Ermənistanın KTMT-dən çıxmaq məsələsi ətrafında müzakirələr davam edir. Təşkilatın keçmiş baş katibinin dili ilə Rusiyadan Ermənistanın KTMT-dən xaric edilməli olduğu bildirilib. Buna cavab olaraq Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin təşkilata qayıtmaq niyyətində olmadığını açıqlayıb. Digər tərəfdən, Ermənistan rəsmiləri Avrasiya İqtisadi Birliyindən hələlik çıxmaq fikrində olmadıqlarını bildirirlər. Eyni zamanda, ölkə ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirir.
Ermənistanın gələcək siyasi kursu necə görünür? Ölkə Rusiyanın rəhbərlik etdiyi bütün təşkilatlardan və bloklardan tamamilə uzaqlaşa bilərmi? Ermənistan KTMT-dən tamamilə çıxarsa, Gümrüdəki Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsi də qaldırıla bilərmi?
Hərbi ekspert Rövşən Məhərrəmov Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistanda Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya ilə münasibətlərdə zaman-zaman soyuqluq müşahidə olunub:
"Bəzi dövrlərdə münasibətlər nisbətən yumşalsa da, xüsusilə 44 günlük müharibədən sonra iki ölkə arasındakı gərginlik daha açıq şəkildə özünü büruzə verib. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması məsələsi ətrafında da qarşılıqlı narazılıqlar artıb. Hətta Rusiyadan təşkilatın keçmiş baş katibinin dili ilə Ermənistanın KTMT-dən xaric edilməli olduğu bildirilib. Buna Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dərhal reaksiya verərək, ölkəsinin bir daha həmin təşkilata qayıtmayacağını açıqlayıb. Ermənistanın Avrasiya İqtisadi Birliyindən hələlik çıxmamasının əsas səbəbi isə bu təşkilatın ölkəyə iqtisadi baxımdan sərf etməsidir. Bildiyiniz kimi, Rusiya, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Belarusun daxil olduğu bu birlik çərçivəsində gömrük rüsumları ilə bağlı müəyyən güzəştlər mövcuddur və malların daşınması daha əlverişli şərtlərlə həyata keçirilir. Ermənistan da bu imkanlardan istifadə edərək öz iqtisadi maraqlarını təmin etməyə çalışır. Yəni KTMT-dən uzaqlaşsa da, ölkəsi üçün hansı əməkdaşlıq formatı sərfəlidirsə, həmin istiqamətdə əlaqələri davam etdirir.
Ümumilikdə, Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanın siyasi kursunu əsasən Avropa və ABŞ istiqamətində yönəltdiyini müşahidə edirik. Rusiya ilə münasibətlərdə soyuqluğun yaranmasının əsas səbəblərindən biri də məhz budur. Bununla belə, Rusiyanın Ermənistanda kifayət qədər böyük investisiyaları və strateji mövqeləri var. Məsələn, ölkənin dəmir yolları Rusiyanın nəzarətindədir, eyni zamanda, atom elektrik stansiyasının idarə olunmasında da Rusiyanın mühüm rolu mövcuddur. Bu baxımdan, Rusiya Ermənistan üzərindəki təsir imkanlarını asanlıqla itirmək istəməyəcək. Digər tərəfdən, Cənubi Qafqazda üç müsəlman dövlətinin arasında bir xristian dövlətinin mövcudluğu da Rusiyanın regiondakı maraqları baxımından əhəmiyyətlidir. Həmin dövlətin formalaşmasında və ərazilərinin genişlənməsində də Rusiya imperiyası, daha sonra isə Sovet İttifaqı dövründə həyata keçirilən siyasətin mühüm rolu olub.
Beləliklə, Rusiya Ermənistanla bağlı tarixi və siyasi maraqlarını da nəzərə alır. Hesab edirəm ki, Paşinyan hakimiyyətinin Qərbə inteqrasiya istiqamətində atdığı addımlara baxmayaraq, Rusiya Ermənistandan asanlıqla əl çəkməyəcək. Bu istiqamətdə Paşinyanın mövqeyi dəfələrlə açıq şəkildə ifadə olunub. Hətta seçkilər zamanı onun hakimiyyətdə qalmasına qarşı müxtəlif cəhdlərin olduğu barədə müzakirələr aparılıb. Putinlə görüşlərində də Paşinyan artıq öz siyasi kursu ilə bağlı kifayət qədər açıq açıqlamalar verib. Bir sözlə, Ermənistanın Avropa və ABŞ ilə inteqrasiyaya üstünlük verdiyi heç kimə sirr deyil. Paşinyan bu barədə dəfələrlə həm mətbuata, həm də ictimaiyyətə açıq şəkildə danışıb, yəni bu istiqamətdə addımlarını gizli şəkildə atmayıb".
Ekspert əlavə edib ki, Rusiyanın Ermənistandakı hərbi mövcudluğuna gəldikdə isə, Gümrüdəki hərbi baza məsələsi xüsusi əhəmiyyət daşıyır:
"Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiyanın Zvartnots hava limanındakı və Ermənistan sərhədlərinin mühafizəsindəki nəzarət imkanları da tədricən məhdudlaşdırılıb. Belə ki, sərhədin mühafizəsinin bir hissəsi Rusiyadan alınaraq Ermənistanın öz sərhədçilərinə həvalə edilib. Bununla belə, Rusiyanın Gümrüdəki hərbi bazasının ölkədən çıxarılması məsələsi hələlik rəsmi gündəmdə deyil. Baxmayaraq ki, Ermənistan hakimiyyətinə yaxın çevrələrdən zaman-zaman bu istiqamətdə açıqlamalar səsləndirilib. Bildiyiniz kimi, Gümrüdəki Rusiya hərbi bazasının Ermənistanda qalma müddətini uzadan uzunmüddətli müqavilə imzalanıb. Bu müqavilənin müddəti ilə bağlı dəqiq tarixi hazırda xatırlamıram, lakin kifayət qədər uzun müddəti əhatə edir. Bununla yanaşı, Ermənistanın gələcəkdə öz sərhədlərini, o cümlədən Türkiyə ilə sərhədini müstəqil şəkildə qoruması məsələsi də zaman-zaman müzakirəyə çıxarılıb. Xüsusilə Türkiyə ilə sərhədlərin açılması ehtimalı fonunda bu istiqamətdə Ermənistanın öz sərhəd təhlükəsizliyini təmin etməsi ilə bağlı açıqlamalar verilib. Bu fikirlər əsasən Paşinyana yaxın və onu dəstəkləyən çevrələr tərəfindən səsləndirilib. Ancaq hesab edirəm ki, Rusiya Gümrüdəki hərbi bazasını asanlıqla tərk etməyəcək. Hətta Ermənistan belə bir tələb irəli sürsə də, Rusiyanın bazanı oradan çıxarması real görünmür. Əksinə, son iki il ərzində Gümrüdəki hərbi bazaya yeni və müasir silahların daşınması, hərbi heyətin komplektləşdirilməsi istiqamətində addımlar atılıb. Bu da onu göstərir ki, Rusiya Gümrüdən və ümumilikdə Cənubi Qafqazdan hərbi mövcudluğunu geri çəkmək niyyətində deyil. Rusiyanın Cənubi Qafqazdan tamamilə çıxarılması məsələsi olduqca çətin görünür. Çünki Rusiya Gümrüdəki hərbi bazasını bağladığı təqdirdə regiondakı mühüm təsir və nəzarət imkanlarından birini itirmiş olacaq. Əsas məsələ də məhz budur. Buna görə də düşünürəm ki, Rusiya öz hərbi bazasını Gümrüdən çıxarmayacaq".


