"Bəzi dövlətlər üçün bu sahədə real siyasətin formalaşdırılması prosesi indi başlayır. Bizim və region ölkələri üçün bunun böyük imkan olduğunu düşünürəm. Xüsusilə neft iqtisadiyyatına malik ölkələr üçün yaradıcı sənayelər əlavə fürsətdir. Bu, həmin sahədə oyun qaydalarını dəyişə biləcək resursdur".
Demokrat.az xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan biznes dialoq sessiyasında Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov deyib.

Onun sözlərinə görə, yerli səviyyədə fəaliyyət göstərməli olduğumuzu nəzərə alsaq, bu, qlobal tendensiyaları izləməklə yanaşı, istehsal proseslərinə yerli yanaşmanın tətbiqi deməkdir:
"Əlbəttə, məqsəd istehsal olunan bütün məhsul və xidmətlərin qlobal bazara, ixraca yönəldilməsidir. Yaradıcı sənayelərin imkanları yalnız bununla məhdudlaşmır.
Bu məhsulların yayılması üçün rəqəmsal kanallar, yayım platformaları və elektron ticarət sistemləri də mövcuddur. Bu sahədə əsas məqamlardan biri də məzmun yaratmaqdır. Məzmun yerli səviyyədə, xüsusilə Azərbaycan, Qazaxıstan, Türkiyə və Şərq ölkələri kimi dövlətlərdə yaradılır. Bizim dünyaya təqdim edə biləcəyimiz çox şey var.
İlk məsələ məzmunumuzu dünyaya necə təqdim edə biləcəyimizi anlamaqdır. Çünki dünyaya təqdim edəcəyimiz çox şey var. İkinci məsələ isə bu yeni kanallarda, xüsusilə regional səviyyədə öz yerimizi tapmaqdır".
Müəllif: Fidan Hacızadə


