Smartfonu enerji ilə doldurarkən yalnız adapterin və kabelin keyfiyyətinə deyil, onların hansı ardıcıllıqla qoşulmasına da diqqət yetirmək tövsiyə olunur. İstehsalçıların xəbərdarlığına görə, bəzi hallarda yanlış qoşulma ardıcıllığı cihazın elektron komponentləri üçün risk yarada bilər.
Demokrat.az xəbər verir ki, bu Almaniyanın CHIP.de portalı məlumat yayıb.
Məlumata görə, Huawei şirkəti telefonu enerji mənbəyinə qoşarkən əvvəlcə kabeli smartfona taxmağı, daha sonra adapteri elektrik rozetkasına qoşmağı potensial riskli hesab edir. Bunun səbəbi adapter rozetkaya qoşulan zaman bir neçə millisaniyə davam edən qısamüddətli gərginlik sıçrayışlarının baş verə bilməsidir. Müəyyən şəraitdə bu hal telefonun elektron sistemlərinə təsir göstərə bilər.
İstehsalçı xəbərdarlıq edir ki, belə problemlər məlumatların itirilməsi, cihazın işində ləngimə, ekranın titrəməsi, telefonun donması və ya yenidən başlaması kimi fəsadlara səbəb ola bilər. Həmçinin batareyanın işləmə müddətinin azalması və bəzi aparat komponentlərinin zədələnməsi riski də qeyd olunur.
Telefonu enerji mənbəyinə necə düzgün qoşmaq lazımdır?
Riskləri azaltmaq üçün əvvəlcə adapteri elektrik rozetkasına taxmaq, daha sonra kabeli telefonun enerji girişinə qoşmaq məsləhət görülür.
Cihazı enerji mənbəyindən ayırarkən də ardıcıllığa diqqət yetirmək tövsiyə olunur. İlk növbədə kabeli telefondan çıxarmaq, bundan sonra adapteri rozetkadan ayırmaq lazımdır.
CHIP.de-nin məlumatına görə, bəzi hallarda adapteri qoşarkən zəif vızıltı səsi eşidilə bilər. Lakin bu səs özlüyündə təhlükəli gərginlik sıçrayışının və ya nasazlığın sübutu deyil.
Qeyd edək ki, bu xəbərdarlıq mümkün risklərə aiddir və hər dəfə fərqli ardıcıllıqla qoşulmanın mütləq şəkildə telefona zərər verəcəyi anlamına gəlmir. Təhlükəsiz enerji doldurulması üçün istehsalçının cihazla bağlı təlimatlarına əməl etmək və uyğun adapterlərdən istifadə etmək vacibdir.
Jalə


