalnız cərimələnməmək üçün əməl edirlər. Yol polisi əməkdaşını gördükdə telefonu dərhal kənara qoyan, nəzarət olmadığını düşündükdə isə yenidən telefondan istifadə edən sürücülərə rast gəlirik. Yeni sistemin tətbiqi ilə belə yanaşmanın dəyişməsi mümkündür. Sürücü artıq bilməlidir ki, yol hərəkətinə nəzarət yalnız yol polisi əməkdaşının fiziki iştirakı ilə məhdudlaşmır. Müasir texnologiyalar vasitəsilə qayda pozuntuları günün müxtəlif saatlarında, fərqli yol sahələrində və nəqliyyatın intensiv hərəkət etdiyi ərazilərdə qeydə alına bilər.
Xüsusilə qeyd etmək istəyirəm ki, sükan arxasında mobil telefondan istifadə sadəcə inzibati xəta deyil, insan həyatı üçün ciddi təhlükə yaradan davranışdır. Avtomobil idarə etmək sürücüdən fasiləsiz diqqət, düzgün müşahidə, çevik qərarvermə və vaxtında reaksiya tələb edir. Sürücü telefonun ekranına baxdığı zaman ətrafda baş verən hadisələri tam qiymətləndirmək imkanını itirir. Məsələn, saatda 60 kilometr sürətlə hərəkət edən avtomobil bir saniyə ərzində təxminən 17 metr, üç saniyə ərzində isə 50 metr məsafə qət edir. Təsəvvür edin ki, sürücü cəmi üç saniyə ərzində telefonuna gələn mesajı oxumaq üçün diqqətini yoldan yayındırır. Həmin müddətdə qarşıdakı avtomobil qəfil tormozlaya, piyada yolun hərəkət hissəsinə çıxa, velosipedçi istiqamətini dəyişə və ya başqa nəqliyyat vasitəsi təhlükəli manevr edə bilər".
Ekspert əlavə edib ki, sürücü isə həmin təhlükəni vaxtında görmədiyi üçün ağır yol-nəqliyyat hadisəsi baş verə bilər:
"Mobil telefondan istifadə zamanı sürücünün diqqəti yalnız vizual olaraq yayınmır, eyni zamanda onun düşünmə və qərarvermə qabiliyyəti də zəifləyir. Telefonla məşğul olan sürücü bəzən gözünü yola yönəltsə belə, yol şəraitində baş verən dəyişiklikləri vaxtında dərk edə bilmir. Təcrübədə müşahidə edirik ki, bəzi sürücülər svetoforun yaşıl işığı yandıqda hərəkətə gec başlayır, hərəkət zolağında düzgün mövqe seçmir, ara məsafəsini qorumur, səbəbsiz yerə sürəti azaldır və ya qəfil tormozlayırlar. Bu cür halların bir qismi məhz diqqətin mobil telefona yönəlməsi ilə bağlıdır. Nəticədə təkcə həmin sürücünün deyil, onun ətrafında hərəkət edən digər yol iştirakçılarının da təhlükəsizliyi risk altına düşür. Hesab edirəm ki, kamera nəzarətinin genişləndirilməsi xüsusilə bu baxımdan müsbət nəticə verə bilər. Lakin burada çox vacib bir məsələ var. Yeni sistem yalnız cərimələrin sayını artırmaq məqsədi daşımamalıdır. Əsas məqsəd sürücülərdə təhlükəsiz idarəetmə vərdişlərinin formalaşdırılması, diqqətsizlik nəticəsində baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması və insan həyatının qorunması olmalıdır. Bunun üçün tətbiq ediləcək texniki vasitələrin keyfiyyəti və dəqiqliyi xüsusi əhəmiyyət daşıyır. Çünki sürücünün əlində telefon olub-olmadığını müəyyənləşdirmək sürət həddinin aşılmasını və ya svetoforun qadağanedici işığında hərəkəti qeydə almaq qədər sadə proses deyil. Kamera avtomobilin salonunu, sürücünün əl hərəkətlərini və telefonla bağlı faktiki davranışını kifayət qədər aydın qeydə almalıdır. Məsələn, sürücünün əlində başqa bir əşyanın olması, əlini üzünə yaxınlaşdırması və ya avtomobilin salonundakı hər hansı hərəkət avtomatik olaraq telefondan istifadə kimi qiymətləndirilməməlidir. İnzibati məsuliyyət yalnız qanunla müəyyən edilmiş qayda pozuntusu etibarlı sübutlarla təsdiqləndikdə tətbiq olunmalıdır. Əks halda, texniki səhvlər nəticəsində əsassız cərimələr yarana və vətəndaşların bu sistemə olan etimadı zəifləyə bilər. Ona görə də xüsusi texniki vasitələrin qeydə aldığı görüntülərin keyfiyyətinə, məlumatların düzgün emal edilməsinə və şübhəli halların səlahiyyətli şəxslər tərəfindən yoxlanılmasına ciddi diqqət yetirilməlidir. Sürücülərin həmin görüntülərlə tanış olmaq və qərardan qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət vermək hüquqları da tam təmin edilməlidir. Digər mühüm məsələ odur ki, bu mexanizm cərimələrin rəsmiləşdirilməsi prosesini daha operativ və elektron formada həyata