Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Rəhman Hümmətov bildirib ki, Bakıda xəttə çıxan 2600 avtobusdan köhnə dizel modelləri tam yığışdırılacaq. İl sonunadək onların sayı 500-ə enəcək, gələn il isə hamısı yenilənəcək.
Bəs bu avtobuslardan rayonlarda istifadə etmək olarmı? Ümumiyyətlə istismardan çıxarılan işlək avtobusların aqibəti necə olur?
Demokrat.az-a bu barədə açıqlama verən nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, bu yanaşma qlobal iqlim dəyişiklikləri ilə mübarizə çərçivəsində ölkəmizin atdığı addımlardan biridir:

"Bildiyiniz kimi, hazırda dünyada dekarbonizasiya, yəni karbon qazının atmosferə buraxılmasının azaldılması istiqamətində işlər görülür. İqlim dəyişiklikləri nəticəsində buzlaqlar əriyir, səhralaşma baş verir, müxtəlif bölgələrdə qeyri-adi təbiət hadisələri müşahidə olunur. Bütün bunlar iqlim dəyişikliklərinin nəticələridir. İqlim dəyişikliklərinin əsas səbəblərindən biri planetin temperaturunun artmasıdır. Temperaturun yüksəlməsinə təsir edən əsas amillərdən biri isə yanacaqların yanması nəticəsində atmosferə karbon qazının buraxılmasıdır. Ona görə də dövlətimiz bu istiqamətdə görülən işlərə töhfə vermək istəyir. Ölkəmizin ərazisi və sənaye potensialı çox böyük olmasa da, bir dövlət olaraq bizim də bu prosesə töhfə vermək borcumuzdur. Bu baxımdan atılan addım müsbət qiymətləndirilməlidir.
Digər tərəfdən, daxiliyanma mühərrikli avtobuslardan daha ekoloji nəqliyyat vasitələrinə keçid sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə də xidmət edəcək. Diqqət yetirsəniz, Bakıda hələ də kifayət qədər köhnə dizel mühərrikli avtobuslar var. Xüsusilə hündür, ağ rəngli "Daewoo" markalı avtobusların bəziləri 20 ildən çoxdur istismar olunur. Maddi imkanlar olsaydı, bu avtobuslar çoxdan yeniləri ilə əvəzlənərdi. Onlar istismar müddətlərini çoxdan başa vurublar. Həmin avtobuslarda sərnişinlərin minib-düşməsi narahatlıq yaradır, üstəlik, tez-tez sıradan çıxa bilirlər. Buna görə də avtobus parkının yenilənməsi sərnişindaşıma xidmətlərinin keyfiyyətini artıracaq".
Ekspert qeyd edib ki, bu dəyişikliklərin həyata keçirilməsi praktiki baxımdan da mümkündür:
"Məqsəd gələn ilin sonuna qədər Bakıda bu istiqamətdə ciddi irəliləyişə nail olmaqdır. Düzdür, Xankəndi, Naxçıvan, Laçın və Şuşa kimi ərazilərdə də elektrik avtobuslarından istifadə nəzərdə tutula bilər. Lakin həmin ərazilərdə avtobuslara tələbat nisbətən azdır və elektrik avtobuslarının təmin edilməsi daha asandır. Məsələn, Naxçıvana təxminən 60 avtobus lazım ola bilər və həmin sayda elektrik avtobusunun göndərilməsi məsələsi praktiki olaraq həll olunmaq üzrədir. Bakıda isə vəziyyət fərqlidir. Paytaxt üçün təxminən 2 600 avtobusdan söhbət gedir. Hətta gələcəkdə bu sayın artırılmasına ehtiyac olacaq, çünki 2 600 avtobus Bakı üçün kifayət etmir. İctimai nəqliyyata tələbat getdikcə artır. Bu dəyişikliklərin həyata keçirilməsi üçün müəyyən imkanlar da yaranıb. Belə ki, cari ilin əvvəlindən brutto müqavilə sistemi tətbiq olunmağa başlayıb. Bu sistem dövlətin daşıyıcılara iqtisadi və maliyyə dəstəyi göstərməsi deməkdir. Həmin dəstəyə hətta kreditlə alınmış avtobuslara görə kredit borclarının dövlət tərəfindən ödənilməsi də daxildir".
Ərşad Hüseynov söyləyib ki, ona görə də dizel mühərrikli avtobusların dövriyyədən çıxarılması və daha ekoloji nəqliyyat vasitələri ilə əvəzlənməsi ilk növbədə daşıyıcıların özləri üçün də əlverişlidir:
"Bu, həmçinin Bakı sakinləri, xüsusilə ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün vacibdir. Ümumilikdə, paytaxtın bütün sakinləri üçün tüstülü və səs-küylü avtobusların küçələrdən yığışdırılması faydalı olacaq. Bu istiqamətdə artıq müəyyən addımlar atılır. Məsələn, Sumqayıt şəhərində "BYD" markalı elektrik avtobuslarının yığılması prosesi gedir. Həmin nəqliyyat vasitələri hesabına Bakıdakı avtobus parkını da əhəmiyyətli dərəcədə yeniləmək mümkündür. Bəzi özəl daşıyıcılar isə sıxılmış təbii qazla işləyən avtobuslar gətirirlər. Belə avtobuslar dizel mühərrikli nəqliyyat vasitələri ilə müqayisədə atmosferə daha az karbon qazı buraxır. Bu keçid daşıyıcılar üçün də faydalıdır. Çünki "brutto" müqavilə sisteminin şərtlərinə əsasən, avtobuslar elektriklə və ya sıxılmış qazla işləməlidir. Dizel mühərrikli avtobuslarla brutto müqaviləsi bağlamaq mümkün deyil. Buna görə də daşıyıcıların bu sistemdən yararlanması üçün avtobus parkını yeniləməsi vacibdir. Üstəlik, "brutto" müqaviləsi bağlayan daşıyıcıların kredit öhdəliklərinin dövlət tərəfindən qarşılanması imkanı da var. Əgər sərnişindaşımadan, yəni gediş haqlarından əldə olunan gəlir kredit borclarının ödənilməsi üçün kifayət etməzsə, dövlət həmin öhdəliklərin qarşılanmasına dəstək göstərə bilər. Beləliklə, avtobus parkının yenilənməsi həm daşıyıcılar, həm sərnişinlər, həm də ətraf mühit baxımından faydalıdır. Bu keçidə ehtiyac var və mövcud imkanlardan istifadə etməklə həmin prosesi həyata keçirmək mümkündür".


