Kartofun bərabər bişməsi və formasını qoruması üçün onu əvvəlcədən qaynar suya deyil, soyuq suya qoymaq məsləhət görülür. Peşəkar aşpazların fikrincə, suyun tədricən qızması istiliyin kartofun içərisinə bərabər yayılmasına kömək edir.
Demokrat.az xəbər verir ki, bu barədə "Simply Recipes" nəşri dörd peşəkar aşpazın tövsiyələrinə istinadən məlumat yayıb.
Mütəxəssislər bildirirlər ki, kartof qaynar suya salındıqda onun xarici hissəsi daha tez bişir, içərisi isə çiy qala bilər. Bu isə kartofun çöl tərəfinin həddindən artıq yumşalmasına, daxili hissəsinin isə lazımi qədər bişməməsinə səbəb ola bilər.
Soyuq su ilə başlamaq xüsusilə kartof püresi, salat və qarnir hazırlayarkən faydalıdır. Bu üsul kartofun həm bərabər bişməsinə, həm də formasını qorumasına kömək edir.
Kartofu düzgün bişirməyin 4 qaydası
1. Eyni ölçüdə doğrayın. Kartof parçalarının ölçülərinin yaxın olması onların eyni vaxtda bişməsinə şərait yaradır. Doğranmış kartofu yumaq səthdəki artıq nişastanı da təmizləyir.
2. Üzərinə soyuq, duzlu su əlavə edin. Su kartof parçalarını təxminən 2,5 santimetr örtməlidir. Daha sonra qazanı ocağa qoyub suyu qaynamağa çatdırın.
3. Qaynadıqdan sonra ocağın istiliyini azaldın. Suyun güclü qaynaması kartofun parçalanmasına səbəb ola bilər. Buna görə zəif qaynama rejimində bişirmək tövsiyə olunur.
4. Hazır olub-olmadığını yoxlayın. Təxminən 2,5–5 santimetr ölçülü kartof parçalarının hazır olub-olmadığını qaynama başladıqdan 10 dəqiqə sonra yoxlamaq olar. Daha iri parçalar və bütöv kartoflar isə 15–20 dəqiqə və ya daha çox vaxt tələb edə bilər.
Aşpazların sözlərinə görə, əsas göstərici bişmə müddəti deyil, kartofun yumşaqlığıdır. Bıçaq və ya çəngəl parçanın ortasına asanlıqla daxil olursa, kartof hazırdır.
Bununla belə, bəzi hallarda kiçik kartofları və ya sonradan başqa üsulla bişiriləcək parçaları qaynar suya salmaq mümkündür. Lakin gündəlik yeməklər, püre və salatlar üçün soyuq sudan başlamaq daha etibarlı üsul hesab olunur.
Jalə


