Bakının Nizami rayonunda 30 yaşlı kişi həmcinsinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Nizami rayonu, Qara Qarayev prospekti 63 ünvanında yerləşən "McDonald"s" restoranının yanındakı körpünün altında baş verib.
1995-ci il təvəllüdlü Tuncay həmin ərazidə yerləşən, piyadaların keçidi üçün nəzərdə tutulmuş tuneldə spirtli içkinin təsirindən sərxoş vəziyyətdə mobil telefonla yüksək səslə danışaraq qışqırıb. Həmin vaxt tuneldən piyada keçən Özcanın ona baxmasını bəhanə edən Tuncay heç bir əsaslı səbəb olmadan onu nalayiq sözlərlə təhqir edib, yumruqla sol qaş və baş nahiyələrinə bir neçə dəfə zərbə endirərək xəsarət yetirib.
Tuncay barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Tuncay ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, hadisə günü, təxminən saat 20:00-da dostları ilə birlikdə Nizami rayonu ərazisindəki "7 Pub" adlı kafedə yemək yeyib və spirtli içki qəbul edib. Onun sözlərinə görə, həmin gün saat 22:00 radələrində kafedən çıxaraq evə gedib.
"Lakin mənzilin açarını tapa bilmədiyimdən evə daxil ola bilmədim. Metronun "Neftçilər" stansiyasının yanına qayıtdım. Həmin vaxt işdə olan həyat yoldaşımla danışdım və onun evə gələcəyini nəzərə alaraq metronun "Neftçilər" stansiyasının çıxışında görüşməyimiz barədə razılaşdıq".
Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən saat 23:25-də metronun "Neftçilər" stansiyasının çıxışındakı "McDonald"s" restoranının yaxınlığında, körpünün altında dayanaraq mobil telefonla həyat yoldaşı ilə danışıb. Əsəbi olduğundan telefonla qışqıraraq danışdığını bildirib.
"Bu zaman körpünün alt hissəsindən piyada keçən Özcan adlı şəxs dönərək mənə baxdı. Mən həm sərxoş, həm də əsəbi olduğumdan Özcanın baxmasını səhv başa düşdüm. Onun ünvanına nalayiq ifadə işlədərək nəyə baxdığını soruşdum. Bu zaman aramızda mübahisə düşdü. Mən yumruqla Özcanın sifət nahiyəsinə bir neçə zərbə vurdum. Zərbələrdən sonra Özcanın sifətindən qan gəldi. Gecə saatları olduğundan küçədə çox adam yox idi. Lakin yoldan keçən, tanımadığım bir neçə nəfər bizi ayırdı".
Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmişə dəymiş maddi ziyanı ödədiyini və onunla barışdığını deyib. O, əməlindən peşman olduğunu, himayəsində 4 yaşlı uşağının olduğunu bildirib.
İş üzrə zərərçəkmiş Özcan ifadəsində bildirib ki, hadisə günü, saat 23:15 radələrində metronun "Neftçilər" stansiyasının yanındakı körpünün altında yerləşən, piyadaların keçidi üçün nəzərdə tutulmuş tunellə hərəkət edərkən Tuncayın tunelin girişində dayanaraq telefonla danışdığını görüb.
Onun sözlərinə görə, Tuncayın yanından keçərək bir neçə metr irəlilədikdən sonra onun telefonda yüksək səslə danışıb qışqırdığını eşidib.
"Qulağımda qulaqcıq olmasına baxmayaraq, Tuncayın qışqırığı çox güclü olduğundan nəsə baş verdiyini güman etdim və qeyri-ixtiyari olaraq çevrilib ona baxdım. Bu zaman Tuncay ona baxdığımı görərək ünvanıma nalayiq söyüş söydü və nəyə baxdığımı soruşdu. Mən əhəmiyyət verməyərək getmək istədim. Lakin Tuncay yenə ünvanıma nalayiq söyüş söyərək nəyə baxdığımı bir daha soruşdu və qəfil üstümə gəldi. Tuncayın məni vuracağından ehtiyat etdim. Özümü bir qədər arxaya çəkəndə gözləmədiyim halda sol qaş və təpə nahiyəmə yumruqla iki dəfə zərbə vurdu. Həmin vaxt tuneldən keçən, tanımadığım bir nəfər bizi ayırdı. Həmçinin tunelin digər girişində olan, sonradan adının Taleh olduğunu öyrəndiyim şəxs də yaxınlaşaraq Tuncayı kənara çəkdi".
Zərərçəkmiş bildirib ki, Tuncayın zərbələri nəticəsində qaşı yarılıb və qanayıb.
"Mən tunelin çıxışında olan köşkdən su götürərək əl-üzümü yudum. Həmin vaxt Tuncay uzaqlaşaraq getdi. Taleh Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdiyini dedi. Az sonra hadisə yerinə polis əməkdaşları gəldilər. Polis əməkdaşları gələndə Tuncay artıq orada yox idi. Həmin gecə təcili yardıma müraciət etdim, qaş nahiyəmə 8 tikiş qoyuldu".
Zərərçəkmiş şəxs ifadəsində təqsirləndirilən şəxsin ona vurduğu 1000 manat məbləğində ziyanı tam ödədiyini bildirib. O, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını deyib.
Nizami Rayon Məhkəməsinin hökmü ilə Tuncay 1200 manat məbləğində cərimə edilib.