keçirməyə imkan verəcək. Əgər əvvəllər müəyyən qayda pozuntularının aşkarlanması üçün yol polisi əməkdaşının sürücünü saxlaması və müvafiq inzibati prosedurları həyata keçirməsi tələb olunurdusa, yeni mexanizm çərçivəsində kamera vasitəsilə aşkar edilmiş pozuntular üzrə məlumatların elektron sistemə ötürülməsi və qanunvericilikdə nəzərdə tutulan qaydada rəsmiləşdirilməsi mümkün olacaq. Bu, həm nəzarətin əhatə dairəsini genişləndirə, həm də yol polisi əməkdaşlarının iş yükünün müəyyən qədər azalmasına şərait yarada bilər. Eyni zamanda, yol polisi əməkdaşlarının diqqətini daha təhlükəli qayda pozuntularının qarşısının alınmasına yönəltmək mümkün olar. Ancaq burada bir məqamı da nəzərə almalıyıq ki, bütün müşahidə kameralarının avtomatik olaraq sürücünün telefondan istifadəsini müəyyən edə biləcəyi düşünülməməlidir. Bunun üçün uyğun texniki imkanlar, kifayət qədər aydın görüntü, müvafiq proqram təminatı və etibarlı məlumatların emalı sistemi tələb olunur. Həmçinin sürücülərin şəxsi məlumatlarının qorunması və görüntülərdən yalnız qanuni məqsədlərlə istifadə edilməsi təmin olunmalıdır. Mən hesab edirəm ki, yeni mexanizmin tətbiqindən əvvəl sürücülər arasında geniş maarifləndirmə işləri aparılmalıdır. İnsanlara izah edilməlidir ki, bu dəyişiklik hansı halları əhatə edir, hansı hərəkətlər inzibati xəta hesab olunur və kamera vasitəsilə qeydə alınan pozuntular necə rəsmiləşdiriləcək. Xüsusilə telefonun əldə saxlanılaraq istifadəsi ilə avtomobilin müvafiq avadanlıqları vasitəsilə həyata keçirilən rabitə arasında hüquqi fərqlər düzgün izah olunmalıdır.
Bununla yanaşı, sürücülərə bir daha xatırlatmaq istəyirəm ki, hətta əllərdən istifadə edilməyən rabitə vasitələri ilə uzun və emosional telefon danışıqları da diqqətin yayınmasına səbəb ola bilər. Ən təhlükəsiz davranış avtomobili idarə edərkən telefonla məşğul olmamaq, zəruri hallarda isə nəqliyyat vasitəsini təhlükəsiz və dayanmağa icazə verilən yerdə saxladıqdan sonra telefondan istifadə etməkdir. Təklif olunan dəyişikliklərin digər istiqaməti nəqliyyat vasitələrində reklam yerləşdirilməsi qaydalarının pozulmasının xüsusi texniki vasitələrlə aşkar edilməsidir. Bu sahədə də elektron nəzarətin tətbiqi qanunsuz reklamların müəyyənləşdirilməsini asanlaşdıra bilər. Lakin reklamla bağlı pozuntuların qiymətləndirilməsində dəqiq hüquqi meyarlar əsas götürülməlidir. Çünki avtomobilin üzərində hər hansı yazının və ya təsvirin olması avtomatik olaraq qanunsuz reklamın yerləşdirilməsi demək deyil. Reklamın məzmunu, yerləşdirilmə qaydası və tələb olunan razılığın mövcudluğu qanunvericiliyə uyğun şəkildə qiymətləndirilməlidir.
Ümumilikdə isə hesab edirəm ki, sükan arxasında telefondan istifadəyə kamera nəzarətinin tətbiqi ölkəmizdə yol hərəkəti təhlükəsizliyi sahəsində nəzarətin daha müasir mərhələyə keçməsinə şərait yarada bilər. Ancaq unutmaq olmaz ki, yol hərəkəti təhlükəsizliyi yalnız cərimələrlə təmin edilmir. Burada sürücünün şəxsi məsuliyyəti, peşəkar hazırlığı, təhlükəni əvvəlcədən qiymətləndirmək bacarığı və yol hərəkəti mədəniyyəti əsas rol oynayır. Biz sürücülərə izah etməliyik ki, sükan arxasında telefonla məşğul olmaq yalnız 50 manat itirmək riski deyil, bir insanın həyatını itirməsinə səbəb ola biləcək təhlükəli davranışdır. Heç bir telefon zəngi, sosial şəbəkə bildirişi və ya mesaj insan həyatından qiymətli deyil. Əgər bu dəyişikliklər qəbul edilərək texniki və hüquqi baxımdan düzgün tətbiq olunarsa, sürücülərin məsuliyyətinin artmasına, diqqətsizliklə bağlı qayda pozuntularının azalmasına və yol hərəkəti təhlükəsizliyinin yüksəlməsinə müsbət təsir göstərə bilər. Ən əsası isə məqsədimiz daha çox sürücünü cərimələmək deyil, daha az yol-nəqliyyat hadisəsinin baş verməsinə, daha az insanın xəsarət almasına və ən vacibi, yollarda insan itkilərinin minimuma endirilməsinə nail olmaq olmalıdır. Çünki yol hərəkətində ən böyük məsuliyyət cərimədən yayınmaq deyil, həm öz həyatımızı, həm də digər insanların həyatını qorumaqdır".


