YapiKredi Müraciət Forması
Texnologiya Özəl

5 dollarlıq USB-C kabeli ilə "Apple"ın 129 dollarlıq kabeli arasında nə fərq var?

5 dollarlıq USB-C kabeli ilə Appleın 129 dollarlıq kabeli arasında nə fərq var?

USB-C kabelləri xarici görünüşünə görə bir-birinə bənzəsə də, onların daxili quruluşu və texniki imkanları ciddi şəkildə fərqlənə bilər. Tədqiqatçıların rentgen tomoqrafiyası ilə apardığı araşdırma ucuz kabel ilə "Apple"ın bahalı Thunderbolt 4 Pro modelinin arasında böyük mühəndislik fərqləri olduğunu üzə çıxarıb.

Demokrat.az xəbər verir ki, bu barədə UNIAN nəşri yazıb.

2024-cü ilin dekabrından etibarən Avropa İttifaqında satılan yeni smartfonlar, planşetlər, qulaqlıqlar və bir sıra digər elektron cihazlar simli enerji doldurma üçün USB-C portu ilə təchiz edilməlidir. Lakin bu standartın geniş yayılması bütün kabellərin eyni imkanlara malik olması demək deyil.

Apple şirkətinin 1,8 metr uzunluğunda Thunderbolt 4 Pro kabeli 129 dollara satılır. Bu, sadəcə telefon enerji ilə təmin etmək üçün nəzərdə tutulan adi kabel deyil. O, yüksək sürətli məlumat ötürülməsi və mürəkkəb avadanlıqların qoşulması üçün hazırlanıb.

Araşdırma şirkəti Lumafield müxtəlif USB-C kabellərinin daxili quruluşunu rentgen kompüter tomoqrafiyası vasitəsilə yoxlayıb. Nəticələr ucuz modellərlə premium məhsullar arasında ciddi fərqlərin olduğunu göstərib.

5 dollarlıq kabelin zəif tərəfləri

Mütəxəssislər 5 dollara satılan NiceTQ markalı USB-C kabelini də araşdırıblar. Məhsulun üzərində 60 vattadək enerji ötürülməsi və saniyədə 10 giqabitədək məlumat ötürmə sürəti göstərilsə də, daxili quruluşu bu vədlərlə bağlı suallar yaradıb.

Rentgen görüntülərində kabeldə ekranlama qatının və ayrıca çap dövrə platasının olmadığı müəyyən edilib. Naqillər birbaşa konnektorun kontaktlarına lehimlənib və plastik korpusda bərkidilib.

Araşdırmaya əsasən, mövcud səkkiz kontaktın yalnız dördü işlək olub. Bu isə məlumat ötürmə imkanlarının elan edilən saniyədə 10 giqabit sürətindən xeyli aşağı ola biləcəyini göstərib. Həmçinin, istifadə olunan kontaktlardan birinin sıradan çıxması kabelin tamamilə işləməməsinə səbəb ola bilər.

Bununla belə, ucuz qiymət həmişə keyfiyyətsiz məhsul demək deyil. Tədqiqatçılar 3,89 dollarlıq ATYFUER kabelinin daxili quruluşunun daha baha satılan NiceTQ modelindən mürəkkəb olduğunu da aşkar ediblər.

"Apple" kabelinin içərisində nə var?

"Apple"ın 129 dollarlıq Thunderbolt 4 Pro kabeli isə daha mürəkkəb konstruksiyaya malikdir. Model saniyədə 40 giqabitədək məlumat ötürülməsini və 100 vattadək enerji təminatını dəstəkləyir. Həmçinin Thunderbolt 3 standartlı altı qurğunun ardıcıl qoşulmasına imkan verir.

Lumafield-in rentgen görüntülərində kabelin paslanmayan poladdan hazırlanmış möhkəm korpusu, 24 müstəqil kontaktı və onqatlı çap dövrə platası aşkarlanıb. On naqildə koaksial ekranlama tətbiq edilib, birləşmələr isə mürəkkəb elektron sistemə diqqətlə lehimlənib.

Kabelin naqillə konnektorun birləşdiyi hissəsi də möhkəmləndirilib. Bu konstruksiya mexaniki gərginliyi azaltmağa və daxili komponentləri zədələnmədən qorumağa kömək edir.

Beləliklə, yüksək qiymətin müəyyən texniki səbəbləri var. Lakin bu, Apple kabelinin bazardakı bütün alternativlərdən üstün olması demək deyil.

Bahalı kabel almağa dəyərmi?

Mütəxəssislərin fikrincə, seçim istifadəçinin ehtiyaclarından asılı olmalıdır. Kabeldən yalnız smartfonu enerji ilə təmin etmək və vaxtaşırı fayl ötürmək üçün istifadə edilirsə, uyğun texniki göstəricilərə malik keyfiyyətli USB-C modeli kifayət edə bilər.

Yüksək sürətli yaddaş qurğuları, bir neçə monitor və digər tələbkar avadanlıqlarla işləyənlər üçün isə Thunderbolt standartını dəstəkləyən kabellər daha məqsədəuyğundur. Bu halda təkcə qiymətə deyil, məlumat ötürmə sürətinə, enerji gücünə və uyğunluğa da diqqət yetirmək lazımdır.

"Apple"ın Thunderbolt 5 kabeli daha yüksək ötürmə sürəti təklif edir və şirkətin bəzi digər premium modellərindən daha ucuz qiymətə satılır. Bununla yanaşı, başqa istehsalçıların sertifikatlı Thunderbolt kabelləri də oxşar imkanları daha münasib qiymətə təqdim edə bilər.

Araşdırmanın əsas nəticəsi budur ki, USB-C kabellərinin hamısı eyni deyil. Lakin ən bahalı kabeli almaq da hər zaman ən düzgün seçim sayılmır. Əsas məsələ məhsulun texniki göstəricilərinin istifadəçinin ehtiyaclarına uyğun olmasıdır.

Jalə