Yeni televizorlarda film izləyərkən görüntünün həddindən artıq axıcı olması və kino ab-havasının itməsi hərəkət yumşaltma funksiyası ilə bağlı ola bilər. Bu texnologiya televizorun orijinal kadrlar arasına süni şəkildə əlavə görüntülər yerləşdirməsi nəticəsində yaranır.
Demokrat.az xəbər verir ki, "CHIP" nəşrinin məlumatına görə, bu funksiya ardıcıl iki kadrı təhlil edir, onların arasında baş verən hərəkəti təxmin edir və əlavə kadrlar yaradır. Nəticədə ekranda saniyədə göstərilən kadrların sayı artır və hərəkətlər daha hamar görünür. Lakin bu zaman filmin vizual üslubu dəyişərək studiyada çəkilən televiziya seriallarını xatırlada bilər.
4K görüntü ilə hərəkət yumşaltma eyni deyil
Xüsusilə saniyədə 24 kadrla çəkilən filmlərdə hərəkət yumşaltma effekti kino üçün xarakterik görüntünü dəyişə bilər. Halbuki 4K təsvirin detallılığını və dəqiqliyini ifadə edir, hərəkət yumşaltma isə kadrlar arasındakı keçidə müdaxilə edir. Buna görə də yüksək görüntü keyfiyyəti ilə həddindən artıq axıcı görüntü eyni anlayış deyil.
"Sony" şirkətinin texniki təlimatlarında da "Motionflow" funksiyasının hərəkəti daha hamar göstərmək üçün kadrların sayını artırdığı qeyd olunur. Bəzi televizorlarda bu effektin səviyyəsini istifadəçinin özü tənzimləyə bilir.
Problemi aradan qaldırmaq üçün hansı ayarı dəyişmək lazımdır?
İstehsalçılar bu funksiyanı müxtəlif adlarla təqdim edirlər. Məsələn, "Sony" televizorlarında "Motionflow", "LG" modellərində "TruMotion", "Samsung" cihazlarında isə "Auto Motion Plus" adından istifadə olunur. Ayarların yerləşdiyi menyu televizorun modelindən asılı olaraq dəyişə bilər.
"UHD Alliance" təşkilatının "Filmmaker Mode" təlimatına əsasən, bəzi televizorlarda film və kino rejimlərinin seçilməsi hərəkət yumşaltmanı avtomatik söndürür. Bu mümkün olmadıqda, görüntü parametrləri bölməsindən müvafiq funksiyanı ayrıca deaktiv etmək olar.
Hərəkət yumşaltma idman yayımlarında daha axıcı görüntü istəyənlər üçün faydalı ola bilər. Filmlərdə isə bu funksiyanı azaltmaq və ya söndürmək rejissorun nəzərdə tutduğu orijinal görüntü üslubuna daha yaxın nəticə əldə etməyə kömək edir.
Jalə


