Dövlət qurumlarında maliyyə intizamının gücləndirilməsi, qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarətin yüksəldilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması sağlam dövlət idarəçiliyinin əsas şərtlərindəndir. Maliyyə Monitorinqi Xidməti tərəfindən müvafiq dövlət qurumlarında aparılan yoxlamalar, aşkarlanan pozuntularla bağlı görülən tədbirlər və məsul şəxslərin vəzifələrindən azad edilməsi nəzarət və hesabatlılıq mexanizmlərinin əhəmiyyətini artırır.
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) üzvü, E-qiymet.az portalının rəhbəri Hüseyn Talıbov bildirib.
Onun sözlərinə görə, dövlət idarəçiliyində şəffaflıq yalnız normativ-hüquqi bazanın mövcudluğu ilə deyil, həmin tələblərin bütün səviyyələrdə ardıcıl, bərabər və istisnasız tətbiqi ilə təmin olunur:
"Dövlət qurumlarının fəaliyyətinə daxili və xarici nəzarətin gücləndirilməsi, maliyyə əməliyyatlarının şəffaflığının təmin edilməsi və aşkar edilmiş pozuntulara adekvat hüquqi qiymət verilməsi müstəsna əhəmiyyət daşıyır. Yoxlamaların əsas nəticəsi təkcə nöqsanların üzə çıxarılması və cəza tədbirlərinin tətbiqi ilə məhdudlaşmır.
Əsas məqsəd idarəetmədəki sistemli riskləri əvvəlcədən müəyyənləşdirmək, risk əsaslı audit mexanizmlərini tətbiq etmək və idarəetmə proseslərini rəqəmsallaşdırmaqla insan amilindən doğan pozuntu risklərini sıfıra endirməkdir. Yalnız cəzalandırma ilə kifayətlənmək uzunmüddətli nəticə vermir. Analoji halların təkrarlanmaması üçün institusional preventiv mexanizmlər də formalaşdırılmalıdır".
Ekspert vurğulayıb ki, bu istiqamətdə həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin dövlət idarəçiliyində şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, məmur məsuliyyətinin yüksəldilməsi və qanunun aliliyinin təmin olunması ilə bağlı müəyyən etdiyi strateji kursun mühüm tərkib hissəsidir:
"Vəzifə və status heç kimə qanun qarşısında imtiyaz vermir. Dövlət qulluğunda çalışan hər bir şəxs ona həvalə edilmiş səlahiyyətlərə şəxsi üstünlük kimi deyil, cəmiyyət və dövlət qarşısında yüksək məsuliyyət kimi yanaşmalıdır.
Obyektiv nəzarət və rəqəmsal maliyyə şəffaflığı iqtisadiyyatın digər sahələri üçün də fundamental əhəmiyyət kəsb edir:
"Bu sahələrdə obyektivlik, müstəqillik və peşəkar məsuliyyət prinsiplərinin qorunması, eləcə də rəqəmsal platformaların tətbiqi iqtisadi münasibətlərdə etimadın möhkəmlənməsinə, mülkiyyət və maliyyə aktivlərinin dəqiq qiymətləndirilməsinə birbaşa xidmət edir.
Ekspertin fikrincə, dövlət nəzarətinin ardıcıl həyata keçirilməsi və nəticələrin tam şəffaf rəsmiləşdirilməsi cəmiyyətə aydın mesaj verir:
"Heç bir inzibati imkan qanun qarşısında məsuliyyətdən kənarda qalmağa əsas verə bilməz. Bu prinsipin dövlət idarəçiliyinin bütün pillələrində bərqərar olması ictimai etimadı artırır və ölkənin davamlı sosial-iqtisadi inkişafını təmin edir" - deyə, Hüseyn Talıbov fikrini yekunlaşdırıb.
Kənan


