YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Yağsız və şəkərsiz şokoladlı piroq: Əsas sirr alma püresindədir

Yağsız və şəkərsiz şokoladlı piroq: Əsas sirr alma püresindədir

Alma püresi, tünd şokolad və bir neçə sadə ərzaqla yağ və əlavə şəkər istifadə etmədən dadlı şokoladlı piroq hazırlamaq mümkündür. Bu reseptdə alma püresi kərə yağını əvəz edir, şirniyyata yumşaqlıq və nəmli tekstura verir. Ukraynanın UNIAN nəşrinin yazdığına görə, piroqun hazırlanması və bişirilməsi də çox vaxt aparmır.

Demokrat.az xəbər verir ki, resept kulinariya bloqeri Belkis Valsan tərəfindən təqdim edilib. Şirniyyatda əsas dadı 70 faiz kakaolu tünd şokolad verir. Alma püresi isə hazır piroqda kəskin hiss olunmur, lakin xəmirin yumşaq qalmasına kömək edir.

Piroq üçün lazım olan ərzaqlar:

- 200 qram tünd şokolad (70 faiz kakaolu);
- 150 qram şəkərsiz alma püresi;
- 3 yumurta;
- 60 qram un;
- 5 qram qabartma tozu.

Hazırlanma qaydası

Əvvəlcə almaların qabığı soyulur, tumları çıxarılır və kiçik hissələrə doğranır. Meyvələr bir-iki xörək qaşığı su ilə zəif odda 10–15 dəqiqə yumşalana qədər bişirilir. Daha sonra blenderlə püre halına gətirilir və soyumağa qoyulur.

Şokolad su hamamında əridilir. Yumurtaların sarısı və ağı ayrılır. Yumurta sarıları alma püresi ilə qarışdırılır, üzərinə əridilmiş şokolad, un və qabartma tozu əlavə edilir.

Ayrıca qabda yumurta ağları bərk köpük alınana qədər çalınır. Sonra bu qarışıq şokoladlı xəmirə hissə-hissə əlavə olunur və ehtiyatla qarışdırılır ki, xəmirin yüngül teksturası qorunsun.

Hazır xəmir perqament kağızı sərilmiş, diametri 20 santimetr olan formaya tökülür. Əvvəlcədən 175 dərəcəyədək qızdırılmış sobada təxminən 20–25 dəqiqə bişirilir. Piroqun içinin daha nəmli qalması üçün bişmə müddətini 20 dəqiqədən etibarən yoxlamaq tövsiyə olunur.

Piroq sobadan çıxarıldıqdan sonra soyumağa qoyulur. Qalan hissənin soyuducuda saxlanılması məsləhət görülür.

Qeyd edək ki, reseptdə əlavə şəkər və yağ istifadə olunmasa da, tünd şokoladın tərkibində şəkər və yağ ola bilər. Alma püresində də təbii şəkərlər mövcuddur.

Jalə