YapiKredi Müraciət Forması
Kriminal Özəl

BDU-nun tələbələrinin şəkillərini yayana hökm oxundu

BDU-nun tələbələrinin şəkillərini yayana hökm oxundu

Azərbaycanda vətəndaşı şantaj etməkdə ittiham olunan 2005-ci il təvəllüdlü Cəfər Vəliyevin (ad-soyad şərtidir – red.) məhkəməsi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Cəfər 2022-ci ildə istintaqa məlum olmayan dəqiq tarixdə "Telegram" sosial şəbəkəsində mobil nömrəsi ilə qeydiyyatdan keçmiş hesab yaradaraq həmin hesabın administratoru olub. O, 2026-cı ildə Abşeron rayonunun Xırdalan şəhərində olarkən tamah məqsədilə fotoşəkil və videogörüntülərdən istifadə edərək hədə-qorxu ilə özgə əmlakını tələb etmək qərarına gəlib.

İstintaq sənədlərinə görə, Cəfər zərərçəkmiş Orxana (ad şərtidir – red.) məxsus, mobil nömrə ilə qeydiyyatdan keçirilmiş "Telegram" hesabına yazaraq ona məxsus rüsvayedici hesab edilən şəxsi məlumatların, əxlaqsız məzmunlu fotoşəkil və videogörüntülərin silinməsi, həmin məlumatların və görüntülərin digər sosial şəbəkələrdə yayılmaması üçün hədə-qorxu gəlib və ondan 50 manat tələb edib.

Cəfər barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onlar haqqında rüsvayedici məlumatlar yayma və ya əmlaklarını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakteri daşıyan digər hərəkətləri etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Cəfər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2026-cı ildə özünə məxsus "Telegram" hesabı vasitəsilə Orxana mesajlar göndərib, onun şəxsi məlumatlarını və fotoşəkillərini montaj etməklə hədə-qorxu gəlib və pul tələb edib. Təqsirləndirilən şəxs zərərçəkmişi şəxsən tanımadığını, ona hədə-qorxu gəlməkdə əsas məqsədinin pul əldə etmək olduğunu bildirib.

Təqsirləndirilən şəxs eyni üsullardan istifadə etməklə başqa şəxslərə qarşı da hədə-qorxu yolu ilə oxşar əməllər törətdiyini, lakin həmin şəxslərin kimliyini hazırda xatırlamadığını deyib. O, həmçinin mobil telefonunda olan və mobil nömrə ilə qeydiyyatdan keçirilmiş "Telegram" hesabının administratorluğunun 2025-ci ilin yanvar-fevral aylarından etibarən onda olduğunu, həmin hesab vasitəsilə müxtəlif insanlara hədə-qorxu gələrək pul tələb etdiyini bildirib.

Cəfər ifadəsində "Telegram" hesabından zərərçəkmişin hesabına mesaj göndərərək ona hədə-qorxu gəldiyini və pul tələb etdiyini də deyib. Bundan əlavə, o, "Telegram" kanalının administratorlarından biri olduğunu və həmin hesab vasitəsilə insanlara hədə-qorxu gəldiyini bildirib.

Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu deyib. O bildirib ki, universitetin üçüncü kurs tələbəsidir və qardaşı vəfat edib. Təqsirləndirilən şəxs bir daha belə hallara yol verməyəcəyini söyləyib.

İş üzrə zərərçəkmiş Orxanın sözlərinə görə, 2026-cı ildə istifadə etdiyi və mobil nömrə ilə qeydiyyatdan keçmiş "Telegram" hesabına mesaj göndərilib. O bildirib ki, mesajda ona məxsus fotoşəkillərin əldə olunduğu və həmin fotoşəkillərin əxlaqsız məzmunda yayılacağı ilə bağlı hədə-qorxu gəlinib.

Zərərçəkmiş şəxs həmçinin qeyd edib ki, "Telegram" hesabına ona məxsus şəxsi məlumatlar, eləcə də Bakı Dövlət Universitetində təhsil alan qızlara aid əxlaqsız xarakterli fotoşəkil və videogörüntülər göndərilib. Həmin mesajlarda onun barəsində rüsvayedici xarakterli fotoşəkil və videogörüntülərin yayılacağı ilə hədələnərək ondan 50 manat tələb edilib.

Zərərçəkmiş qeyd edib ki, həmin nömrəyə bağlı M10 hesabına pul köçürülmədiyi təqdirdə onun fotoşəkilləri və şəxsi məlumatları yayılacaq. Lakin o, hər hansı pul vəsaiti göndərməyib.

Zərərçəkmiş hər hansı şəxslə şəxsi qərəzinin və ya düşmənçiliyinin olmadığını, özünə məxsus fotoşəkilləri heç kimə göndərmədiyini, yalnız özünün "Instagram" hesabında adi fotoşəkil və videogörüntülər paylaşdığını, naməlum keçidlərə daxil olmadığını bildirib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cəfər 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.

Təqsirləndirilən şəxsin üzərinə şərti məhkumetmə dövründə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulub. Sınaq müddəti ərzində onun üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilib.

Fariz Məlikli

Editor
Redaktor