Noyabr ayında Azərbaycanda havanın orta aylıq temperaturunun əsasən iqlim normasına uyğun, bəzi bölgələrdə isə normadan bir qədər yüksək olacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə aylıq yağıntının miqdarının da normanı üstələyəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin açıqladığı məlumata görə, noyabrda atmosfer sirkulyasiyasında dəyişiklik müşahidə olunur. Bu səbəbdən ölkə ərazisində buludlu və tutqun günlərin sayı artır, soyuq hava kütlələrinin tez-tez daxil olması isə temperaturun əhəmiyyətli dərəcədə enməsinə səbəb olur.
Proqnoza əsasən, noyabr üzrə orta aylıq temperatur əksər ərazilərdə iqlim normasına yaxın olacaq. Bəzi bölgələrdə isə göstəricinin normadan azacıq yüksək olacağı bildirilir.
Bakı və Abşeronda 21 dərəcəyədək isti
Paytaxt və Abşeron yarımadasında orta aylıq temperaturun 10-13 dərəcə isti olacağı gözlənilir. Gecələr temperatur 10-15, gündüzlər isə 16-21 dərəcə arasında dəyişəcək. Aylıq yağıntının normaya uyğun, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal edilir. Bu bölgə üçün yağıntı norması 28-38 millimetrdir.
Naxçıvanda şaxtalı günlər olacaq
Naxçıvan şəhəri və muxtar respublikanın Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında orta aylıq temperaturun 7-9 dərəcə isti olacağı proqnozlaşdırılır. Gecələr 5-10 dərəcə isti, bəzi günlərdə isə 0-5 dərəcə şaxta qeydə alına bilər. Gündüzlər temperatur 14-19 dərəcə isti olacaq. Yağıntının miqdarı əsasən normaya yaxın, bəzi yerlərdə isə normadan bir qədər artıq gözlənilir. Norma 18-28 millimetr təşkil edir.
Dağlıq ərazilərdə temperatur aşağı düşəcək
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 5-9 dərəcə isti olacağı bildirilir. Gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər isə əsasən 10-15 dərəcə isti gözlənilir. Ayrı-ayrı günlərdə gündüz temperaturu 1-5 dərəcəyə qədər enə bilər. Aylıq yağıntının 27-34 millimetrlik iqlim normasına uyğun olacağı ehtimal edilir.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında orta aylıq temperatur 6-9 dərəcə isti proqnozlaşdırılır. Gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə şaxta, gündüzlər isə 11-16 dərəcə isti olacaq. Bəzi günlərdə temperaturun 2-5 dərəcəyə enəcəyi gözlənilir. Yağıntının miqdarı 34-35 millimetrlik normaya yaxın olacaq.
Gəncə və ətraf rayonlarda 20 dərəcəyədək isti
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər və Füzulidə havanın orta aylıq temperaturunun 8-11 dərəcə isti olacağı gözlənilir. Bu göstərici iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksəkdir. Gecələr 7-12, gündüzlər 15-20 dərəcə isti proqnozlaşdırılır. Aylıq yağıntı əsasən normaya uyğun, bəzi ərazilərdə isə normadan çox olacaq. Yağıntı norması 15-24 millimetrdir.
Şimal və şimal-qərb bölgələrində şaxta ehtimalı var
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında orta aylıq temperatur 6-9 dərəcə isti gözlənilir.
Aran ərazilərində gecələr 4-9, gündüzlər 15-20 dərəcə isti olacaq. Bəzi günlərdə gündüz temperaturunun 8-13 dərəcəyədək enəcəyi ehtimal olunur. Dağlıq ərazilərdə gecələr 1-5 dərəcə isti, ayrı-ayrı günlərdə 5-10 dərəcə şaxta, gündüzlər isə 5-10 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta proqnozlaşdırılır.
Bu bölgələrdə aylıq yağıntının normaya yaxın, bəzi ərazilərdə isə normadan artıq olacağı gözlənilir. İqlim norması 29-73 millimetrdir.
Aran rayonlarında temperatur 24 dərəcəyədək yüksələcək
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada orta aylıq temperaturun 10-12 dərəcə isti olacağı bildirilir. Gecələr temperatur 9-14, gündüzlər 16-21 dərəcə isti təşkil edəcək. Bəzi günlərdə havanın 24 dərəcəyədək isinməsi mümkündür.
Aylıq yağıntının miqdarının 25-45 millimetrlik normaya yaxın, ayrı-ayrı ərazilərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır.
Cənub bölgəsində yağıntı daha çox olacaq
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabad rayonlarında orta aylıq temperaturun 7-12 dərəcə isti olacağı gözlənilir. Bu göstərici iqlim norması daxilindədir.
Gecələr temperatur 9-14, gündüzlər 15-20 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 1-4 dərəcə şaxta, gündüzlər isə 6-11 dərəcə isti gözlənilir.
Cənub bölgəsində aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan artıq olacağı ehtimal edilir. Bu ərazilər üzrə yağıntı norması 55-170 millimetrdir.


