Mətbəxdə hər gün istifadə olunan bəzi əşyalar zamanla çirk və bakteriyaların toplanması üçün əlverişli mühitə çevrilə bilər. Təmizlik mütəxəssisləri xüsusilə altı əşyanın vəziyyətinə mütəmadi nəzarət etməyi və köhnəldikdə onları yeniləməyi tövsiyə edirlər.
Demokrat.az xəbər verir ki, bu barədə "The Spruce" nəşri məlumat yayıb.
1. Mətbəx dəsmalları
Mətbəx dəsmalları davamlı istifadə nəticəsində nəmi özündə saxlayır, xoşagəlməz qoxu yarada və bakteriyaların toplanmasına şərait yarada bilər. Təmizlik üzrə mütəxəssis Elizabet Lens dəsmalların gigiyenik qalması üçün onları hər gün yumağı məsləhət görür. Parça köhnəldikdə və suyu yaxşı hopdurmadıqda isə dəyişdirilməsi məqsədəuyğundur.
2. Qab yumaq üçün süngərlər
Daim nəm qalan qab süngərlərində bakteriyalar və kif inkişaf edə bilər. Mütəxəssis Mindy Qoddinq süngərlərin ayda bir dəfə, xoşagəlməz qoxu verdikdə və ya rəngi dəyişdikdə isə daha tez dəyişdirilməsini tövsiyə edir. Bu, mətbəxdə gigiyenanın qorunmasına kömək edə bilər.
3. Yapışmayan örtüklü tava və qazanlar
Tez-tez istifadə olunan tava və qazanların daxili səthini mütəmadi yoxlamaq lazımdır. Yapışmayan örtük cızılıbsa, qopmağa başlayıbsa və ya zədələnibsə, həmin qabın dəyişdirilməsi məqsədəuyğundur. Zədələnmiş örtük öz funksiyasını lazımi səviyyədə yerinə yetirməyə bilər.
4. Su filtrləri
Su filtrlərində zamanla çirklər toplana və filtrin işləmə qabiliyyəti zəifləyə bilər. Suyun əvvəlkindən daha yavaş axması filtrin dəyişdirilməsinə ehtiyac olduğunu göstərə bilər. Təmizlik mütəxəssisi Brayan Qriffin su təmizləmə sistemlərində və soyuducularda istifadə olunan filtrlərin modelindən və istifadə intensivliyindən asılı olaraq təxminən iki-altı aydan bir dəyişdirilməsini tövsiyə edir. Bununla belə, əsas meyar istehsalçının göstərişləridir.
5. Plastik ərzaq qabları
Plastik qablar zaman keçdikcə deformasiyaya uğraya, rəngini dəyişə və zədələnə bilər. Brayan Qriffin belə qabların vəziyyətini mütəmadi yoxlamağı, ciddi şəkildə köhnəlmiş və zədələnmiş nümunələri isə yeniləməyi məsləhət görür. Xüsusilə qapağı düzgün bağlanmayan və səthi zədələnən qabların istifadəsinə diqqət yetirilməlidir.
6. Doğrama lövhələri
Doğrama lövhələrinin səthində zamanla dərin kəsiklər yarana bilər. Bu çatlarda qida qalıqları və mikroorqanizmlər toplana bilər ki, bu da müxtəlif məhsullar arasında çarpaz çirklənmə riskini artırır. Təmizlik mütəxəssisi Lens dərin zədələnmiş və uzun müddət istifadə olunmuş lövhələrin dəyişdirilməsini tövsiyə edir.
Mütəxəssislərin fikrincə, mətbəxdə gigiyenanı qorumaq üçün yalnız səthləri təmizləmək kifayət deyil. Gündəlik istifadə olunan əşyaların vəziyyətini yoxlamaq, onları düzgün yumaq və köhnəldikdə vaxtında dəyişdirmək də vacibdir.
Jalə


