Türkiyə Super Liqasının 9-cu turunda "Fənərbağça"nı 2:1 hesabı ilə məğlub edən "Qalatasaray"da qələbə sevinci yaşanıb. Komandanın prezidenti Dursun Özbek derbidən sonra futbolçulara 1,5 milyon avro mükafat veriləcəyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, "Qalatasaray"ın liderliyini qoruduğu qarşılaşmada hər iki qolu Viktor Osimhen vurub.
Matçı ailəsi ilə birlikdə tribunadakı lojadan izləyən Dursun Özbek qələbədən sonra futbolçuları alqışlayıb. Daha sonra soyunub-geyinmə otağına enən klub prezidenti məşqçi heyətini və oyunçuları təbrik edib. Açıqlanan mükafat isə komandada böyük sevincə səbəb olub.
Qeyd edək ki, "Qalatasaray" Türkiyə Super Liqasında doğma meydanda keçirdiyi son 40 oyunda məğlub olmayıb. İstanbul təmsilçisi bu müddətdə 32 qələbə qazanıb, 8 dəfə heç-heçə edib.
Viktor Osimhen də "Fənərbağça"ya qarşı uğurlu statistikası ilə diqqət çəkir. Nigeriyalı hücumçu rəqibə qarşı keçirdiyi 6 rəsmi matçda məğlubiyyət yaşamayıb. O, bu qarşılaşmalarda ümumilikdə 5 qol vurub.
Jalə


