YapiKredi Müraciət Forması
İdman Özəl

"Qalatasaray"ın futbolçusu milli karyerasını bitirdi: "Ailəmə vaxt ayırmaq istəyirəm"

Qalatasarayın futbolçusu milli karyerasını bitirdi: Ailəmə vaxt ayırmaq istəyirəm

"Qalatasaray"ın müdafiəçisi İsmail Yakobs Seneqal milli komandasındakı karyerasını başa vurduğunu açıqlayıb.

Demokrat.az xəbər verir ki, oktyabrın 29-da bu qərarını açıqlayan futbolçu klub karyerasına daha çox diqqət yetirmək, özü və ailəsi ilə daha çox vaxt keçirmək istədiyini bildirib.

Yakobs vida açıqlamasında Seneqal millisində keçirdiyi illərin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Almaniyada böyüməsinə baxmayaraq, Seneqalın onu böyük sevgi ilə qarşıladığını deyən futbolçu bu ölkə ilə bağlı unudulmaz xatirələr qazandığını qeyd edib.

O, milli komandada çıxış etməklə həm özünün, həm də seneqallı atasının uşaqlıq arzusunu reallaşdırdığını bildirib. Yakobs hazırlıq oyunlarında, seçmə mərhələlərdə, Afrika Millətlər Kubokunda və dünya çempionatında ölkəsini təmsil edərkən hər zaman əlindən gələni etdiyini söyləyib.

"Artıq yeni səhifə açmağın vaxtıdır. Klub karyerama diqqət yetirmək, özümə və ailəmə daha çox vaxt ayırmaq istəyirəm. Çünki zaman çox qiymətlidir və bəzi anlar bir daha geri qayıtmır", deyə futbolçu bildirib.

Yakobs milli komandadakı çıxışını başa vursa da, Seneqalla əlaqələrinin heç vaxt kəsilməyəcəyini vurğulayıb və ona verdiyi imkanlara görə ölkəyə minnətdarlığını ifadə edib.

Jalə