Gədəbəydə evlənmək məqsədilə 16 yaşlı qızı qaçıraraq adam oğurluğu edən ana və iki oğlunun məhkəmə prosesi başa çatıb.
Demokrat.az Xitab24.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə CM-nin 144.3-cü maddəsi ilə təqsirləndirilən ailə üzvlərinə hökm oxunub.
Hökmə əsasən, 56 yaşlı ana 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin 2 il sınaq müddəti təyin olunmaqla, onun cəzası şərti hesab olunub. Qadının oğlanlarından biri 1 il 6 ay, digəri isə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Məlum olub ki, qadının bu hadisədə iştirak edən oğullarından biri qaçırılan qızın bacısı ilə nişanlı olub, sonradan onların bu icdivacı pozulub. Digər oğluna da həmin ailədən qız almaq istəyən ana, cinayət əməli törədib.
Belə ki, Tovuzdan Gədəbəyə yollanan ana və iki oğlu sözügedən rayona çatanda həmin ailəyə sovqat gətirdiyini bildiriblər. Bu zaman sovqatı götürmək üçün avtomobilə yaxınlaşan yeniyetmə, zor gücülü ilə qaçırılıb. Samuxun Zazalı kəndinə aparılan qız ertəsi gün pəncərədən qaçıb və yolda polis əməkdaşlarına yaxınlaşaraq hadisə barədə məlumat verib.
Qeyd edək ki, məhkəmədə ifadə verər zərərçəkmiş yeniyetmə qəti şəkildə özündən 16 yaş böyük kişi ilə evlənmək istəmədiyini bildirib.


