Şəki rayonunun Baş Zəyzid kənd qəbiristanlığında məzar daşlarının qoyulması ilə bağlı fərqli qaydalar tətbiq olunur.
Demokrat.az xəbər verir ki, qəbiristanlıq iki hissədən ibarətdir və bu ərazilərdə məzarüstü daşlarla bağlı tələblər bir-birindən fərqlənir.
Məzarlığın yeni hissəsində bütün başdaşları eyni standartdadır. Burada fərqli formalı və təmtəraqlı məzar daşlarının qoyulmasına icazə verilmir. Qəbiristanlığın digər hissəsində isə məzar daşlarının formasına dair belə məhdudiyyət yoxdur. Böyük və fərqli dizaynda qəbir daşı qoymaq istəyənlər dəfn yeri seçərkən bunu əvvəlcədən nəzərə almalıdırlar. Belə ki, bu cür məzar daşlarına yalnız qəbiristanlığın sərbəst hissəsində icazə verilir. Qaydaların 2019–2024-cü illərdə Baş Zəyzid Bələdiyyəsinin sədri olmuş Məmməd Abdullayev tərəfindən tətbiq edildiyi bildirilir. Şəki Şəhər İcra Hakimiyyəti başçısının Baş Zəyzid kəndi üzrə nümayəndəsi Məmməd Həmzətov isə bu qaydaların nə vaxtdan tətbiq olunması barədə məlumat verib.
Məsələ ilə bağlı saytımıza açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, dəbdəbəli məzar daşları ilə bağlı İslamın mövqeyini Peyğəmbərimizin dövrünə və sonrakı dövrlərdə İslam alimlərinin fikirlərinə əsaslanaraq müəyyənləşdirmək mümkündür.

Onun sözlərinə görə, Allah Rəsulunun dövründə yeni bir mədəniyyət formalaşmışdı:
"Bu mədəniyyətə şəhərsalma, kənd həyatı və dövlət quruculuğu ilə yanaşı, məzarlıqlar, ölüm və ölümdən sonrakı həyatla bağlı məsələlər də daxil idi. Bu məsələlərə Qurani-Kərimdə və hədislərdə toxunulub. Həmin dövrdə də məzarların üzərinə baş daşı qoyulurdu. Lakin bu daş sadəcə bir nişan rolunu oynayır, həmin məzarda kimin dəfn olunduğunu göstərirdi. Əsas məqsəd bundan ibarət idi. Sonrakı dövrlərdə isə insanların məzarlıqlarda dəbdəbəyə və təmtərağa meyli artdı. "Atamın qəbri belə olsun, qardaşımın qəbri elə olsun" kimi düşüncələr zamanla qəbiristanlıqlarda israfçılığa gətirib çıxardı. Bu gün gördüyümüz dəbdəbəli məzar daşları, bahalı mərmərlər və təmtəraqlı tikililər vəfat edən insana heç bir fayda vermir.
Belə xərclər həm israfçılıqdır, həm də cəmiyyətə zərər vurur. Bəlkə də böyük bir qəbiristanlığın tikintisinə sərf olunan vəsaitlə bütöv bir şəhər salmaq olardı. Halbuki bu gün maddi dəstəyə ehtiyacı olan yüzlərlə, minlərlə insan, tələbələr, xəstələr və imkansız şəxslər var. Həmin vəsaiti onların əlindən tutmağa, maddi rifahını yaxşılaşdırmağa sərf etmək mümkündür. Görünür, insanların dini dünyagörüşü o qədər məhdudlaşıb ki, sağlığında insana lazımi dəyər verilmədiyi halda, vəfatından sonra bu qədər israfa yol verilir. Qurani-Kərimdə israfla bağlı ciddi xəbərdarlıqlar var. Buna görə də imkan daxilində israfdan çəkinmək lazımdır.İslam dini sadə məzar formasını uyğun görür.
Qəbrin torpaq səviyyəsindən bir qədər hündür olması, üzərində sadə bir daşın qoyulması və dəfn olunan şəxsin adının qeyd edilməsi kifayətdir. Bundan artığı israfdır və orada yatan insana heç bir fayda vermir. İslam dinində qəbirlərin üzərində büstlərin qoyulması uyğun hesab edilmir. Belə ənənələrin cahiliyyə dövründə də mövcud olduğu bildirilir. Həmin dövrdə ölən insanların heykəlləri hazırlanır, sonradan isə onlara sitayiş edilməsi və ibadət olunması kimi hallar meydana çıxırdı. Bu isə şirkə aparan bir yol idi. İslam dini bu cür yanaşmanı qəbul etmir və qəbirlərin üzərində büstlərin qoyulmasına ehtiyac görmür. Bu, dinimizin tövsiyə etdiyi yanaşma deyil".


