YapiKredi Müraciət Forması
Kriminal Özəl

Məktəbdə telefona görə insident oldu — Məhkəmədə barışdılar

Məktəbdə telefona görə insident oldu — Məhkəmədə barışdılar

Bakının Nizami rayonunda məktəblilər arasında mübahisə dava ilə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Elm və Təhsil Nazirliyinin Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Respublika Xüsusi İnternat Məktəbinin dəhlizində baş verib.

Sabirabad rayon sakini, 2007-ci il təvəllüdlü Zeynal məktəbin dəhlizində həmin təhsil müəssisəsinin 11-ci sinfində oxuyan Aqillə (adlar şərtidir – red.) mübahisə edib.

İstintaq sənədlərinə görə, hadisə zamanı Aqil daxili qaydaları pozaraq məktəbin inzibati binasına daxil olarkən mobil telefonunu mühafizəçiyə təhvil verməyib. Buna görə Zeynal ona etiraz edib. Aralarında yaranan mübahisə zamanı Aqil Zeynalı əli ilə itələyib.

Daha sonra Zeynal qisas almaq niyyəti ilə Aqilin sifət nahiyəsinə yumruqla bir neçə dəfə zərbə endirərək ona xəsarət yetirib.

Faktla bağlı Zeynal barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Zeynal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödədiyini, ondan üzr istədiyini və törətdiyi əmələ görə səmimi peşman olduğunu bildirib. Zeynal zərərçəkmiş şəxslə barışdığını da qeyd edib.

İş üzrə zərərçəkmiş şəxs ifadəsində təqsirləndirilən şəxsin ona vurduğu maddi ziyanı ödədiyini, onunla barışdığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını deyib.

Nizami Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilərək təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs də həmin məktəbin 11-ci sinif şagirdi olub.

Fariz Məlikli

Editor
Redaktor